Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin yanvarı.....

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla AZƏRTAC təqdim edir.

<Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin yanvarı.....

1993-cü ilin iyununda Azərbaycanda yaranmış siyasi böhran müstəqil dövlətimizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Xalqımız özünün taleyüklü anlarında Ulu Öndəri köməyə çağırdı. Vətənin və xalqın ağır vəziyyətinə biganə qala bilməyən Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Müdrik qərarları, qətiyyətli addımları ilə ölkəmizi dərin böhrandan və vətəndaş qarşıdurmasından xilas etdi.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi yazıldı və o vaxtdan ölkəmizin həyatında yeni səhifə açıldı.

 

X X X

2 yanvar. Prezident Heydər Əliyev hərbi hissələri özbaşına tərk etmiş və ya çağırışdan yayınmış gənclərin bir qrupu, onların valideynləri və yaxın qohumları ilə görüşdü.

4-5 yanvar. Ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirə keçirdi. Cəbhə bölgələrinə səfər etdi.

6 yanvar. Cənubi Qafqazdakı Rusiya Qoşunları Qrupunun komandanı general-polkovnik Fyodor Reutu qəbul etdi.

9 yanvar. Xaricdə yaşayan soydaşlarımızın bir qrupu ilə görüşdü.

11 yanvar. Latviya Respublikasının nümayəndə heyətini qəbul etdi.

12 yanvar. 20 Yanvar faciəsinin dördüncü ildönümü ilə bağlı Dövlət Komissiyasının iclasını keçirdi.

13 yanvar. Cəbhəyə yola düşən zabitlərin bir qrupu ilə görüşdü.

15 yanvar. İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsini qəbul etdi.

17 yanvar. BMT-nin Azərbaycandakı daimi nümayəndəsi Mahmud əl-Səidi qəbul etdi.

18 yanvar. Milli Məclisin 20 Yanvar hadisələrinə həsr olunmuş iclasında çıxış etdi.

19 yanvar. 20 Yanvar faciəsinin 4-cü ildönümü münasibətilə xalqa müraciət etdi.

20 Yanvar hadisələri zamanı şəhid olanların ailə üzvləri və həmin günlərdə yaralanıb əlil olanların bir qrupu ilə görüşdü.

20 yanvar. Şəhidlər xiyabanını ziyarət etdi.

21 yanvar. Milli Məclisin 20 Yanvar hadisələrinə həsr olunmuş iclasında iştirak etdi.

26 yanvar. Ankaranın Hacettepe Universitetinin fəxri doktoru adına layiq görüldü.

27 yanvar. Türkiyə-Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələrini qəbul etdi.

28 yanvar. Milli Məclisin 20 Yanvar hadisələrinə həsr olunmuş iclasında iştirak etdi.

30 yanvar. ABŞ-ın “AMOKO” neft şirkətinin nümayəndələri ilə görüşdü.

X X X

Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə qayıdan dövrdə ölkədəki əsas problemlərdən biri ordu ilə bağlı idi. Hələ də nizami ordu yaradılmamışdı. Eyni zamanda, ölkə daxilində qeyri-sabit vəziyyət, torpaqların işğal olunması, insanlardakı pessimist əhvali-ruhiyyə ordu sıralarına çağırışa mənfi təsir göstərirdi. Odur ki, Ulu Öndər prezident seçildiyi ilk gündən ordu quruculuğuna xüsusi önəm verir, bu istiqamətdə təsirli tədbirlər görürdü. Nəticədə bu sahədəki nöqsanlar aradan qaldırılır, insanların orduda xidmətə münasibəti müsbət mənada dəyişir, inamsızlıq tədricən aradan qalxırdı.

1994-cü il yanvarın 2-də hərbi hissələri özbaşına tərk etmiş və ya çağırışdan yayınmış gənclərin bir qrupu, onların valideynləri ilə görüşən Heydər Əliyev onların fikirlərini dinlədi, fərariləri bağışladığını bildirdi: “Mən bu çıxışları salona toplaşanların hamısının ürəkdən gələn sözləri kimi qəbul edirəm və elan edirəm: hərbi hissələrini tərk etmiş, fərarilik etmiş, orduya qayıtmaq üçün hərbi prokurorluqda qeydiyyatdan keçmiş Azərbaycan oğullarının hamısını Azərbaycan Prezidenti kimi bağışlayıram və onları cəza çəkməkdən azad edirəm. Burada verdiyiniz vədlərə inanıram. Əminəm ki, siz artıq öz vətəndaşlıq məsuliyyətinizi dərk etmisiniz və bundan sonra bu vətəndaşlıq borcunuzu, vəzifənizi axıra qədər ləyaqətlə yerinə yetirəcəksiniz”.

Heydər Əliyevin cəbhə boyunca yerləşən hərbi hissələrə getməsi, hərbçilərlə səngərlərdə görüşlər keçirməsi orduda ruh yüksəkliyi yaratdı. Eyni zamanda, hakimiyyətinin ilk altı ayında ordu quruculuğu məsələləri ilə əlaqədar bir neçə müşavirə keçirdi. Yanvarın 13-də cəbhəyə yola düşən zabitlərin bir qrupu ilə görüşən Ulu Öndər çıxışında hərbi xidmətin qanunlarına da diqqət çəkdi: “Hərbi qulluqçu, hərbi xidmətdə olan adam Vətən, komandanlıq harada lazım bilsə, orada da xidmət etməlidir. Bu, hərbi qulluqçulara, o cümlədən sizə yaxşı məlumdur. Ona görə də bu gün alacağınız əmrlər sözsüz yerinə yetirilməlidir və güman edirəm ki, siz cəbhə bölgələrinə gedib hərbi hissələrdə öz xidmətinizi davam etdirərək Azərbaycan Respublikasının müdafiə qüdrətini daha da möhkəmləndirəcək, həm torpaqlarımızın müdafiəsinə, həm də işğal olunmuş ərazilərimizin geri qaytarılmasına töhfənizi verəcəksiniz. Bu şərəfli işdə hamınıza uğurlar arzulayıram”.

