Basqal hamamı: tarixi məkan, memarlıq və mədəni irs

Azərbaycanda hamamlar qədim zamanlardan insanların həyatında xüsusi yerə malik olub, bədənin və ruhun şəfa tapması və təmizlənməsi üçün rahat məkan rolunu oynayıb. Hamamların yaşayış məntəqələrində inşa edilməsi mütləq idi. İnsanlar burada dincəlir, ünsiyyət yaradır, mühüm əlaqələr qurur və müxtəlif sövdələşmələr aparırdılar. Qədim hamamların əksəriyyəti indi memarlıq abidələri kimi qorunur, hətta bəzilərindən hələ də təyinatı üzrə istifadə olunur. Ölkəmizin ərazisində hər bir şəhərin və kəndin öz hamamı mövcud idi.

<Basqal hamamı: tarixi məkan, memarlıq və mədəni irs

AZƏRTAC xəbər verir ki, belə hamamlardan biri İsmayıllı rayonunun Basqal kəndindədir. Niyaldağ silsiləsinin ətəyindəki bu təbiət guşəsi öz gözəlliyi və əzəməti ilə hər kəsi heyran edir.

Hamam kəndin mərkəzindəki Kələküçə məhəlləsində yerləşir və XVI-XVII əsrlərə aid olunur. Hamam özündə Şərq hamamlarına xas memarlıq xüsusiyyətlərini əks etdirir. Beləliklə, hamamın bir hissəsi yer səviyyəsindən aşağıda, digəri isə yuxarıda tikildiyinə görə hamam yayda sərin, qışda isə isti idi. Hamam giriş otağı, soyunma otağı, hamam otağı, hovuz və ocaqxanadan ibarətdir. Burada su təchizatı, suyun qızdırılması və hamamın isidilməsi divarlara və döşəmənin altına yerləşdirilmiş keramika boruları vasitəsilə həyata keçirilirdi. Hamamın giriş otağı düzbucaqlıdır. Tağlar və qübbələr müxtəlif formalara malikdir və ornamentlərlə örtülüb. Sütun elementlərinin dəqiq simmetriyası memarlıq sənətinin yüksək səviyyəsindən xəbər verir. Otağın mərkəzində su hovuzu inşa edilib. Döşəmə daş plitələrlə örtülüb və suyun qızdırılması nəticəsində əldə edilən isti havanı daşıyan və alt hissədə yerləşən saxsı borularla qızdırılıb. Hamam 1990-cı ilə qədər fəaliyyət göstərib.

Bu abidənin hər bir daşı, hər bir memarlıq elementi keçmiş dövrün adət-ənənəsini əks etdirən tarixi irs nümunəsidir. Öz dövrünün əzəmətini və gözəlliyini nümayiş etdirən bu tarixi abidə Dövlət Turizm Agentliyinin səyləri nəticəsində yenidən canlanıb. Tarixi materiallar və arxiv sənədləri abidənin bərpası üçün əsas rol oynayaraq, onu davamlılıq və mədəni irs simvoluna çevirib. Bərpa edilmiş hamam tarixi yaddaşın qorunmasının rəmzinə çevrilib və gələcək nəsillərə öz mədəniyyətlərinin tarixi köklərindən agah olmaq imkanı yaradıb.

Bu gün hamamda ziyarətçiləri qədim adət-ənənələr aləminə aparan kiçik, lakin bənzərsiz muzey fəaliyyət göstərir. Bu muzey təkcə artefakt kolleksiyası deyil, həm də orta əsrlərdə Azərbaycan ərazisində mövcud olan hamamların iş prinsiplərini nümayiş etdirən canlı tarix dərsidir. Muzeyin kolleksiyasında hamama getmək və hamamda çimmək ənənələrini əks etdirən bir çox qədim əşyalar var. Burada hamam ziyarətini müşayiət edən ayinlər və ayinlərlə əlaqəli obyektləri görə bilərsiniz. Bu muzey yalnız tarixlə tanış olmaq üçün məkan deyil, həm də keçmişin ab-havasına qərq olmaq, zamanın ruhunu hiss etmək və bu gün də aktuallığını qoruyaraq nəsildən-nəslə ötürülən dəyərləri və ənənələri görmək üçün əla fürsət yaradan tarixi obyektdir.

Azərbaycanda hamamlar gigiyenik prosedurlar üçün inşa edilmiş tikililərdən daha vacib və mühüm əhəmiyyətə malik olub - onlar bizim qayğı ilə qoruyub saxladığımız və nəsildən-nəslə ötürdüyümüz əvəzsiz irsimizin ayrılmaz tərkib hissəsidir. Basqal kəndindəki hamam yalnız orta əsrlərin memarlıq sənətkarlığının möhtəşəm nümunəsi deyil, həm də ölkəmizin tarixinin və mədəniyyətinin bariz sübutudur. Bu gün hamam, mədəni mənsubiyyətimizin vacib hissəsini simvolizə edən milli mədəni irs nümunəsi kimi dövlət tərəfindən qorunur.