İbn Xəldunun “umran elmi” -I-

      İbn Xəldun 1332-ci ildə Tunisdə doğulan yəmənli bir ərəb olmuşdur. O, öz dövrünün ən zəkalı bir insanı kimi tanındığı üçün, hökmdarlar onu öz sarayına yüksək vəzifələrə dəvət etmişlər. Onun çox zəkalı bir alim olduğunu göstərən əsas dəlil odur ki, XIX-XX əsrdə Avropada sosial-iqtisadi elmlərdə söylənilən əksər ideyalar, artıq XIV əsrdə onun tərəfindən irəli sürülmüşdür. Bu baxımdan, o, öz dövründə və əvvəlki dövrlərdə olan alimlərdən çox fərqlənirdi.  

İbn Xəldunun “umran elmi” -I-


İbn Xəldunun “umran elmi” -I-

     İbn Xəldun “Müqəddimə” əsərində qurduğu elmi sistemi “umran elmi” adlandırmışdı. Bu elm özündə sinergetik şəkildə hələ bir neçə əsr sonradan meydana çıxan sosiologiya, politologiya, etnoqrafiya, tarix, iqtisadiyyat, coğrafiya, tarixin fəlsəfəsi, sosial fəlsəfə, sosial-psixologiya, islamşünaslıq və digər sahələri birləşdirir. 

   İbn Xəlduna görə, insan bir sosial varlıq kimi, özünün maddi ehtiyaclarını, can və mal təhlükəsizliyini cəmiyyətdən kənarda təmin edə bilmədiyi üçün, cəmiyyəti yaradır. Cəmiyyət isə, müəyyən bir nizama tabe olmadan idarə oluna bilmədiyi üçün, zəruri olaraq siyasi elita və dövlət meydana çıxar. 

   Müəllif, cəmiyyətləri özlərini təminetmə tərzlərinə görə (qidalanma, sığınma və qorunma) oturaq (hadari) və köçəri (bədəvi) olmaqla iki kateqoriyaya bölür. Bu cəmiyyətlər də öz coğrafi-fiziki şərtlərinə görə bir-birindən fərqlənirlər.

    İlk sosial birlik forması olan köçərilər, ətraf mühiti dəyişmədən mövcud olanlarla (bitki və heyvanlarla) özlərini təmin etdikləri üçün, vermədən almağa adət edirlər. Buna görə, bir şey əldə edə bilməyəndə (otlaqların olmaması) yerləşdikləri yeri davamlı şəkildə tərk edirlər (II, 467-468).[1] Bu ağır həyat tərzi, onlara, nə isə toplayıb saxlamağa imkan vermədiyi üçün, əldə etdiklərinə qane olmağa və bir-birinə bütün məsələlərdə (qidalanma, düşməndən qorunma) dəstək olmağa vadar edir. Bu isə, zəruri olaraq köçəri cəmiyyətində sosial yardımlaşmanı (əsəbiyyə) və onun üzərində formalaşan hakimiyyət iradəsini meydana çıxarır.

     Köçərilərin həyat tərzi, onları cəsur və zəhmətkeş edir. Köçərilər oturaq əhalidən daha mütəşəkklil, daha döyüşkən, daha kobud, daha azad və təbii olurlar. Bu onlara döyüşlərdə üstünlük əldə etməyə imkan verir. Onlar arasında hörmətli insanlar, ağsaqqallar vardır ki, onlar, daxili münaqişələrə yol verməzlər. Digərləri isə, cəmiyyəti kənar təhlükələrdən qorumaq üçün könüllü olaraq savaşar və özünü ölümə atmaqdan çəkinməzlər. Çünki bu cəmiyyətlə onu bağlayan fitri qohumluq əlaqələri, soy birliyi (nəsəb) vardır. Bu əlaqələr qarşılıqlı yardımlaşmanı (əsəbiyyə) təmin edir, düşmənlərin gözünü qorxudur, savaşlarda qələbə əzmini artırır. Bunlar olmadan, çətinliklərə sinə gərən köçəri həyat tərzi mümkün deyildir (II, 483). Onlar üçün hər yer bir olduğu üçün, nə yerləşdikləri ölkənin sərhədləri daxilində, nə də qonşu ölkələrdə qərar tuturlar. Yeni ərazilər ələ keçirmək uğrunda irəliləyərək uzaq ölkələrə qədər gedib çıxırlar. Onların İslam dinini qəbul etməsi, dinin müxtəlif ərazilərə yayılmasını (Tövbə 22 ayəsində buyurulduğu kimi) təmin edir (I, 340). 

