“Qarabağ mədəniyyəti” adlı ədəbi-bədii tədbir təşkil olunub

Fevralın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Televiziyasının tərəfdaşlığı ilə “Qarabağ mədəniyyəti” adlı ədəbi-bədii tədbir keçirilib.

<“Qarabağ mədəniyyəti” adlı ədəbi-bədii tədbir təşkil olunub

AZƏRTAC xəbər verir ki, tədbir Milli Konservatoriyanın xor ansamblının Dövlət Himnimizin səsləndirməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ədəbi-bədii tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Qarabağın maddi-mənəvi abidələr, ədəbiyyat, incəsənət və musiqi mədəniyyəti ilə zəngin olduğunu diqqətə çatdırıb: "Təsadüfi deyil ki, dünya muzeylərində Qarabağ sənətkarlığı timsalında Azərbaycan xalq sənətkarlığının bir çox nümunələri ilə rastlaşmaq olar. Qarabağdan tapılmış qab-qacaq, silah və bəzək nümunələri təkcə tarixi fakt kimi deyil, onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir. Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri var ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və hətta geyimləri ilə yaxından tanış ola bilərik. Çox təəssüf ki, mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində oradakı məscidlər, abidələr, muzeylər dağıdılıb ya da yararsız hala salınıb. Həmçinin qəbiristanlıqlar, türbələr, məbədlər və Qafqaz Albaniyasına məxsus digər milli abidələrimiz də məhv edilib. İlk insan məskənlərindən olan Azıx və Tağlar mağaraları hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılıb. Beynəlxalq hüququn normalarının prinsiplərinə zidd olaraq Azıx mağarasında arxeoloji qazıntılar həyata keçirilib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun Ermənistanın 30 ilə yaxın davam edən işğal zülmündən xilas etdiyi Qarabağ yenə də əvvəlki əzəmətini bərpa etməkdədir".

Gənclər Fondunun həyata keçirdiyi layihələr zamanı Qarabağın və onun maddi-mənəvi irsinin diqqətdə saxlanıldığını bildirən Q.Xəlilov gənclər arasında Qarabağın tarixi, qeyri-maddi irsinin, mədəniyyətinin tanıdılması istiqamətində görülən işlərdən bəhs edib.

“Bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünəinamlı və mübarizdir. Gənclərimizin Qarabağın tarixi, zəngin və çoxşaxəli mədəniyyəti haqqında daha geniş biliklərə yiyələnməsi, doğma torpağa mənən bağlılığının artırılması, əsl vətənpərvər kimi böyüməsi qarşımızda duran ən prioritet mövzulardan biridir. Qarabağın mədəni irsini qoruyub saxlamaq hər bir Azərbaycan gəncinin mənəvi borcu olmaqla yanaşı, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması işində də fəallıq göstərməlidirlər. Məhz bugünkü tədbirin məqsədi də Qarabağ mədəniyyətinin gənclər arasında təbliği və gənclər vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasıdır", - deyən Q.Xəlilov fikirlərinə yekun vurub.

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı doğma insanların nəfəsi, qədəmləri ilə dirçələn Qarabağın mədəni irsinin həm gələcək nəsillərə, həm də beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin əsas aparıcı qüvvə olduğunu qeyd edərək, onların bu sahədə aktiv iştirakının təmin edilməsinin vacibliyindən söz açıb.

Kulturoloq Fuad Məmmədov və Minəxanım Əsədova tədbir iştirakçılarına Qarabağ mədəniyyəti haqqında danışıblar.

Tədbirin bədii hissəsi Bələdiyyə Teatrının Xurşidbanu Natəvana həsr olunmuş kompozisiyası ilə başlayıb.

Sonra incəsənət xadimlərinin ifasında musiqi nömrələri səsləndirilib.