Malıbəyli və Quşçular qətliamı: Şahidlər danışır

ermənilərin XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərdən biri Malıbəyli və Quşçular faciəsidir. 1992-ci il fevralın 11-də Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, çoxlu sayda dinc azərbaycanlı qətlə yetirilib.

<Malıbəyli və Quşçular qətliamı: Şahidlər danışır

AZƏRTAC-ın bölgə müxbiri Malıbəyli və Quşçular kəndlərində olub, 32 il əvvəl baş verən hadisələri kənd sakinlərinin dilindən bir daha yada salıb.

Avtomobilimiz Ağdamın Qaraağacı qəbiristanlığının yanından keçib Xocalı rayonu ərazisinə daxil olur. Bizimlə birlikdə gedən Malıbəyli və Quşçular kəndlərinin sakinləri – Sahib Musayev, Zakir Quliyev və Allahverdi Balakişiyev çox həyəcanlıdırlar. Çünki 32 ildir ayrı düşdükləri, ötən müddətdə hər gün xəyal etdikləri, yuxularında gəlib gəzdikləri doğma yurda qədəm qoyurdular. Onlar, eyni zamanda, kəndlərinin işğalını, ermənilərin törətdikləri vəhşilikləri xatırlayır, yolboyu həm xoş, həm də kədərli xatirələrdən bəhs edirlər.

Əsgəran qəsəbəsini, Xocalını keçirik. Avtomobilimiz Malıbəyli körpüsündən sola dönür. Kənd sakinləri avtomobilin pəncərəsindən doğma yerləri seyr edir, gördüklərini dilə gətirirlər: “Burada bulaq, onun yanında “Üçbulaq” restoranı vardı. Qabaqda qaz idarəsi, sağ tərəfdə alma bağı vardı. Buraya “Yarma” deyirdik. Baxın, bizim ev orda idi. Bura “hamam dərəsi” deyirdilər, armud, tut ağacları vardı. Kənd necə dəyişilib, sanki kəndin yuxarısındakı qayalar qabağa gəlib...”

Elə vəziyyət yaranmışdı ki, ölənlərin cəsədini basdırmaq belə mümkün deyildi

Malıbəyli kəndinin mərkəzinə çatırıq. Kənd sakini Allahverdi Balakişiyev illər keçməsinə baxmayaraq, həmin dəhşətli, çətin günlərin heç zaman unudulmayacağını deyir: “1988-ci ildə başlayan Qarabağ hadisələri 1992-ci ilin fevralında daha da şiddətləndi. Kəndimiz üç tərəfdən hər gün atəşə tutulurdu. Kəndin respublika ilə əlaqəsi tamamilə kəsilmişdi. Mühasirə şəraitində idik. Malıbəyli və Quşçular kəndlərinin əhalisi birləşib müdafiə olunmağa çalışırdı. Düşmən silah-sursat, canlı qüvvə baxımından qat-qat güclü idi. Ona görə layiqli müqavimət göstərməkdə çətinlik çəkirdik. Ərzağımız da tükənirdi. Yanvarın 28-də Ağdamdan Şuşaya uçan vertolyot Xəlfəli kəndinin üzərində Xankəndi istiqamətindən ermənilərin raket atəşi ilə partladıldı. Biz özümüzü müdafiə etmək üçün Azərbaycanın ovaxtkı rəhbərliyinə kömək üçün daim müraciət edirdik, amma heç bir faydası yox idi. ermənilər biləndə ki, bizim sursatımız tükənir, təzyiqləri daha da gücləndirirdilər. Fevralın 8-9-da düşmənin hücumları daha da kəskinləşdi. Kənd sakinləri ilə qərara gəldik ki, Xocalıya gedək. Xocalı ilə əlaqə saxladıq. Bizim danışığımızı ermənilər də eşidirdi. Kənd sakinlərini pusquya salıb böyük qətliam törədə bilərdilər. Ona görə fevralın 10-da biz Xocalı istiqamətinə deyil, kəndin cənub-şərqindən Quşçulara getməli olduq. Əvvəlcə qocalar, uşaqlar, qız-gəlinləri gizli yollarla Quşçular kəndinə apardıq. ermənilər həm Xankəndi tərəfdən, həm Dağdağan, həm də Çaqqala deyilən istiqamətlərdən güclü hücuma keçmişdilər. Elə bir vəziyyət yaranmışdı ki, ölənlərin cəsədini basdırmaq belə mümkün deyildi. Fevralın 10-da öldürülən Nazimin və Haqverdinin cəsədləri vurulduğu yerdə qaldı. İki nəfəri – Faiqlə Aydını isə Quşçularda dəfn etdik”.

Kənd sakinləri ilə birlikdə Nazim və Haqverdinin qətlə yetirildiyi yerə yollanırıq. Yolboyu yaşı yüzlərlə olan çinarın yandırıldığını, qədim hamamın dağıdıldığını görürük. Bu isə onu göstərir ki, ermənilər Malıbəyli və Quşçular kəndlərini işğal edən zaman yalnız dinc sakinlərə, evlərə, sosial obyektlərə deyil, tarixi abidələrə, təbiətə qarşı da vandalizm həyata keçiriblər.

