20 YANVAR FACİƏSİNDƏN 32 İL KEÇİR.....

  Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 32 il keçir.

20 YANVAR FACİƏSİNDƏN 32 İL KEÇİR.....
EĞİTİMCİ FƏRƏC AĞAYEV

20 YANVAR FACİƏSİNDƏN 32 İL KEÇİR.....

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.

 

Dinc əhaliyə qarşı ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətliyam törədilib.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə dinc əhalinin qətlə yetirilməsi hadisəsi baş verib.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə  vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb.

Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə  yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

 

Sovet rəhbərliyinin əvvəlcədən hazırladığı bu qətliam, Azərbaycanda xalqın milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqa mənəvi zərbə vurmaq məqsədi daşıyırdı.

Beləliklə, sovet qoşunların Azərbaycana qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

Həlak olanların arasında qadınlar və uşaqlar da var idi.

Hətda yaralılara köməyə gələn təcili tibbi yardım işçiləridə qətlə yetirilmişdi.

 

 

Sovet ordusu paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfəri qanunsuz həbs etmişdi. Onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara  göndərilmişdi.

Sovet hərbi qulluqçuları tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

 

1990-cı il 20-yanvar qurbanları Xalq tərəfindən simvolik olaraq “20 Yanvar şəhidləri” adlanır.

Ümumilikdə Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.

 

Faciədən dərhal sonra  1990-cı il yanvarın 21-də Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.

 

Yanvar faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib.

Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib.

Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib.

 

1994-cü il martın 29-da Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "20 Yanvar faciəsinə" Ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

 

O vaxtdan 20 yanvar günü Azərbaycanda hər il Ümumxalq hüzn günü kimi qeyd olunur.

 

Allah c.c. bütün şəhidlərimizə rəhmət etsin.