Laçında onlarla abidə erməniləşdirilməyə məruz qalıb

Qırx dörd günlük müharibə erməni işğalından azad olunandan sonra bərpa-quruculuq dövrünə qədəm qoyan Laçın rayonunun bu gün hər kəs ecazkar gözəlliyindən danışır.

<Laçında onlarla abidə erməniləşdirilməyə məruz qalıb

Lakin son 30 ildə Laçın ərazilərinin tarixinin və mədəniyyətinin sərhəd tanımayan erməni vandalizmi nəticəsində dağıdılmasından və mənimsənilmə cəhdlərindən çox az adamın xəbəri var. Laçın şəhərini “Berdzor”, yəni, “qala dərəsi” adlandıran ermənilər bu ərazinin “qədim” erməni torpaqları olması barədə heç bir dəlili olmayan əsassız iddialarla çıxışlar edir, onlara yad olan Alban mədəniyyətini mənimsəməyə çalışırdılar. Təqribən minillik tarixi olan Alban dövlətinin mövcudluğu dövründə Şimali Azərbaycanın bütün bölgələrində, eləcə də Laçın rayonunda xristianlıq dövrünə qədər bazilikalar, sovmələr, digər tikili və qurğular, xristianlıq dövründə isə alban-xristian dininə aid məbədlər, kilsələr və monastırlar meydana gəlməyə başlamışdı. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubunun, yəni, divar yazılarının, ornamental oymaların, bədii memarlıq elementlərinin, xaç simvollarının ermənilərə heç bir aidiyyətinin olmadığını sübut edir. Bunu Alban tarixini öyrənən müxtəlif xarici ölkələrin tarixçiləri də təsdiqləyirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix və Etimologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, Laçın rayonu ərazisində Qafqaz albanları dövrünə aid onlarca memarlıq abidəsinin böyük əksəriyyəti dağıdılsa da, bəziləri indiyə qədər qalmaqdadır. Coğrafi baxımdan çətin dağ şəraitində alban memarlığının bu cür hərtərəfli inkişafı onu deməyə əsas verir ki, burada həmin məbədlərin tikintisində və onların qorunub saxlanmasında din xadimləri ilə yanaşı, yerli əhali də yaxından iştirak edib. Laçın ərazisində xristianlıq dövrü memarlıq sənətinin meydana gəlməsində və inkişafında bölgənin yeganə işçi qüvvəsi sayılan yerli türk əhalinin xüsusi xidmətləri olub. Tarixçilər göstərirlər ki, türk tayfalarının Alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının inkişafında danılmaz rolu var. Bunu bina və qurğuların, hətta xaç rəmzləri üzərindəki çoxsaylı oğuz-türk elementlərinin mövcudluğu sübut edir. Məhz bu səbəbdən ermənilər işğal dövründə bu abidələrin üzərindəki yazıların, bədii daş nümunələrinin silinməsini, xaç simvollarının, bina və qurğuların xarici görünüşünün dəyişdirilməsini, bunu bacarmadıqda isə uçurub məhv edilməsini həyata keçiriblər.

Qeyd olunub ki, Alban dövlətinin əsasını yerli türk tayfaları təşkil edib. Məhz bu səbəbdən Azərbaycanda Alban dövrü mədəniyyətinin də meydana gəlməsində və inkişafında türk tayfalarının önəmli rolu olub. Azərbaycanda müxtəlif dövrlərdə dövlət quruluşlarının dəyişməsi yerli mədəniyyətinə, eyni zamanda, bölgələrdə tikilməkdə olan memarlıq abidələrinin forma və quruluşlarına da təsir göstərib. Bu da bölgədə abidələrin müxtəlifliyinə səbəb olub. Bu baxımdan Laçın ərazilərindəki Qafqaz Albaniyası dövrü abidələri xüsusi maraq doğurur. Bu cür abidələrə rayonun əsasən Şəlvə, Qorçu, Piçənis, Ərikli, Aşağı Fərəcan, Hoçaz, Əhmədli, Mirik, Sadınlar, Qarakeşdi, Qatos və digər kəndlərində rast gəlinir.

F.İsmayılov diqqətə çatdırıb ki, Laçın rayonu ərazisində Alban memarlığının ən kütləvi forması olan sovmələr daha geniş yayılıb. Sovmələr karvan yolları kənarında insanların təbiət təsirlərindən (qar, çovğun, külək və s.) qorunması üçün istifadə olunsa da, onlar, əslində, memorial tikililərdir. Bu abidələrin siyahısına “Sadınlar dərəsi” və “Mirik dərəsi” deyilən ərazilərdəki sovmələri, eyni zamanda, Quşçu kəndi yaxınlığında “Dəmiovlu pir” adlanan sovməni misal göstərmək olar. Alban dövrünün ən mürəkkəb tikililəri isə bazilikalar və monastırlar hesab olunur. Monastır tipli abidələrə Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədini aid etmək olar. Bir çox tədqiqatçılar hesab edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız Alban dövrü memarlıq abidələrinə məxsusdur. Çünki Alban dövrü memarlıq abidələrinin daş və divarları üzərindəki elementləri yalnız Alban dövrü abidələrinin özünəməxsus xüsusiyyətləri kimi dəyərləndirilir.

