Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Kanada Azərbaycan icmasının üzvləri bu ölkədə oktyabr ayının “Türk irsi ayı” kimi tanınması ilə bağlı “Bill C-384” qanun layihəsinin təqdimat mərasimində iştirak ediblər.

<Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

AZƏRTAC xəbər verir ki, tədbirə həmvətənlərimizlə yanaşı, Kanada parlamentinin üzvləri Brayan Masse, Rob Olifant, Salma Zahid, Françesko Sorbara, Ya'ara Saks, Paul Çianq, Culi Dzeroviç, Anita Indira Anand, senator Viktor Oh, Türkiyənin Kanadadakı səfiri Esra Demir və digər rəsmi şəxslər qatılıblar.

Çıxışçılar Kanadadakı türk icmalarının “Türk irsi ayı” çərçivəsində öz mədəniyyətlərini geniş təbliğ etmək imkanı qazanacaqlarını bildiriblər.

Tədbirdə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri, Kanada Azərbaycan Evinin icraçı direktoru Lalin Həsənovanın və evin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin rəqs müəllimi Orxan İslamovun təşkilatçılığı ilə məktəbin şagirdləri “Dağlar gözəli”, “Naz eləmə” rəqslərini ifa ediblər.

Qeyd edək ki, qanun layihəsi deputat Brayan Massenin dəstəyi ilə hazırlanaraq Kanada parlamentinə təqdim olunub. Layihə Kanada parlamentində müzakirə mərhələsindədir.