“Azəripək” ötən il 3 milyon manatlıq məhsul ixrac edib

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, qədim ənənələrə malik baramaçılığın, ipəkçiliyin dirçəldilməsi də ölkə rəhbərliyi tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən olunub. Şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Azəripək” MMC (keçmiş “Şəki-İpək” ASC) uzun illərdir ki, Azərbaycanda ipəkçiliyin inkişafına öz töhfəsini verməkdədir.

<“Azəripək” ötən il 3 milyon manatlıq məhsul ixrac edib

AZƏRTAC-ın bölgə müxbiri Məhdud Məsuliyyətli Cəmiyyətdə olub, müəssisənin ötənilki göstəriciləri ilə maraqlanıb.

“Azəripək”-də istehsal olunan məhsullar İran, Türkiyə və Rusiyaya ixrac edilir

MMC-nin direktorunun müşaviri Teymur Musayev bildirib ki, 2023-cü ildə “Azəripək”-də 34,6 ton yüksəkkeyfiyyətli xam ipək istehsal olunub. Müəssisə tərəfindən daxili və xarici bazarlara 4 milyon 290 min manat dəyərində ipəkçilik məhsullarının satışı həyata keçirilib. O cümlədən, daxili bazara 1 milyon 260 min manatlıq, xarici bazarlara isə 3 milyon 30 min manatlıq ipəkçilik məhsulları göndərilib. Müəssisənin məhsulları əsasən İran, Rusiya və Türkiyəyə ixrac edilib.

Onun sözlərinə görə, ötən il müəssisədə 275 min kvadratmetr xam ipək parça toxunub. Ayrı-ayrı istehsal sexlərində 8322 ədəd müxtəlif ölçülü güllü kəlağayı, 2362 ədəd güllü şərf, 1439 ədəd çitmə, 17 min 323 ədəd müxtəlif ölçülü bişmiş kəlağayı, 3180 ədəd bişmiş şərf, 11 ton vata və digər məhsullar istehsal edilib. İl ərzində müəssisənin xalça sexində 16 ədəd ipək xalça toxunub.

Birnövbəli rejimdə işləmək üçün ildə azı 350 ton yaş barama lazımdır

Müəssisənin fəaliyyətinin, ilk növbədə, zəruri xammal bazasından asılı olduğunu vurğulayan Teymur Musayev deyib: “2023-cü ildə müəssisəyə respublikanın 34 rayonundan 252 tona yaxın yaş barama daxil olub. Birnövbəli rejimdə işləmək üçün isə müəssisəyə ildə ən azı 350 ton yaş barama lazımdır. Mövcud xammal ehtiyatı ilə müəssisənin baramaaçan istehsalatı yalnız bu il yanvarın sonunadək fəaliyyət göstərib. Ona görə də barama istehsalının artırılması qarşıda duran ən vacib şərtlərdən biridir. Müəssisədə üçnövbəli iş rejimində fəaliyyət göstərmək üçün hər cür şərait var. Bunun üçün isə ildə 1000 tonadək yaş barama lazımdır”.

Qeyd edək ki, xammal çatışmazlığı səbəbindən müəssisənin baramaaçan istehsalatı növbəti barama mövsümünədək fəaliyyətini dayandırsa da, hazırda digər istehsal sahələri - toxucu və boyaq-bəzək istehsalatları, həmçinin burucu və xalça sexləri fəaliyyətini davam etdirirlər.

Toxucu istehsalatının və xalça sexinin tələbatına uyğun saplar hazırlanır

Müəssisənin ayrı-ayrı istehsal sahələrinin fəaliyyəti ilə maraqlanırıq. Əvvəlcə burucu sexinə baş çəkirik. Kümçülərdən tədarük olunan yaş barama müəssisənin xammal şöbəsində çeşidlənib təmizləndikdən sonra, baramaaçan istehsalatına göndərilir. Burada istehsal olunan xam ipək daha sonra müəssisənin burucu sexinə daxil olur. Sexin rəisi Rasim Səmədov 1977-ci ildən bu müəssisədə, 1980-ci ildən isə burucu sexində çalışır. Onun sözlərinə görə, burucu sexinə daxil olan müxtəlif qalınlıqda saplar (310, 429 nömrə və sair) toxucu istehsalatının və xalça sexinin tələbatına uyğun cütlənir, burulur, bişirilir və daha sonra həmin istehsal sahələrinə verilir.

