İbn Xəldunun “umran elmi” -II-

  İbn Xəldun tarixi proseslərin fəlsəfi mahiyyətini dərk etməyə çalışır. O, ictimai prosesləri ilk dəfə dialektik metodlar əsasında öyrənən mütəfəkkir olmuşdur. O yazır: “Kürə şəklində olan dünya hər tərəfdən su ilə əhatəlidir. Dünya su üzundə üzən üzüm giləsi kimidir.” (I, 140).  “Kainatın və cəmiyyətlərin durumları, əlaqələri, gedişləri bir qaydada davam etməz və sabit şəkildə qərar tutmaz.

İbn Xəldunun “umran elmi” -II-


İbn Xəldunun “umran elmi” -II-

Hər şey günlər, zamanlar keçdikcə əmələ gələn dəyişikliklərin və bir vəziyyətdən digərinə keçidlərin bütünüdür. Bu dəyişikliklər və keçidlər, şəxslərdə, proseslərdə, şəhər və qəsəbələrdə olduğu kimi, bütün kainatda, ölkələrdə, qitələrdə, dövrlərdə və dövlətlərdə də baş verir. Bu, Allahın qulları-məxluqları arasında davam edən bir qanunudur.” (I, 218) ... “Atada  olanların, nəsillər boyu davam etməsi vacib deyildir. Hər şeyin zamanla dəyişməsi, dəyişə bilməyəcəyin “Allahın bir qanunu və sünnətidir.” (I, 107). “Durumların, ictimai həyatın, adət-ənənələrin dəyişməsinin səbəbini onunla bağlayırlar ki, hər cəmiyyətin həyatındakı dəyişikliklər, adət-ənənələr orada hakim olanın həyat tərzinə, istək və davranışına bağlı olaraq formalaşır. Başqa cür desək: Xalq hökmdarlarının dinindəndir.” (I, 122).

     İbn Xəldun, bütün sosial birliklərin təməlində əsəbiyyəni qoyur. Əsəbiyyə köçəri həyatın sosial birlik forması kimi səciyyələndirilir. Çünki o, oturaq həyata keçdikdən sonra zəifləyərək ortadan qalxır. Onun gücü, dövlət qurmaq məqsədi, yüksək əxlaqı və əsəbiyyə daxilində qohumluq əlaqələrinin möhkəm olması ilə səciyyələnir. L. Qumilyovun passionar qruplarını İbn Xəldun əsəbiyyə adlandırır. O, L. Qumilyovdan fərqli olaraq, passionar qrupların mahiyyətini günəş aktivliyi tsikilləri ilə əlaqələndirmir. Ona görə, köçəri, dövlət yaratmaq cəhdi, güclü qohumluq əlaqələri və yüksək əxlaqı olan sosial qruplar passionardır. Soyların fövqündə bu passionarlıq mövcud deyildir. Doğrudur, L. Qumilyov konsorsiya, konviksiya kimi təqdim etdiyi sosial qrupların sonradan bir-birinə ailə bağları ilə yaxınlaşdıqlarını və bunun məqsədə nail olmağın vacib amili olduğunu söyləyir. Lakin, L. Qumilyovun kiçik passionar qrupları ancaq oturaq əhali arasından ortaya çıxa bilərdi. Çünki köçərilər arasında sosial bölgülər yox dərəcəsindədir. İbn Xəldunun əsəbiyyə adlandırdığı passionar sosial qruplar isə, ancaq, köçərilər arasından meydana çıxa bilərdi. Çünki oturaq əhali arasında güclü əsəbiyyə mövcud deyildir. Hər iki yanaşma özünü doğruldur. Daxildən zəifləyən dövlət bəzən kənardan passionar köçəri soylar tərəfindən dağıdılırsa, bəzən də, daxildə meydana çıxan passionar qruplar tərəfindən sona çatdırılır. Daxildəki sosial qruplar L. Qumilyovun konsorsiya, konviksiya kimi təqdim etdiyi qruplar ola bilər.

