Cənab Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilib.
15-02-2025Azərbaycan xalqı artıq beşinci ildir ki, qalib xalq olmağın qürurunu yaşayır.
2020-ci il sentyabrın 27-də ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində başlayan və cəmi 44 gün sonra Azərbaycan Ordusunun qalibiyyəti ilə bitən Vətən müharibəsi tariximizin ən şanlı səhifələrindən biridir.
Otuz ilə yaxın ermənistanın işğalında qalmış Qarabağ və Şərqi Zəngəzur ərazilərimizi bizə bu böyük Zəfərimiz qaytardı.
Sonrakı hadisələr göstərdi ki, qəsbkar ermənilər ərazilərimizdən, təbii sərvətlərimizdən gözlərini birdəfəlik çəkmək niyyətində deyillər.
Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan və Azərbaycanın hərbi gücü qarşısında nə qədər aciz olduğu üzə çıxan işğalçı ermənistan, görünürdü ki, yenə xarici havadarlarına güvənir. Ancaq Azərbaycan dövlətinin və xalqının qətiyyəti bədxahların niyyətini puça çıxardı.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu işğalçılara Qarabağda son zərbəni 2023-cü ilin sentyabrında endirdi.
Sentyabrın 19-20-də keçirilən birgünlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində torpaqlarımızda təxribat və terror əməllərini davam etdirən ermənistan silahlı qüvvələrinin qalıqları və separatçılar məğlub olaraq ağ bayraq qaldırdılar.
Azərbaycan bu qalibiyyətlə suverenliyinin tam bərpasına nail oldu.
Azərbaycan dövləti erməni vandallarının otuz il ərzində məqsədli şəkildə və tamamilə dağıdaraq xarabalığa çevirdikləri Qarabağ və Şərqi Zəngəzur ərazilərində artıq beş ildir ki, öz gücü ilə geniş və sürətli tikinti-bərpa, quruculuq işləri həyata keçirir.
İşğaldan azad olunmuş ərazilərimizdə uğurla reallaşdırılan Böyük qayıdış proqramı çərçivəsində görülən işlər nəticəsində keçmiş məcburi köçkünlərin həsrətinə son qoyulur, onlar uzun illər sonra öz əzəli yurdlarına, isti ocaqlarına qovuşurlar.
Əsrlər boyu başına bəlalar gətirilmiş, yadelli işğalçıların hücumlarına məruz qalmış Azərbaycan xalqı indi tarixinin ən xoş çağlarını yaşayır. Çünki ən ali məqsədinə, ən uca amalına, ən böyük arzusuna çatıb, müstəqil və suveren dövlətə sahibdir.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında sərəncamında bildirildiyi kimi: "Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz idealarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir".
Müstəqilliyinə nail olduqdan sonra Azərbaycan, ilk növbədə, özünün Konstitusiyasını qəbul etməli idi. Sözügedən sərəncamda qeyd olunur ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1992-ci illər hakimiyyətinin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır:
"Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı.
Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və hüquqi islahatların əsasını təşkil etdi".
Sənəddə vurğulanır ki, bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.
"Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında sərəncamda qeyd olunduğu kimi, Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. 1990-cı illərdə ermənistan Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərini işğal etdi.
Silahlı erməni quldurlarının amansız hücumları böyük faciələrə səbəb oldu. Ermənistan Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər, kütləvi qırğınlar, soyqırımları həyata keçirməklə əzəli torpaqlarımızın 20 faizini işğal etdi.
İşğalı otuz ilə yaxın davam etdirən ermənistan Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan vermədi: Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.
2020-ci ilin sentyabrında ermənistanın təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsində Zəfəri və 2023-cü ilin sentyabrında uğurla həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.
Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu.
Cənab Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında "Dövlət Suverenliyi Günü" elan edildi.
Beləliklə, sentyabrın 20-si Azərbaycan xalqının tarixinə hər il qürurla, iftixarla qeyd edəcəyi bayram günü kimi yazıldı.
2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ilini qeyd edəcəyik.
"Konstitusiya və Suverenlik İli"miz dövlətimiz və xalqımız üçün xeyirli və uğurlu olsun.