Beynəlxalq Oğuz Türkcəsi Konfransı öz işini bölmə iclası ilə davam etdirib.....

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun təşkilatçılığı ilə Bakıda keçirilən Beynəlxalq Oğuz Türkcəsi Konfransı öz işini AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bölmə iclası ilə davam etdirib.

<Beynəlxalq Oğuz Türkcəsi Konfransı öz işini bölmə iclası ilə davam etdirib.....

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son illərdə türk dövlətlərinin inkişafı istiqamətində dövlətlər səviyyəsində əhəmiyyətli tədbirlər görüldüyünü, Türk dünyasının öz mövqeyini möhkəmləndirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın bu günlərdə həyata keçirdiyi antiterror tədbirləri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi, İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasiminin keçirilməsi, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün siyasi danışıqların aparılması və s. kimi tədbirlər türk xalqlarının həmrəyliyinin, türkün qüdrətinin bariz nümunəsidir.

Akademik İsa Həbibbəyli yeni dönəmin gətirdiyi reallıqların alimlərimiz qarşısında da yeni vəzifələr qoyduğunu qeyd edərək müasir dövrdə milli-mənəvi dəyərləri qorumaq və inkişaf etdirmək, eləcə də müstəqil dövlətçilik təfəkkürünü möhkəmləndirməyin önəminə toxunub. O, türk xalqlarının ortaq problemlərinin həllinə həsr olunmuş tədbirin təşkilində göstərdiyi dəstəyə görə Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Dərya Örsə təşəkkürünü bildirib.

Daha sonra Türk Dil Qurumunun başqanı professor Osman Mert çıxış edərək türkdilli dövlətlər arasında bir çox sahələrdə, o cümlədən elm, mədəniyyət, incəsənət sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyini, birgə layihələrin icra olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Türk Dil Qurumu bu istiqamətdə həyata keçirilən işlərə, görülən tədbirlərə hər zaman dəstək verir.

Tədbirdə akademik Nizami Cəfərov “Türk dilləri ailəsində Oğuz türkcəsinin yeri və mövqeyi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə “türk dilləri” anlayışı, türk xalqları üçün vahid dil ideyası, ədəbi dil məsələləri, o cümlədən Oğuz dillərinin türk dilləri içərisindəki müqayisəli tarixi yerinin (sistem-struktur, antroposentrik, dil və nitq baxış-bucaqları baxımından) müəyyən edilməsi məsələləri əhatə olunub. Bildirilib ki, müasir türk dilləri qədim tarixi olan lüğət tərkibinə, inkişaf etmiş qrammatik quruluşuna, zəngin ünsiyyət ənənələrinə malik bir kök dilin varisləri kimi yaranmış, təşəkkül etmiş və müasir dövrdə böyük inkişaf potensialına malik dil ailələrindən biridir.

Məruzəçi türk dilinin daha geniş yayılması, sosial nüfuzu, ifadə imkanlarının zənginliyi ilə hər zaman fərqləndiyini qeyd edib. Bildirib ki, qədim türk ədəbi dili oğuz koynesi üzərində təşəkkül tapsa da, digər türk tayfa dillərinin (dialektlərinin) xüsusiyyətlərini də özündə ehtiva etdiyinə görə ümumtürk xarakteri daşıyır.

“Hər bir türk dili ədəbi yazılı mənbələrdən meydana çıxır”, - deyən Nizami Cəfərov türkologiyada türk dillərinin pasportlaşdırılması işlərinin görülməsinin zəruriliyinə toxunub.

Tədbirdə, həmçinin professor Gülden Sağol Yüksekkayanın “Oğuz” və “Oğul”un Kökən Birliyi”, professor Nadir Məmmədlinin “Azərbaycanda Oğuz türkcəsinin tədqiqi ənənələri və qarşıda duran vəzifələr” və professor Ahmet Karadoğanın “XI-XIII yüzillikdə Səlcuqlu coğrafiyası türkcəsinin durumu” adlı məruzələri dinlənilib, müzakirələr aparılıb.