      İbn Xəldun, təbii olaraq etnos anlayışından deyil, qəbilə, əşirət, qövm anlayışlarından istifadə edir. Lakin, o, etnosun formalaşması prosesini izah edir. Ona görə, etnik proseslər oturaq həyatda daha çox sürətlə baş verir. Köçəri həyatda isə, soylar və qohumluq əlaqələri daha sabit xarakter daşıyır. Çünki onlar özlərindən başqa digərlərin ilə təsadüfi hallarda ünsiyyətdə olurlar. Qəbilədə olan ailələr içində ən güclüsü və soydan olan (əsəbiyyə) şəxslər vərəsəlik yoluyla qəbilə başçısı olur.

    İbn Xəldun yazır: “Bil ki, qəbilələrin hər boy və nəsli, ümumi bir soydan gəlsələr belə, ayrıca xüsusi soylar içində bir-birinə daha yaxın qohumluqları olan fərdləri vardır. Onların bir-birinə yaxınlıqları, ümumi soya aid olan qohumlarından daha artıqdır. Buna, yaxın-uzaq əmi uşaqları deyil, eyni əşirət və ya eyni evdən olan insanlar, eyni ana və atadan olan qardaşlar misal göstərilə bilər. Onlar, ilk öncə öz soylarına, daha sonra ümumi soyda yer alan digər qohumlarına yaxın olurlar. Öz yaxın soylarına digərlərindən daha çox can yandırırlar.” (I, 308).

    Oturaq həyatda qəbilələr əlverişli yaşayış şəratində bir-birinin içində və bir-birinə daha yaxın məsafədə, yaxın ünsiyyətdə olduqları üçün, bir qəbiləyə aid olan soylar digər qəbilələrin soyları ilə birləşirlər. Yaxud, bir qəbilədə cinayət edən digər qəbiləyə sığınır. Bir müddətdən sonra onu tanıyanlar öləndən sonra, sonrakı nəsillər onun övladlarını öz soyundan hesab edirlər. Beləliklə, oturaq həyatda qəbilələr zəifləyərək ortadan qalxır və onların arasında məsafə itərək, onların vahid bir cəmiyyət halına gəlməsinə şərait yaranır (I, 307).

     İbn Xəlduna görə, qəbilələr böyüdükcə parçalanır. Ondan ayrılan qəbilələr həm öz qəbilə banislərinin adı ilə tanınır, həm də ayrıldıqları qəbilənin adıyla. Qəbilənin içində kölələr də vardır. İslam gələndən sonra onların bir çoxu azad olundu. Onlar qəbilələrin ailəsinə daxil oldular və öz soylarından imtina etdilər. Hz. Muhəmməd (səs) buyurmuşdur ki, “bir icmanın köləsi də, onlardan sayılır.” Dövlətdə də belədir. Abbasi Harun ər-Rəşidin fars əsilli xidmətçisi olan və azadlısı olan Bərməkilər, dövlətin ən nüfuzlu adamları olmuşlar. Buna “yaxınlıq bağı” yəni əsəbiyyə deyilir. Bu adamlar qəbilə bağlarını itirdikləri üçün, yaşadıqları dövlət onlar üçün bir soy qismində olur (I, 317). 

        İbn Xəldun tədqiqatlarının nəticəsində bu qənaətə gəlir ki, soy, qəbilə, tayfa, əşirət, qövm kimi heç bir sosial birlik formaları sabit deyildir. Onlar daima dəyişirlər: “Elmlər, sənətlər və digərləri yaranır və bir müddətdən sonra ortadan qalxırlar. Təbii olaraq insanlara aid olan soylar da belədir. Onlar da zəruri olaraq digərləri kimi, meydana çıxıb yox olurlar. İnsan cəmiyyətləri içində kimsənin atalarının soyu fasiləsiz şəkildə Hz. Adəmə qədər uzanmır. Peyğəmbər (səs) burada istisnadır. Çünki bu, onun xeyirli və üstün olmasına işarə, onda olan sirrin qorunması üçündür.” (I, 318).

