Qureyş qəbiləsi və onun mənşəyi -II-

2. Mənbələrin verdiyi məlumatlardan məlum olur ki, Qüreyşdəki bu iki sülalə daxilində endoqamiya geniş yayılmışdır. Lakin, onlar arasında ekzoqamik nikahlar da az deyildir. Bu ekzoqamik nikahlar iki sülaləni bir qəbilə şəklində birləşməsinə şərait yaradırdı. Lakin, endoqamiyanın geniş yayılması sosial əlaqələrin zəif olduğunu göstərir. 

Qureyş qəbiləsi və onun mənşəyi -II-


Qureyş qəbiləsi və onun mənşəyi -II-

 

  

     3. Təhlükəsizlik baxımından Qüreyş qəbiləsi həm cənubdakı Yəmən ərazisindən, həm də şimaldakı Romadan təcavüz təhlükəsi ilə yaşayırdı. Bundan əlavə, qonşu qəbilələrin və bədəvilərin həmlələrindən qorunmaq lazım idi. Çünki Məkkənin və onun içindəki mühüm əhəmiyyətli Kəbə evinin qorunması hamının maraqlarına cavab verirdi. Kəbə evinin böyük gəlir mənbəyi kimi dəyərləndirən Üməyyəoğullarından fərqli olaraq, Haşimoğulları ona daha çox Hz. İbrahimin (əs) dininin məbədi kimi baxırdı. Bu məqsədlər, qüreyşliləri bir araya gətirirdi.

    4. Haşimoğulları və Üməyyəoğulları sülalələri Hz. İbrahimin dinində bir araya gəlsələr də, bu məsələdə bir-birindən çox fərqlənirdilər. Onların hər ikisi Allahın (c.c) varlığına inanır, namaz qılır, oruc tutur, həcc ziyarəti edirdilər. Lakin, Haşimoğullarından fərqli olaraq, Üməyyəoğulları Hz. İbrahimin (əs) dinini (hənif) təhrif etmiş və onu bütpərəstliyə çevirmişdilər. Hz. Muhəmmədin (səs) babasının və ulu babalarının hənif dinində olmalarını təsdiq edən mənbələr kifayət qədərdir. Bu baxımdan, Haşimoğulları və Üməyyəoğulları arasında mənəvi birliyin olmadığını söyləmək olar. Bu isə, onlar arasında sosial-mədəni intqrasiyanın da zəif olduğunu göstərir. 

   Üstəlik, Haşimoğulları və Üməyyəoğulları sülalələrinin ulu əcdadlarının daima rəqabət və münaqişə zəminində olduğunu nəzərə alsaq, onların bir-biri ilə zəif inteqrasiya olunduqlarını deyə bilərik. Bu isə o deməkdir ki, Haşimoğulları və Üməyyəoğulları bir qəbilədə birləşsələr də, onlar xarici görünüş, danışıq, kültür, inanc baxımından bir-birindən fərqlənmişlər.  

    Haşimoğulları və Üməyyəoğulları, həmçinin, onların ulu əcdadları niyə tarixi rəqabət və münaqişə halında yaşamışlar? 

    Ənsab alimləri ərəbləri iki əsas Adnanilər Kahtânilər qoluna bölürlər. Adnanilər “şimal ərəbləri”, Kahtânilər isə “cənub ərəbləri” kimi tanınırlar. Bu sülalələrdən yeni soylar və qəbilələr meydana çıxmışdır. Onlar da əksər hallarda öz ulu əcdadlarının isimləri altında tanınmışlar. Onlar arasında rəqabət və münaqişə ilk dövrlərdən başlayaraq, ərəb xilafətinin (Abbasilərin) sonunadək davam etmişdir.

  “Ərəb-i mütəarribə” və ya “Ərəb-i müstəribə” (ərəbləşmiş ərəb) kimi tanınan Adnanilərin cəddi Adnan b. Üdəd hesab olunur. İslamın bütün mənbələri onun Hz. İbrahimin oğlu Hz. İsmayılın soyundan gəldiyini birmənalı şəkildə təsdiq edirlər.

      Adnanilər mənbələrdə bəzən Məaddilər və daha çox Nizarilər adıyla tanınırlar. Onların bir çox qolları Hicazın şimalına, Şam, İraq (Kufə), Əlcazair ərazilərinə köç etmiş və orada məskunlaşmışlar. İslamdan sonra onlar Xorasan, Şimali Afrika və Əndəlüsə yerləşmişlər. Bu coğrafiyalarda olan Diyar-i Mudar, Diyar-i Rəbia onların adları ilə bağlıdır. Şəcərə və əcdadlar barədə məlumatların əksəriyyəti islamaqədərki cahiliyyə ədəbiyyatında geniş yer almışdır.  

   Hz. Muhəmmədin (səs) ulu əcdadlarının şəcərəsinin yuxarıda göstərildiyi kimi dəqiq ardıcıllıqla olması mümkün deyildir. Çünki Hz. İbrahim (əs) ilə Hz. Muhəmməd (səs) arasında təqribən 2500 illk bir tarixi sürə vardır. Buna görə də bildirilir ki, Hz. Muhəmməd (səs) öz şəcərəsinin Adnan b. Üdədə qədər doğru olduğunu təsdiq etmiş və ondan əvvəlki şəcərənin yanlış olduğunu bildirmişdir.

