L.Qumilyov etnologiya sahəsinə yeni və təkrar olunmaz bir nəzəriyyə gətirmişdir. Bu nəzəriyyənin müəyyən elementlərini ondan əvvəlki tədqiqatçıların əsərlərində müşahidə etmək mümkündür (xüsusilə, Şirokoqorovun təsiri vardır). Bunlara baxmayaraq, L. Qumilyovun “Yerin etnogenezi və biosferi” əsərində yaratdığı sistem özünəməxsusdur. Onun, etnosun mahiyyəti və onun ətraf aləmlə simbiozu, etnik tsikillər (etnosun yaranması, formalaşması və tənəzzülü), passionarlıq, etnoslararası münasibətlər ilə bağlı ortaya qoyduğu konsepsiyanın demək olar ki, alternativi yoxdur.
Etnik proseslərin təməlində passionarlıq (latınca “ehtiras, affekt, əzab”) dayanır. O, özünü bir neçə mərhələdə biruzə verir. Onun ən aşağı mərhələsi öz maddi tələbatlarının ödənilməsi üçün göstərilən səydirsə, onun ən uca mərhələsi özünü nəyinsə yolunda qurban verməkdir (məsələn, şəhidlik). Buna görə, insanlar üç çürdür: subpassionarlar, harmonik fərdlər və passionarlar.
Passionarlar sosial proseslərin önündə gedən avanqard qüvvələrdir. Ona görə, bu qüvvələr bəzən neqativ xarakter də daşıya bilər. Pozitiv və neqativ passionarları birləşdirən və digərlərindən fərqləndirən ümumi cəhət odur ki, onlar ölümdən qorxmazlar. Onlar yeni cəmiyyəti quran və onu inkişaf etdirən qüvvələrdir. Harmonik güclər cəmiyyəti bir müddət sabit saxlayar və sonradan onun tənəzzülünə səbəb olarlar. Çünki cəmiyyət stasionar rejimdə tənəzzülə doğru irəliləyir. Cəmiyyətdə subpassionarların artması, onun tənəzzülünü sürətləndirər.
Cəmiyyət təkamül və tərəqqi qanunları ilə deyil, tədqiqatçının ortaya qoyduğu öz daxili qanunauyğunluqları ilə dəyişir. L. Qumilyov, kənar təcavüzləri nəzərə almadan, etnosun tam tsiklinin orta müddətini 1200 il hesab edir. Tənəzzülə uğrayan etnos parçalanaraq digər etnogenez proseslərinin tərkib hissəsinə çevrilir. Bir neçə mərhələdən keçən entogenez prosesi (homeostaz-təkan-yüksəliş-alovlanma-sınma-zülmət-xatirə), daimi xarakter daşıyır. Homeostaz (ətraf ilə ahəngdə olan) mühitin içindən meydana çıxan təkanverici passionarlar etnosun və ya digər sosial birlik formalarının yaranmasında əsas rol oynayırlar.
Tədqiqatçı homeostaz mühitdən passionarların meydana çıxmasını və artmasını, dəyişən Günəş aktivliyi tsiklləri ilə izah etməyə çalışır. Passionarilər böyük dövlət və imperiya yaratmaq eşqi ilə mücadilə edərək yüksəlişə və oradan da öz məqsədlərinə doğru çatırlar (alovlanma mərhələsi). Bundan sonra sınma və tənəzzül mərhələsi başlayır. Çünki cəmiyyətdə passionarilərin yerini subpassionarilər tuturlar.
L.Qumilyovun “etnogenezin passionar nəzəriyyəsi” göstərir ki, etnos bir sosial-bioloji varlıq kimi tarixi təkamül prosesində “biz-özgələr” mexanizmi əsasında formalaşan bir çox əlamətləri ənənəvi şəkildə nəsildən-nəsildən ötürərək öz varlığını təmin edir. Tarix bir proses kimi, dinamik etnosların fəaliyyəti və etnoslarası əlaqələr ilə səciyyələnir. Ona görə, “etnos sosial hadisə olmadığı üçün, müxtəlif formasiyalarda mövcud ola bilər.” Yəni, etnos xalq və millət kimi mürəkkəb sosial birliklər daxilində öz kollektiv varlığını bu və ya digər şəkildə qoruyur.
L.Qumilyova görə, etnik sistemlər superetnos, etnos, subetnos, konviksiya və konsorsiya kimi etnik iyerarhiyada yer alırlar. Tarixi təkamül prosesində bu iyerarhiyada olan etnoslar yerlərini digərləri ilə dəyişirlər. Lakin, bu yerdəyişmə prosesində onlar bir-birinin içində yerləşirlər.
1. Superetnos – etnosları öz daxilində yerləşdirən və ümumi dünyagörüşü əsasında davranış stereotipinə malik olan ən böyük etnik sistemdir (avropalı, müsəlman, buddist). Müxtəlif superetnik sistemdən olan etnosların bir arada yaşaması çətin olur. Məsələn, Qarabağda yaşayan ermənilər azəri-türkləri üçün antisistemdirlər. Çünki onların mentaliteti türkofobiya, dünyagörüşü isə, islamafobiya üzərində qurulubdur.
