Türkiyənin Baş ombudsmanı: Zəngəzur dəhlizi açılmalıdır.....

Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Beynəlxalq hüquqa görə, Azərbaycan doğma torpaqlarını ermənistanın işğalından qurtardı. Bu, vacib bir şeydir. Bunun ilk nəticəsi odur ki, dünyada heç bir işğal olunmuş yer sonsuza qədər qalmaz. Azərbaycan bunu bütün dünyaya elan etdi.

<Türkiyənin Baş ombudsmanı: Zəngəzur dəhlizi açılmalıdır.....

Bu fikri AZƏRTAC-a açıqlamasında Moldovada səfərdə olan Türkiyənin Baş ombudsmanı Şeref Malkoç söyləyib.

Ş.Malkoç bildirib ki, Azərbaycan başqasının ölkəsinə hücum etmədi, hər şeyi qanunlar çərçivəsində oldu və öz hüququnu qorudu.

“Bu münasibətlə Azərbaycanın fədakar xalqını, Azərbaycan Ordusunun qəhrəman əsgərlərini və cənab Prezident İlham Əliyevi təbrik edirəm. Biz Türkiyə xalqı olaraq Azərbaycan millətinin və Azərbaycan dövlətinin haqlı davasında həmişə yanında olduq. Asan deyil, 30 il boyunca işğal edilmiş Azərbaycan torpaqları 2020-ci ildə müharibə ilə azad edildi. Geridə qalan Xankəndi və ətrafı isə çox vacib idi, çünki Azərbaycanın öz torpaqlarında beynəlxalq hüquqa zidd olaraq terror təşkilatlarının mövcud olması qəbuledilməzdir. Yenə Azərbaycan haqlı tədbirləri ilə Xankəndi və ətrafını terrorçulardan təmizlədi. Beynəlxalq hüquqa əsasən doğrusunu elədi və haqlıdır da. Təmizlənən ərazilər bu baxımdan önəmlidir ki, Xocalı qətliamı bütün Azərbaycan xalqının, Türkiyənin, Türk dünyasının və insanlığın qəlbində bir yara idi və azad edilməklə çox gözəl oldu”, - deyə Şeref Malkoç əlavə edib.

Türkiyənin Baş ombudsmanı 2020-ci ildə imzalanmış üçtərəfli protokola əsasən Zəngəzur dəhlizinin açılmasının zəruriliyini də vurğulayıb.

“2020-ci ildə atəşkəs sonrası əldə edilən razılıqda beynəlxalq hüquqa görə Zəngəzur dəhlizinin açılması qeyd olunub. Bu protokola görə Zəngəzur dəhlizi açılmalıdır. Bu protokola ermənistan, Azərbaycan və Rusiya da imza atdı.

Azərbaycanı təbrik edirəm. Yaşasın, Azərbaycan-Türkiyə qardaşlığı, yaşasın Azərbaycan-Türkiyə dostluğu. Bu qardaşlıq Qafqaza sülh gətirəcək, bölgəyə hüzur gətirəcək və dünyaya da nümunə olacaq!”, - deyə Şeref Malkoç vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu