Qureyş qəbiləsi və onun mənşəyi -I-

Qurani-Kərimdə və digər İslam mənbələrində işlənən sosial terminləri üç kateqoriyaya bölmək olar:

  1. Sırf dini kimliklə bağlı olmayan sosial birlik formaları – qövüm, qəbilə, aşirət, ailə.
  2. Əsasən dini kimliklə bağlı olan sosial birlik formaları – ümmət və millət.
  3. Siyasi-ideoloji kimliklə bağlı olan qruplaşmalar- hizb, firqə, şiə, sünni.

   Qurani-Kərimdə “qəbilə” anlayışı müasir sosial elmlərdə istifadə olunan “etnos” anlayışına daha çox uyğun gəlir.

      Etnosu səciyyələndirən bu əlamətləri qəbiləyə də aid etmək olar. Çünki qəbilə də etnos kimi ilk mərhələdə iki aşirətin (soy) birləşməsindən ortaya çıxır və tarixi sosial-mədəni inteqrasiya mühitində qəbiləni səciyyələndirən əlamətlər formalaşır. Bu mədəni birlik “biz və özgələr” konstruksiyası üzərində formalaşıb inkişaf edir. Buna görə də, hər bir qəbilənin (etnosun) özünəməxsus kültürü meydana çıxır. İbn Xəldun bunu “əsəbiyyət” və ya “qrup ruhu” kimi səciyyələndirir (Mukaddime, I, 483-485, 499, 566-568, 573.). XVIII-XIX əsr alman romantizmi nümayəndlərinin irrasional “xalq ruhu” (Volksgeist) ideyası İbn Xəldunun bu ideyasına əsaslana bilərdi.

    Qurani-Kərimdə cəmiyyətin və sosial birliklərin yaranması ilə bağlı ən diqqətçəkici ayə aşağıdakıdır:

    “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (min zəkərin və unsa) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (li tearəfu) deyə, sizi irqlərə və qəbilələrə ayırdıq (cəalnəkum şuübən və qəbailə). Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (ətqakum). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.” (Hücurat 13).

    Qurani-Kərimin bu ayəsi, sosial birliklərin formalaşmasının tarixi-genetik ardıcıllığını ortaya qoyur. İlk öncə insanlığın Hz. Adəm və Hz. Həvvadan, yəni ilk ailədən yaradıldığı, sonra ilk ailədən meydana çıxan övladların fərqli irqlərin ulu əcdadlarına çevrilməsini (Ham, Sam, Yafəs), sonra bu irqlərdən fərqli qəbilələrin yarandığını bildirir. Bu tarixi-genetik proses, insan nəslinin artması ilə davam edir.

     

 

Bu sxemdən göründüyü kimi, bəşəriyyət Hz. Adəm və Hz. Həvvanın qurduğu ailədən təşəkklül etmişdir. Müasir tarixi-genetik haploqrup tədqiqatları da təsdiq edir ki, bu gün mövcud olan müxtəlif haploqruplar ilk dəfə şimal-qərbi Afrikada meydana çıxan A haploqrupundan ayrılmış və onların birləşməsindən fərqli haploqruplar yaranmışdır. 

https://4.bp.blogspot.com/-STK4AOjiSFA/VDHl-l43JtI/AAAAAAAAMRM/oZqWR-JeuGI/s1600/Yhaplotree.JPG

     Hz. Adəmin soyu, onun Əhli-Beyti Şit peyğəmbər, İdris peyğəmbər və Nuh peyğəmbər vasitəsilə davam etmişdir. Çünki Habil qardaşı Qabil tərəfindən öldürülmüşdür. Qabil isə, lənətlənmiş övlad kimi ailəni tərk etmişdir. O, Hz. Adəmin Əhli-Beytindən sayıla bilməzdi. Bunu aşağıdakı ayə təsdiq edir: 

    “Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi: “Ey Rəbbim! Oğlum mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!” (Allah) buyurdu: “Ey Nuh! O, həqiqətən, sənin əhlindən deyildir (innəhu leysə min əhlikə). Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm.” (Hud 45-46).

    Qurani-Kərim ailə qurumunun əxlaqi dəyərlər üzərində qurulduğunu və ona əsaslanmayan ailənin ailə olmadığını, yaxud, əxlaqsız ailə üzvlərinin ailədən olmadıqlarını vurğulayır. Çünki ailə yalnız bioloji deyil, həmçinin, mənəvi bağlılıqdır. Biz, bunun Qurani-Kərimin digər ayələrində də təsdiq olunduğunu görürük.

***

      Bu məsələni Hz. Muhəmmədin (səs) soyu (sülalə) və mənsub olduğu Qüreyş qəbiləsi nümunəsində araşdıraq.

    Hz. Muhəmməd (səs) Haşimoğulları (Haşimilər) soyundandır. Haşimoğulları və Üməyyəoğulları Qüreyş qəbiləsini təşkil edən iki sülalə olmuşlar.

   Peyğəmbərin dünyaya gəlməsindən (570) təqribən 80 il əvvəl, onun ulu babası Haşim xalq tərəfindən Məkkənin başçısı və Kəbənin keçikçisi vəzifəsinə seçildi. Uməyyə isə, bunu qəbul etmədi və Haşimoğulları ilə rəqabət etməyə başladı. Bu vəzifə, Əbu Talibin vəfatına qədər (619) Haşimoğullarına aid oldu. Bu rəqabət, sonralar Hz. Muhəmmədə (səs) və onun soyuna edilən haqsızlıqlarda özünü göstərdi.

   Bu iki sülalə arasında əvvəllər müəyyən qohumluq əlaqələri olmuşdur. Onları birləşdirən əlamətlər qüreyş ərəb ləhcəsi, Məkkə ərazisi, kültür birliyi, eyni tarixi taleyi yaşamaları və özlərini qüreyşli kimliyi ilə tanımaları, Kəbəyə bağlı inancları və bu inancın ulu babaları Hz. İbrahimdən (əs) gəlməsi idi.

   Lakin, Qüreyş qəbiləsində Haşimoğulları və Üməyyəoğulları sülalələri bir soydan gələ bilməzdilər. Çünki qeyd etdiyimiz kimi, qəbilə (etnos) iki fərqli soydan gələn sülalənin birləşməsi nəticəsində meydana çıxır. Bunun səbəblərindən biri soydaxili nikahların qadağan olunması, digəri kollektiv təsərrüfat və təhlükəsizlik məsələləri idi. İndi bu səbəbləri araşdıraq:

   1. Qüreyşlilər əsasən ticarət ilə məşğul olduqları üçün, ortaq təsərrüfata malik deyildilər. Onların əsas gəlirləri Kəbəyə İslamdan çox öncə başlayan ziyarətlərdən əldə edilirdi. Ziyarət turizmi Məkkənin iqtisadi həyatını inkişaf etdirirdi. Məkkə azad iqtisadi zona kimi fəaliyyət göstərirdi. O, müqəddəs yer sayıldığı üçün, quldurlar oradan uzaq durardılar. Buna görə də, Məkkənin başçıları Kəbəni öz himayələri altında saxlamağa çalışırdılar. Bu iki sülaləni bir-biri ilə yaxınlaşdıran ortaq təsərrüfat həyatı olmadığı üçün və onlar müstəqil şəkildə ticarətlə məşğul olduqları üçün, onlar arasında sosial-iqtisadi inteqrasiya zəif olmuşdur.

Qureyş qəbiləsi və onun mənşəyi -I-


Qureyş qəbiləsi və onun mənşəyi -I-