      İbn Xəldun qəbilələri, tayfaları, etnosları təşkil edən soyların mahiyyətini belə açıqlayır: “Kimilərinin anlatdığı kimi, məşhurluğu ilə tanınan soyların bir keçmişi vardır. Rəhbər vəzifə və yüksək şöhrətlə tanınan soylar bunu itirməyə doğru irəliləyərlər. Sonradan var olan hər bir şey kimi, onu əldə edənlər də əvvəldən ona sahib deyildirlər. Soy öz parlaqlığını dörd “ata”da qoruyub saxlayır. Çünki bunu quran şəxs, onun necə çətinliklərlə qurulduğunu bilir, qurduğu strukturun hər hissəsində olan və onun varlığını təmin edən səbəbləri qoruyur. Ondan sonra gələn oğlu həmin strukturu qorumaq üçün, ondan daha çox təcrübəli olan atasından aldığı bilgi və nəsihətlərə əməl edər. Hər eşidən və dinləyən şəxs, görən və tanış olan şəxsə nisbətdə əksikdir. Üçüncü ata özündən əvvəlkinin yolunu davam etdirər və ona bənzəməyə çalışar. O da, özündən əvvəlkinə nisbətdə əksikdir. Dördüncü ata, özündən əvvəlkilərinin hamısından yol və metod baxımından əksikdir. Buna görə, o, əcdadlarının qoruduğu strukturun varlıq səbəblərini işə yaramaz hala gətirərək, onun süqutuna şərait yaradır. Çünki ona elə gəlir ki, ona miras qalan bu struktur, əsəbiyyənin və digər səbəblərin sayəsində çətinliklə deyil, özbaşına təbii şəkildə əmələ gəlmiş, əzəldən bir seçilmişlik əlaməti olaraq onlara verilmişdir. Buna görə də, o, özünü və ailəsini digərlərindən üstün görməyə başlayır. O, ona qalan mirasın necə əmələ gəldiyini, hansı səbəblərlə qurulduğunu bilmədiyi və yalnız bunların soydan irəli gəldiyini zənn etdiyi üçün, yaxınlıq-qohumluq bağının olduğu xalqına, əhaliyə yuxarıdan aşağı baxar, lovğalanar, özünü hamıdan üstün görər. Çünki xalqının özünə və özündən əvvəlkilərə boyun əydiyini görərək yetirmişdir. O, xalqın bu itaətinin səbəblərini bilmədiyi kimi, xalq ilə təvazökar olmağın və onların könüllərini qazanmağa çalışmanın lazım olduğu bilməz. Xalq ona böyun əydiyi üçün, onlara yuxarıdan aşağı baxar. Bunun nəticəsi olaraq, xalq da, ona, eyni münasibət göstərməyə başlar və onu yerinə eyni soyun uzaq əqrabasından birini hakimiyyətə gətirmək yolunu seçərlər. Bəhs etdiyimiz kimi, cəmiyyət, yaxınlıq-qohumluq bağı baxımından məlumatlıdır. Onlar, etimad etdiyi şəxsi başçı seçdikdən sonra, onun qol-budağı artar, digərininki isə sönüb yox olar. Beləliklə, keçmiş ailənin hakimiyyəti sona çatar. Hökmdar ailələrində də, qəbilələr, əmirlərin ailələrində, yaxın qohumlarda da durum belədir.” (I, 325).

     İbn Xəldun dörd ata varisliyini qurucu-davamçı-təqlidçi-yıxıcı ardıcıllığı ilə səciyyələndirir və bunun mütləq xarakter daşımadığını bildirir. Dörd rəqəmi orta göstərici kimi qiymətləndirilir. Lakin, bu rəqəm, dördə qədər və ya altıya qədər də davam edə bilər. Dörd ataya qədər davam edən qəbilə başçılığı, qəbilənin güclülüyünə dəlalət edir. Müəllif bu fikirlərində Qurani-Kərimə (“Əgər istəsə, sizi yox edib (yerinizə) başqa bir məxluq gətirər.” Fatir, 16) və Tövrat ayələrinə (Çıxış 20. 3, 6) istinad edir (I, 326).

     İbn Xəlduna görə, çoxmillətli (çoxsaylı və fərqli boy və qəbilələrin olduğu) dövlətlər zəif olur. Çünki oradakıların dünyagörüşləri və istəkləri bir-birindən fərqləndiyi üçün, dövlətə qarşı etirazlar səngimir. İqtidar, arxalandığı qəbilə və boyların onlara qarşı çıxmasını istəməz. Çünki onların bu durumdan istifadə edib hakimiyyətə gəlmələrindən çəkinər (I, 378).