     Zəruri şeylərlə (yemək, paltar və sığınacaq) kifayətlənən köçərilərdən fərqli olaraq, oturaq əhali zəruri olmayan şeylərə (haci – komfort; kemali-təmtəraq) meyil edər, onları inkişaf etdirərək qoruyarlar. Onlar dar bir sahə üzrə yetişir və bir çox işləri bacarmazlar. Onlar arasında əmək bölgüsü genişlənmişdir. Onlar qadın və uşaqlar kimi öz təhlükəsizliklərini başqalarına və ya tabe olduqları birinə həvalə edərlər ki, bu da, onlarda özünəinamı azaldar. Çətinliyə öyrəşməmiş və rahatlığa aludə olmuşlar. Çünki alışdıqları bu həyat tərzi, onların fitri xüsusiyyətlərinin itməsinə şərait yaratmışdır (II, 479). Həmçinin, onlar zalım bir hökmdar tərəfindən idarə olunurlarsa, onların həyatını dəyişən bir ideologiyaya tabe olmaları məcbur edilir. Bu isə, insanlarda azad düşünmək, təşəbbüs etmək qabiliyyətini itirər və onlarda qorxaqlıq yaradar.

      Oturaq əhali özünü qorumanın yeganə yolunu lider ətrafında formalaşan dövlət qurmaqda görür (I, 328). Dövlət “başlıbaşına istismar yoluyla hökmran olma və idarə etməkdir.” (I, 329). Cəmiyyətdə ən güclü olanlar hakimiyyətə gətirilir. İqtidar isə, cəmiyyətdə bölünmə və münaqişə olmamaq üçün, fərqlilikləri ortadan qaldıraraq əhali arasında yeni qeyri-qəbilə qohumluq əlaqələrini gücləndirir. Bunun üçün, əhali arasında rifahın və qorxaqlıq hissinin artması kifayətdir. Rifah və bolluq, qorxaqlıq və itaətkarlıq artdıqca əsəbiyyənin gücü zəifləyir və insanlar yalnız özlərini düşünürlər. Bu fərdiləşmə (individuallaşma) prosesi cəmiyyətin müqavimət gücünü sındırır. Lakin, bu, eyni zamanda, cəmiyyətin kənar təcavüzlərə də müqavimət gücünü azaldır (I, 331-332). İbn Xəldun cəmiyyətin və dövlətin süqutunda mənəvi tənəzzülün rolunu önə çəkir və aşağıdakı ayələrə istinad edir:

      “Biz bir məmləkəti məhv etmək istədikdə (peyğəmbərlərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar (Allaha asi olub) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik.” (İsra 16).

     “(İnsan üçün) onu öndən və arxadan təqib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına bilməz və Ondan başqa onların heç bir hamisi də olmaz.” (Rad, 11)

      Oturaq həyat tərzi sürən əhali bir zaman köçəri olmuşdur. Köçərilərin mülkə, rahatlığa, təmtəraqa meyil etməsi, yerləşdikləri yerləri nəzarət altına almaları və ondan istifadə etmələri, onların oturaq həyata keçid etməsinin ilkin mərhələsidir. Sonra paltar, məişət əşyaları, ev, qala və sair bu kimi şeylərə ehtiyac əmək bölgüsünü yaradar. Lakin, köçərilərin mülkə meylinin artması, yəni, oturaq həyata keçidi, əsəbiyyəni zəiflədir. Köçərilərin oturaq həyata keçidi geniş yayılan haldırsa, oturaqların köçəriliyə keçidi az təsadüf olunan haldır (II, 473). 