   Adnanın atası Üdədin Məkkəyə təcavüz edən Babil şahı Buhtunnasra (e.ə. 604-561) qarşı müqavimət göstərildiyi bildirilir. Babil şahı Buhtunnasr e.ə.586-cı ildə Qüdsə hücum edərək yəhudi məbədini dağıdır və yəhudiləri Babilə sürgün edir. Görünür, bu hücum ərəfəsində Məkkəyə də gəlmişdir. Utbə, Kəbə evinin qorunması üçün ona müqavimət göstərmişdir. 

      Adnanın atası Üdədə Hz. Muhəmmədin (səs) 21-ci nəsildən babası olduğunu nəzərə alsaq, bu tarixin həqiqətəuyğun olduğunu söyləyə bilərik. Çünki Buhtunnasr hücumu ilə Peyğəmbərin doğumu arasında təqribən min il zaman məsafəsi vardır (e.ə 586 - b.e. 570). Orta hesabla hər birinin 45-47 il sülaləyə və ya qəbiləyə başçılıq etdiyini ehtimal etsək, min il olur (1000:21=47). 

     Ənsab alimləri Kahtaniləri “ərəb-i aribə” (köçəri) və ya yəmənlilər, “cənub ərəbləri” adlandırırlar. İlk dəfə “aribi” sözünə Assur şahı II Sarqonun kitabələrində (e.ə.VIII əsr) “Şərqin Aribi ölkəsinin sərhədlərində...” təsadüf olunur. Aribi “arabu” sözünün cəm forması kimi assur dilində “köçərilər” mənasını verir. Ərəblər Şam, Yəmən ərazilərində köçəri həyat tərzi sürən və Mesopatamiya ərazilərinə qədər köç edən qəbilələr olmuşlar. Onlar Mesopatamiyada vaxtilə şumerləri assimlyasiya edən akkad, assur tayfaları ilə sami mənşədən olmuşlar.

      Bu sülalənin cəddi olan Kahtan bütün müsəlman və yəhudi mənbələrində Hz. Nuhun oğlu Samın soyundan olduğu bildirilir (Tekvîn, 10/25. İbn Hişâm, s. 5; İbn Sa‘d, I, 43; Cevâd Ali, I, 354-355). Ənsab alimləri Kahtanın Hz. İsmayılın soyuna mənsub olması barədə şəcərə uydurmuşlar (Hemdânî, I, 103 vd.; Mes‘ûdî, s. 70-71). Onlar deyirdilər ki, Kahtanın 31 oğlu olmuşdur: Yərub, Yəşcüb, Lüey, Tasm, Cədîs, Cürhüm, Yəmən, Uman, Hadramût və s. Yəşcüb’ün oğlu Sebe’nin (Abdüşems) Şam və Yəmənə yerləşən 10 oğlu olmuşdur: Lahm, Cüzâm, Âmile, Gassân, Himyer, Ezd, Mezhic, Kinâne, Eş‘ar, Enmâr. Himyerin soyundan gələnlər İslamdan əvvəl cənubda Himyeri şahlığını qurmuşlar. Lakin, İbn Hazm isə, bunu qəti şəkildə təkzib etmişdir (İbn Hazm. Cemhere, s. 7).

     Ənsab və tarix kitablarında Kahtanilələr ilə Adnanilər arasında əzəldən münaqişənin olduğunu söyləyirlər. Cahiliyyə ədəbiyyatı buna işarə edir. Lakin, burada Kahtanilər ilə Adnanilərin adları deyil, onlara aid olan qəbilələrin adları çəkilir (Kahtanilər üçün: Yəmən, Əhli-Yəmən, Yəmaniyyə, Əzd və Kəlb; Adnanilər üçün: Mudar, Məad, Nizar, Kays və Təmim). İslam tarixində tanınan Evs və Hazrəc qəbilələri də Kahtanilərə mənsubdur. Yəzidin anası da Kahtanilərdən olan Kəlb qəbiləsindəndir. Müaviyə və Yəzidin hakimiyyəti dövründə Kahtani və Adnani qəbilələr arasında savaş və rəqabət daha da artmışdır. Yəzid bütün şair və alimləri sərvətlə ələ alıb, onları Kahtani soyunun ucaldılmasını, Adnani soyunun alçaldılmasını ifadə edən şeir və əsərlərin yazılmasını əmr etdi.

    https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d2/Qahtanites.png/640px-Qahtanites.png?1539190410876 Kahtani və Adnani qəbilələr arasında savaş islam dininin yayıldığı ərəfədə ilk öncə Əhli-Beyt və anti Əhli-Beyt, sonra ilkin şiə və sünni mütəvisində baş qaldırdı. Halbuki, münaqişənin kökündə Kahtanilər ilə Adnanilər arasında qədimdən davam edən əsəbiyyət (qəbiləçilik) davası dururdu. Bu dava, Hz. İbrahimin dini olan Hənif dininin və onun daşıyıcısı olan Adnanilərin (Hz. İbrahimin Əhli-Beyti) ortadan qaldırılmasına necə yönəlmişdirsə, həmin ənənənin davamı olan İslam dininin və onun imamları olan Hz. Muhəmmədin (səs) Əhli-Beytini yox etməyə yönəlmişdir. Çünki Kahtanilər əsəbiyyət (qəbiləçilik) şüurundan çıxa bilməmiş və onun çərçivəsində qalmışlar.