Azərbaycanın turizm imkanları Hindistanda nümayiş olunur

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizi təmsil edən turizm sənayesinin nümayəndələri Hindistanın Nyu-Delhi şəhərində keçirilən “SATTE” sərgisində iştirak edir.

<Azərbaycanın turizm imkanları Hindistanda nümayiş olunur

Agentlikdən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan milli stendini “Şahdağ" Turizm Mərkəzi ilə birlikdə, ümumilikdə, 19 yerli turizm sənayesi nümayəndəsi təmsil edir. Görüşlər zamanı Hindistanın turizm sənayesi nümayəndələri Azərbaycanda mövcud turizm məhsulları, mədəni irsi, milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi, ekoturizm imkanları, qış turizmi, eləcə də Hindistanın film və toy təşkilatçılığı üzrə ixtisaslaşmış sənaye nümayəndələrinə Azərbaycanın bu istiqamətdə təklif etdiyi məhsullar haqqında ətraflı məlumat təqdim olunur.

Milli stendimizi Azərbaycanın Hindistandaki səfiri Elçin Hüseynli də ziyarət edib.

Sərgi çərçivəsində Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) təşkilatçılığı ilə "Dünyada turizm sektorunun mövcud vəziyyəti, turizm tendensiyaları və səyahətə tələbatın artması ilə əlaqədar mehmanxanaların sayının artması" mövzusunda keçirilən panel diskussiyada Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid iştirak edib.

Bundan əlavə, səfər müddətində Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Nyu-Delhi şəhərində Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək, yerli turizm şirkətləri və hotelləri ilə Hindistanın turizm şirkətləri arasında əlaqələrinin qurulmasını təşviq etmək məqsədilə Azərbaycan turizminə həsr olunan tədbir keçirilib. Tədbirə Hindistanın "IndiGo" hava yolları şirkəti ilə birgə 49 turizm şirkəti və 11 media nümayəndəsi qatılıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 10 min 135 nəfər olub və ötən ilin yanvar ayı ilə müqayisədə 147 faiz artıb.