     Qan bağına əsaslanan qohumluq əlaqələri yaxın və uzaq qohumlar, qohum və qohum olmayanlar olmaqla bir neçə qrupa bölünür. Qan qohumluğuna aid olanlar bir icmanı və ya kiçik bir cəmiyyəti formalaşdırar (əsəbiyyə, soy). Əsəbiyyə də qohumluq əlaqələrinin yaxınlığı və uzaqlığın görə iki qismə bölünər. Onlar arasında hakimiyyət davası başlar və aralarında ən güclü olanı hakim seçilər (II, 728). Hakim isə, bu cəmiyyətdə nizamı qorumaq üçün, güc və avtoritet amilindən istifadə edər. O, gücləndikcə, ətrafdakı qəbilələri də öz hakimiyyəti altına almağa çalışar və beləliklə, dövlət meydana çıxar (II, 539-540). Bundan sonra o, ətrafdakı digər dövlətlərin gücünün zəiflədiyini hiss edən zaman, onların ərazilərini və resurslarını ələ keçirməyə can atar. Dövlət və cəmiyyət, özünün digərlərinə yem olmaması və digərlərini özünə tabe etməsi üçün, güc amilinə bağlanar. Çünki güclü hakimiyyət, öz ictimai varlığını qorumağın yeganə yoludur. Bu gücün təməlində güclü əsəbiyyə bağları, mülk və əxlaq dayanır. Zəif dövlətlər və cəmiyyətlər, əsəbiyyə bağlarının zəiflədiyi, mülkə sahib olmayan, əxlaqi dəyərlərin tənəzzül etdiyi dövlət və cəmiyyətlərdir (II, 500). Çünki zəifləyən əxlaq dövlətin və cəmiyyətin süqutuna şərait yaradır. Hakimiyyət hökmdarın deyil, əsəbiyyənin əlində olduğu üçün, əsəbiyyə əxlaqi fəzilətlərə sahib olmalıdır. Bu olmayanda, əsəbiyyə cəmiyyəti zülüm yoluyla idarə etməyə başlar və bu da, onun legitimliyinin ortadan qalxmasını və ardınca iflasını yaxınlaşdırar.[2] 

       İnsan heyvani-nəfsi təbiəti ilə başqalarına qarşı özünüqoruma, şər törətmək halındadırsa, insani-əqli təbiəti ilə onlarla həmrəylik və xeyirxahlıq şəraitindədir. Dövlət və siyasət də heyvani-nəfsi deyil, insani-əqli keyfiyyətlərin nəticəsi kimi ortaya çıxar (II, 505). Bunun əksi olduqda, həm iqtidar öz legitimliyini itirər, həm də dövlət tənəzzülə yuvarlanar. Dövlət quran əsəbiyyə digər əsəbiyyələri də ətrafına toplayaraq öz gücünü artırar. Dövlət əsəbiyyəyə, o da əxlaq və mülkün birliyindən formalaşan gücə əsaslanır. Lakin, bu, eyni zamanda, iqtidar daxilində digər əsəbiyyələrin hakimiyyəti ələ keçirmək uğrunda gizli mübarizəsinə yol açar. İqtidarda yer alanlar zənginlik və dəbdəbəli həyata can atarlar. İqtidarı və zənginliyi əldə edən insanların həyatda əldə etmək istədikləri məqsədləri qalmaz. Onların tək məqsədləri, əldə etdiklərini sabitlik şəraitində nəsildən-nəsilə qoruyub saxlamaqdır. Lakin, varlıq səbəbini itirən bir şey, mövcudluq səbəbini də itirir. Əsəbiyyənin məqsədi dövlət qurmaq və əldə etdiyi zənginlikliyi, şöhrəti sabitlik şəraitində qorumaq idisə, bunu əldə edəndən sonra öz varlıq səbəbini itirir. Bu, tənəzzülün ilk mərhələsidir. Bu mərhələdə komfort və lüks vərdiş halına gəlir və ona olan tələb və məsrəflər bir tərəfdən artır, digər tərəfdən imkanlar daralır. Nəfsani istəklər ilə resurslar arasında uyğunsuzluq yaranır. Bu, dövlətin süqutuna və əsəbiyyənin əxlaqi çöküşünə səbəb olur. Onu, xeyirxah əxlaq sahibi olan başqa bir güclü əsəbiyyə əvəz edər və sonra, onlar da əvvəlkilər kimi əxlaqi tənəzzülə uğrayaraq güclərini itirər və nəticədə, əldə etdikləri maddi güclərini də tərk edərlər. Bu əvəzlənmələr tarixdə daima davam edən obyektiv qanunauyğunluqdur. Çünki dövlət yaradan əsəbiyyənin içində tədricən təkhakimiyyətlilik, sultanlıq sevdası meydana çıxar ki, o da, ortaqlıq qəbul etməz. Əsəbiyyədən məhrum olan sultanlıq rejimi, digərlərini öz ətrafına toplayar ki, onlar da tədricən sarayda öz gizli hakimiyyətlərini qurarlar (II, 567-570). Lakin, hakimiyyətin və sabitliyin qorunub saxlanılması, onların da maddi maraqlarına cavab verir. Mövcud durum, içindən çökənədək tənəzzülə doğru irəliləyər. 

 


[1] İbn Haldûn. Mukaddime (trc. Zakir Kadirî Ugan), I-III, İstanbul 1968.

[2] islamansiklopedisi.org.tr/ibn-haldun

Ardı var.....