“Nəinki Laçın ərazisində, eləcə də Azərbaycanın işğal altında qalmış bütün digər ərazilərindəki Alban dövrü abidələri üzərindəki ornamentləri, elementləri və digər yazı nümunələrini bu bölgədə yaşayan erməni millətindən olanlar mənimsəməyə, yəni, erməniləşdirməyə çalışırlar. Bu da Alban dövrü abidələrinin ilkin görkəminin kütləvi şəkildə itirilməsinə və Alban mədəniyyətinin tədricən məhv edilməsinə səbəb olur. Cənubi Qafqazın bütün bölgələrində, xüsusilə də ermənilər tərəfindən 30 il işğal altında saxlanılan Azərbaycan torpaqlarında, o cümlədən Laçın rayonu ərazilərində alban dövrü abidələrinin erməniləşdirilməsini çox sürətlə həyata keçirirdilər. Ermənilər Alban dövrü memarlıq abidələrinin üzərindəki bəzəklərin, müxtəlif növ süjetlərin ornamental quruluşlarında forma və məzmun dəyişiklikləri edərək, onları erməni mədəniyyətinin memarlıq nümunələri kimi dünyaya çıxarmağa çalışıblar.

Bu yolla da onlar nəinki Laçın rayonunda, ümumiyyətlə, bütün bölgədə qədim Alban memarlığının nümunələrini erməniləşdirərək Alban mədəniyyətinə böyük ziyan vurublar”, - deyən tarixçi diqqətə çatdırıb ki, Qafqazda köklü tarixləri olmayan ermənilər burada süni şəkildə öz “tarixlərinin izləri”ni yaratmağa və dünyanı Cənubi Qafqazda tarixən var olmuş erməni dövlətinin mövcudluğuna inandırmağa cəhd göstəriblər. Ermənilər məqsədli şəkildə Alban abidələrini mənimsəmək, Alban memarlığının milli mənsubiyyətini dəyişmək yolunu tutublar və bu istiqamətdə “yorulmadan” “mübarizə” aparırlar. Burada ermənilər Alban dövrü abidələri üzərindəki xristian dininin rəmzlərini, eləcə də daş və divar rəsm nümunələrini əsas götürərək bunları qriqoryan dininə məxsus elementlər kimi təqdim edirlər. Bu da öz növbəsində tarixin saxtalaşdırılmasına gətirib çıxarır. Azərbaycanın xristianlıq dövrü abidələrinin ermənilər tərəfindən mənimsənilməsi faktlarını gürcü tarixçisi A. Çavçavadze “Ermənilər və qan ağlayan daşlar” əsərində dolğun şəkildə əks etdirib. O yazırdı: “... Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları Azərbaycan torpaqlarını “Hay ölkəsi” adlandırırlar”. Lakin tədqiqatlar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə (qriqoryanlıq), nə də erməni mədəniyyətinə və mənşəyinə uyğun gəlir.

Qeyd edilib ki, işğal dövründə erməni vandalizminə uğrayan və ümumi görünüşü dəyişdirilən abidələrdən biri Hoçaz kəndindəki birnefli bazilikadır. Hoçaz kəndi Laçın rayonunun ən qədim yaşayış mərkəzlərindən biridir. Bu ərazi tarixi baxımdan hələ tam öyrənilmədiyindən oranın tarixi barədə tam və qəti fikir söyləmək mümkün deyil. 2016-cı ildə Hoçaz kəndinin mərkəzində yerləşən tarixi əhəmiyyətli bu birnefli bazilikanın forması ermənilər tərəfindən dəyişdirilib. Kəndin mərkəzində yerləşən, inşa tarixi XII-XIII əsr hesab edilən Qafqaz Albaniyası dövrünə aid ikinefli məbədin uzunluğu 13,4 metr, eni 8,15 metr, divarlarının qalınlığı isə 105-110 santimetrdir. Abidənin cənub fasadının üzərindəki yazılı daş 1995-ci ildə ermənilər tərəfindən yararsız hala salınıb. Sovet dövründə abidədən çörək sexi kimi istifadə edilib. Abidə 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən təmir olunub və əzəli görkəmindən məhrum edilib. Belə ki, binanın çardağı hündürləşdirilib, üzəri metal təbəqə ilə örtülüb.