Həm Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən, həm də müstəqil Azərbaycan Respublikasına rəhbərlik edərkən Ulu Öndərimizi ən çox düşündürən məsələlərdən biri 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi idi. Bu məqsədlə 1994-cü il yanvarın 5-də “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Fərman imzaladı. Fərmana əsasən, müvafiq tədbirlərin hazırlanması və keçirilməsi üçün Dövlət Komissiyası yaradıldı. Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi üçünə xüsusi sessiya keçirmək tövsiyə olundu. Yanvarın 12-də Prezident Heydər Əliyevin sədrliyi ilə Dövlət Komissiyasının geniş iclası keçirildi. İclasda çıxış edən dahi rəhbər hadisə ilə bağlı vaxtilə yaradılmış deputat-istintaq komissiyasının fəaliyyətindəki nöqsanlardan danışdı.

Sitat: Ötən dörd il müddətində Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməyib. Bilirsiniz ki, mən bu dörd il ərzində burada olmamışam. İndi bu məsələ haqqında fərman hazırlanarkən xahiş etdim ki, Yanvar faciəsi ilə bağlı hansı qərarlar qəbul olunubsa, bu haqda nə kimi işlər görülübsə həmin sənədləri mənə təqdim etsinlər.

Mənə Milli Şuranın (indi ona Milli Məclis deyirik) 1992-ci il 19 yanvar tarixli qərarı təqdim edildi. Bu, həmin faciədən iki il sonra qəbul olunmuş qərardır. Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə indiyə qədər siyasi qiymət verilməyib.

Heydər Əliyev 20 Yanvar şəhidlərinin ailə üzvləri və həmin hadisələr nəticəsində əlil olanların bir qrupu ilə görüşündə xalqımızın iradəsini yüksək qiymətləndirməklə yanaşı, qırğından əvvəlki günlərdə cərəyan edən hadisələrə də diqqət çəkdi, bu faciənin əsl mahiyyətini açıb göstərdi: “O Qanlı yanvar günü xalqımız öz əziz vətəndaşlarını itirsə də, öz namusunu, şərəfini qoruya bilmişdir. Xalqımız sübut etmişdir ki, onun iradəsini qırmaq olmaz. Azadlıq, müstəqillik uğrunda mübarizə davam edib və indi artıq Azərbaycan Respublikası müstəqil dövlətdir, öz azadlığına, suverenliyinə nail olmuşdur...

Necə ola bilər ki, bu faciənin nə təhər baş verməsi indiyədək məlum deyildir? Burada çıxış edən şəhid atası bir məsələni yadıma saldı. Bəli, o zaman araşdırma vaxtı məlum idi ki, yanvarın 16-17-də xəstəxanalarda yerlər hazırlanırdı. Bəli, geniş palatalar hazırlanmışdı, cərrahlara xəbərdarlıq edilmişdi. Çünki bu təcavüz təşkil olunmuşdu və bunu təkcə Qorbaçov, yaxud Moskvada Sovet hökumətinin, Kommunist Partiyasının digər rəhbərləri təşkil etməmişdi. Bunu birinci növbədə Azərbaycan Respublikasının ovaxtkı Kommunist Partiyasının rəhbərləri öz xalqını boğmaq, əzmək, tapdalamaq üçün, xalqın azadlıq hərəkatını yatırtmaq üçün, xalqın mənliyini təhqir etmək üçün təşkil etmişdilər”.

Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycanda milli birlik və həmrəylik yaranması ilə əlamətdar oldu. Bu, müstəqil Azərbaycanın mövcudluğu üçün ən mühüm amillərdən biri idi. Heydər Əliyev, həmçinin dünyada yaşayan azərbaycanlıların bir araya gəlməsini çox arzulayırdı. Deyirdi ki, hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Dahi rəhbər 1994-cü il yanvarın 9-da xaricdə yaşayan soydaşlarımızın bir qrupu ilə görüşdü. Onun bu görüşdəki çıxışı dünya azərbaycanlılarının tarixi Vətənə - Azərbaycana bağlı olması üçün çağırış idi:

Sitat: Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi Vətəni vardır...

Azərbaycanlının Azərbaycandan başqa Vətəni yoxdur. Almaniyada yaşaya bilərsiniz, həm də çox firavan yaşaya bilərsiniz, Fransada, Amerikada da yaşaya bilərsiniz, varınız da, dövlətiniz də olar. Amma o ölkələr sizin Vətəniniz ola bilməz. Bunu təkcə azərbaycanlıya aid etmək olmaz. Hər bir millətin, hər bir insanın ana torpağı onun Vətənidir. Azərbaycanlıların da Vətəni Azərbaycandır...

Beləliklə, Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə qayıdışından sonra atdığı hər bir addım, irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi hər bir qərar Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və əbədi olmasına, ərazi bütövlüyünün təmin olunmasına xidmət edirdi.