2. Etnos – insanları ümumi əlamətlər (özünəməxsus kollektiv davranış stereotipləri, landşaft, kollektiv özünüdərk, sinxron tarix və ümumi mənşə barədə mif, iyerarhik struktur, dil, din, kültür, hüquq) və ümumi mentalitet (intellektual, emosional və kültürəl dəyərlərin sintezi) əsasında davranış stereotipinə malik olan orta etnik sistemdir (türk, ərəb, slavyan).
3. Subetnos – əsasən ümumi ərazi və məişətə sıx bağlı olan kiçik sosial birlikdir. O, bir neçə variantda ortaya çıxa bilər:
- Dövlət sərhədlərinin bölünməsi nəticəsində meydana çıxır. Məsələn, Gürcüstan və Azərbaycan, Rusiya və Azərbaycan sərhədlərinin müəyyənləşməsi nəticəsində Borçalı mahalında, Dağıstan ərazisində qalan azəri-türkləri etnosdan subetnosa çevrilmişlər.
- Bir tayfanın daxilində tam assimlyasiya olmamış ondan ayrılan sosial qrupları misal göstərmək olar. Məsələn, Gürcüstanda oğuz tayfalarından olan qarapapaqlar Gürcüstan azərbaycanlıları üçün subetnos kimi dəyərləndirilir.
- Dini fərqliliyə görə (etnokonfesional) ortaya çıxan subetnoslar da vardır (Məsələn, oğuz qrupuna aid olan qaqauz türkləri, yəzidi və müsəlman kürdləri)
Subetnoslar bir-birinə qarşı antisistem təşkil etmirlərsə, onlar simbioz şəklində birgə yaşayıb inkişaf edə bilər və xalqın formalaşmasında mühüm rol oynaya bilərlər.
4. Konviksiya – kənd icmaları, sənətkarlar məhəlləsi kimi sosial qruplar hesab olunur. Onlar özlərini etnos və ya subetnosun bir hissəsi hesab etsələr də, əsrlərlə davam edən öz məişət və təsərrüfat həyatlarının fərqlənməsi ilə əlaqədar olaraq, özlərini digərlərindən fərqləndirirlər. Lakin, onlar təsərrüfat və məişət həyatının dəyişməsi ilə subetnosun içində əriyib yox olurlar.
5. Konsorsiya – dərnəklər, siyasi partiyalar, təriqətlər və digər birliklər aiddir. Bu qrupa daxil olan insanları ümumi bir məqsəd və tale birləşdirir. Onlar tez bir zamanda yox olduğu kimi, sürətlə konviksiya formasına, hətta, subetnos, etnos və superetnos formasına keçid edə bilərlər.
L. Qumilyova görə, etnos bu kiçik sosial formaların (konsorsiya, konviksiya, subetnos) mərhələli şəkildə irəliləməsi ilə təşəkkül edir. Əksər hallarda, bu proses ilk mərhələdə tənəzzül edir. Onların sabit olmasını təmin edən amillərdən biri, ailə bağlarının olmasıdır. Bu qrupların bir-biri ilə yaxınlaşması kəmiyyət baxımından onların subetnosa və onların da bir araya gəlməsi nəticəsində yeni etnosa çevrilməsini təmin edir.
Bəzən subetnosların birləşməsi simbioz xarakter alır. Yəni, onlar yeni bir etnos kimi deyil, vahid bir etnik qrup daxilində özünəməxsusluqlarını qoruyurlar. Eyni halı superetnosa da aid etmək olar. Etnoslar birləşərək superetnosa da çevrilə bilərlər, yaxud, çevrilməyə də bilərlər (kseniya – “qonaq, yad”). Superetnosun tərkibi sosial-mədəni baxımdan uyğun olduqda sabit (qohum etnoslar, vahid dini əqidə), uyğun olmadıqda qeyri-sabit olur (düşmən etnoslar, fərqli dini əqidələr).
L. Qumilyov özünəməxsus terminalogiyadan istifadə edir. O, kiçik sosial qruplardan bəhs edərkən, onları müstəqil qruplar kimi önə çəkir. Halbuki, istənilən sosial qrupun öz etnik mənşəyi vardır. Onlar bir etnosun və ya müxtəlif etnosların içindən ayrılan və bir araya gələn passionarlar kimi yeni bir etnosun formalaşmasında rol oynaya bilərlər. Konsorsiya, konviksiya, subetnos qismində soy və icmalar da iştirak edə bilərlər. Yaxud, o, etnosların birliyindən yaranan sosial birliyi xalq deyil, superetnos adlandırır. Onun bu yanaşması maraqlı da olsa, onun tədqiqatları ilə yaxından tanış olmayanlar üçün çaşqınlıq yarada bilər.
19-01-2021