TÜRKSOY: Birgə fəaliyyətimiz muzey sahəsində də inkişafa yol açacaq.....

Bakı və Şuşa şəhərində oktyabrın 14-dək keçiriləcək "II Türk Dünyası Muzeylər Görüşü” çox önəmlidir. Bu görüşün təşkilində əsas məqsəd Türk dünyasında muzey sahəsində baş verən yeniliklərlə tanış olmaq, təcrübə və bilik mübadiləsi aparmaq və yeni layihələri müzakirə etməkdir.

<TÜRKSOY: Birgə fəaliyyətimiz muzey sahəsində də inkişafa yol açacaq.....

Bu barədə AZƏRTAC-a müsahibəsində TÜRKSOY-un Muzeylər Birliyinin Baş koordinatoru Cavid Mövsümlü bildirib.

“Bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) fəaliyyətə başlamasından 30 il ötür. Bu müddət ərzində Türk dünyasının mədəniyyətinin tanınması, öyrənilməsi, yaşadılması istiqamətində əlaqələndirici qurum kimi çox böyük rolumuz olub. Düşünürəm ki, bu fəaliyyətlər bizim gələcəkdə inkişafımıza çox böyük xidmət edəcək, xüsusilə, muzey sahəsində inkişafa yol açacaq.

Hər il Türk dünyasının fərqli şəhərləri Türk dünyasının mədəniyyət paytaxtı seçilir. Bu il Türk dünyasının mədəniyyət paytaxtı Şuşadır. Bu münasibətlə biz həm Azərbaycan Milli Xalça Muzeyində, daha sonra Şuşa şəhərində tədbir keçirəcəyik. Bizim təməl tədbirimiz ildə bir dəfə "II Türk Dünyası Muzeylər Görüşü" keçirmək və TÜRKSOY Muzeylər Birliyinin görüşünü gerçəkləşdirməkdir. Bunları da biz Bakıda və Şuşada reallaşdıracayıq. Bu görüşlərdə biz Türk dünyasının bir sıra muzey rəhbərlərinin yeni fikirləri və layihələrini dəyərləndirdikdən sonra 2024-cü il üçün yol xəritəsi müəyyənləşdirmiş olacağıq. İnanıram ki, 2024-cü il də bu il kimi məhsuldar fəaliyyətlərlə yadda qalacaq", - deyə C.Mövsümlü əlavə edib.

Qeyd edək ki, "II Türk Dünyası Muzeylər Görüşü” TÜRKSOY, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.