 

Nəhayət, yüksəklikdə Azərbaycan bayraqlarının, ermənilər tərəfindən qətlə yetirilmiş kənd sakinləri Faiq və Aydının şəkilləri vurulmuş əraziyə çatırıq. Kənd sakini Zakir Quliyev deyir: “Fevralın 10-da dayandığımız bu yerdə bizim iki şəhidimiz oldu. Onların cəsədləri burada qalmışdı. Götürməyə və ya dəfn etməyə imkan yox idi. Sonra necə oldu bilmədik. Kənd işğaldan azad olunduqdan sonra sakinlər həmin yerə şəhidlərin şəkillərini və bayraqları vurublar”.

O gün təbiət də sanki şəhidlərin, kəndin dəfn olunması üçün ağ kəfənə bürünmüşdü

Daha sonra 1992-ci il fevralın 10-da Malıbəyli sakinlərinin sağ qalmaq üçün qayalıq, dərə-təpə, kol-koslu gizli yollarla Quşçular istiqamətində getdikləri və şəhid olan kənd sakinlərinin dəfn edildiyi ərazidə olduq. Quşçular kənd sakini Sahib Musayev deyir ki, həmin şaxtalı gecədə bu ərazilərdə 30-40 santimetr qar var idi. O cür hava şəraitində, çətin relyeflə kənd sakinlərinin, xüsusən də yaşlıların, uşaqların, qadınların getməsi olduqca çətin idi.

“ermənilər növbəli döyüş aparırdılar. Canlı qüvvə baxımdan sayları qat-qat çox idi. Onların məqsədi Malıbəyli və Quşçular kəndləri arasında olan “səngər” və “Teymurun yalı” deyilən yerləri ələ keçirib iki kəndi bir-birindən təcrid eləmək və qətliam törətmək idi. Biz düşmənin niyyətini dərk edir, həmin ərazini müdafiə edirdik. Düşmən bir neçə istiqamətdən hücuma keçir, Harov kəndi tərəfdən ağır texnikadan kəndi intensiv atəşə tuturdu. Belə bir vəziyyətdə fevralın 10-da gecə Malıbəyli camaatı Quşçulara çıxmağa başladı. Malıbəyli camaatı qarlı gecədə daşlı-qayalı, dərəli-təpəli gizli yollarla çox çətinliklərlə Quşçulara gəldilər. Artıq fevralın 11-də Malıbəylidə döyüşənlərdən başqa heç kim qalmamışdı. Səhər saat 8-də biz malıbəylilərə köməyə qalxdıq. Bir müddət döyüşdükdən sonra kəndin müdafiəçiləri mənə dedilər ki, artıq qüvvəmiz tükənir, camaatı çıxarmaq lazımdır. Gəldim kəndə, qərara gəldik ki, çətin, amma sağ-salamat gedilməsi mümkün olan istiqamətdə hərəkət etməliyik. Biz atəş altında dağ-dərə, qarlı yollarla Ağdamın Abdal-Gülablı kəndləri istiqamətinə getdik. Fevralın 11-də axşam Abdal-Gülablıya çatdıq. Biz kəndimizi tərk edəndə üç nəfər qoca sakin - Zeynalova Nübar, Əhmədov Mövsüm və Zeynalova Səriyə kənddə qaldı. Nübar nənənin oğlu Niyaz kişi əsir götürülmüşdü. Onun dediklərinə görə, bu üç qocanı ermənilər yandıraraq öldürüblər. Təkcə öldürülən kənd sakinlərimiz şəhid deyil. Bizim kəndimiz də şəhiddir. O gün təbiət də sanki şəhidlərin, kəndin dəfn olunması üçün ağ kəfənə bürünmüşdü. Bu gün isə bir kəndimizə gələrkən havanın günəşli olduğunu görürük. Bu günə şükürlər olsun ki, 32 ildən sonra biz öz yurdumuza ayaq basırıq, qəbiristanlığımızı ziyarət edirik”.

Malıbəyli sakinləri əzab-əziyyətlə tərk etdikləri doğma yurdlarına toy-büsatla geri dönəcəklər

Fevral ayı olmasına baxmayaraq doğma diyarımızın işğaldan azad edilmiş bu dilbər guşəsində bahar nəfəsi hiss olunur. Baş qaldıran dağ çiçəkləri şəhid qanı ilə suvarılmış Vətən torpağını bəzəməyə çalışır. Tezliklə Qarabağımızın bütün guşələri kimi Malıbəyli və Quşçular kəndləri də yaz libasına bürünəcək.

Bu gün işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Malıbəyli kəndində də bərpa-quruculuq işlərinə başlanılıb. Çox keçməyəcək kənd sakinləri 32 il əvvəl əzab-əziyyətlə tərk etdikləri doğma yurdlarına toy-büsatla geri dönəcəklər.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra bu ərazilər separatçılardan təmizlənib. 2023-cü ilin dekabrın 5-də Malıbəyli və Quşçular kənd inzibati ərazi dairələri Şuşa rayonunun tabeliyindən Xocalı rayonunun tabeliyinə verilib.