Hazırda sexdə 27 nəfər çalışır.

Toxucu istehsalatında ay ərzində 14 min poqonmetr ipək parça toxunur

Toxucu istehsalatla tanış oluruq. Burulmuş ipək sap bura göndərilir. İstehsalatın texnoloqu Məhəbbət Abduləzimova bildirib ki, bu istehsalatda sovetlər dövründə istehsal olunmuş 96 ədəd köhnə dəzgahla yanaşı, Almaniya istehsalı olan 6 ədəd ən müasir toxucu avadanlıq da quraşdırılıb. Bu dəzgahların məhsuldarlığı əvvəlkilərdən bir neçə dəfə çoxdur. Hazırda istehsalatda 30 dəzgah işləyir. Bir dəzgahın gündəlik məhsuldarlığı 20 poqonmetr ipək parça təşkil edir. Ümumiyyətlə, toxucu istehsalatında ay ərzində 14 min poqonmetr ipək parça toxunur. Sexdə toxunan ipək parçadan əsasən kəlağayı istehsalında istifadə olunur. Burada çalışan işçilərin orta aylıq əməkhaqqı 400-450 manat təşkil edir.

Boyaq-bəzək istehsalatında ay ərzində 3 mindən çox kəlağayıya naxış vurulur

Müəssisənin boyaq-bəzək istehsalatına daxil olan ipək parça əvvəlcə soda qatılmış qaynar suda bişirilir, tərkibindəki yapışqan və digər maddələr təmizlənir, soyuq suda yaxalanaraq qurudulur. Sonra kəlağayıya naxış vurulması mərhələsi başlanır.

İstehsalatın meneceri Qüdrət Quliyevlə söhbət zamanı məlum oldu ki, burada sifarişə uyğun olaraq 75x75, 110x110, 150x150 santimetr ölçüdə ipək kəlağayılar və 190x65 santimetr ölçüdə ipək şərflər istehsal edilir. Məhsullar əsasən daxili bazara, həmçinin İran, Türkiyə və Rusiyaya ixrac olunur.

Hazırda istehsalatda 20 işçi çalışır. Naxışvurma sexində çalışan Ülkər Bağbanlı, Gülnarə Hüseynova və Məhəbbət İsmayılova 40 ildən çoxdur ki, bu işlə məşğuldurlar və öz peşələrinin mahir ustalarıdırlar. Günəş Məmmədova, Günəş Adışirinova, Nigar Əmikişiyeva, Aytən Ağayeva isə istehsalatda 5-6 ildir ki, çalışırlar. Bu işçilərin hər biri gündə 20-25 ədəd kəlağayıya naxış vurur. Naxış vurularkən taxta və dəmirdən hazırlanmış xüsusi qəliblərdən istifadə olunur. Naxış vurulduqdan sonra kəlağayı boyama sexinə ötürülür. Ümumiyyətlə, ay ərzində istehsalatda 3 mindən çox kəlağayı istehsal edilir.

Cari ilin yanvarında müəssisədə 1,4 tondan çox xam ipək istehsal olunub

Qeyd edək ki, “Azəripək” MMC-də məhsul istehsalı və satış prosesi cari ildə də fasiləsiz davam edir. Belə ki, 2024-cü ilin yanvarında müəssisədə 1 ton 465 kiloqram xam ipək, 75 ədəd güllü kəlağayı, 234 ədəd şərf, 223,6 kiloqram xalça sapı istehsal olunub. Eyni zamanda, həmin müddətdə müəssisə tərəfindən 145 ədəd güllü kəlağayı, 45 ədəd çitmə, 148 kiloqram xalça sapı, 121 ədəd güllü şərf, 315 ədəd bişmiş kəlağayı, bir ədəd suvenir ipək xalça, 245 metr bez parça və digər məhsulların satışı həyata keçirilib.