Azərbaycan-Türkiyə birgə hərbi təlimləri regionda sülhün bərqərar olması üçün böyük rol oynayır.....

Şuşa bəyannaməsindən sonra Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi hərbi təlimlər iki ölkə arasında silahlı qüvvələrin birgə fəaliyyət göstərməsi üçün böyük imkanlar yaradır.

<Azərbaycan-Türkiyə birgə hərbi təlimləri regionda sülhün bərqərar olması üçün böyük rol oynayır.....

Bunu ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov oktyabrın 23-25-də keçirilən “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.

O, bütün beynəlxalq platformalarda Azərbaycan və Türkiyənin bir-birlərinin marağına uyğun çıxış etdiklərini deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi barədə tapşırıq verib. Bu sahədə çox böyük işlər görülür və plana uyğun olaraq Azərbaycan-Türkiyə birgə təlimləri təşkil olunub. Keçirilən son təlimin “Mustafa Kamal Atatürk 2023” adlandırılması təsadüfi deyil. Eyni zamanda, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri də təlimə hazırlıq üçün müəyyən məşğələlər keçirdi. Həmin məşqlərdə aerodromlardan uçuşlar edən aviasiya vasitələrinin plana uyğun olaraq havaya qalxma və enmə tədbirləri, kəşfiyyat apararaq şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqlar yerinə yetirildi. İki qardaş ölkəyə məxsusi qoşun nömrəli xeyli sayda texniki, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar təlimə cəlb olundular”.

Hərbi ekspert “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi haqqında məlumat verərək deyib: “İştirak edən Türkiyə və Azərbaycan hərbi qulluqçularından ibarət birgə heyət məhdudgörmə şəraitində sızma əməliyyatı keçirərək şərti düşmənin arxasına keçib. Orada hərbçilərin yerləşmə və mühasirəyə alaraq diversantların tərksilah olunması məşqləri edilib. Təlimlər oktyabrın 23-dən 25-dək Bakıda, Naxçıvanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə keçirilib. Təlimin nəticələri diversantlara və terrorçulara qarşı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilmisində böyük rol oynayacaq. Çünki Qarabağ iqtisadi rayonunda yerləşən terrorçuların böyük hissəsi tərksilah olunsa da, bölgədə müəyyən sayda razı olmayan quldur qruplar mövcuddur. Onlar meşələrdə və dağlarda gizlənərək fəaliyyət göstərirlər. Həmin terrorçulara qarşı mübarizə aparmaq üçün “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi Qarabağ iqtisadi rayonunun relyefinə uyğun olaraq meşəlik və dağlıq ərazilərdə təşkil olunur. Odur ki, Azərbaycan və Türkiyənin bu təlimlərdə iştirak edən şəxsi heyətinin döyüş qabiliyyətini, hazırlıq vəziyyətini yoxlamaq, eyni zamanda, xidmət səviyyəsini yüksəltmək istiqamətində belə təlimlərin keçirilməsi vacibdir”.

Ş.Ramaldanov sonuncu təlimin hər iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb: “Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi ilə bağlı tapşırığı uğurla yerinə yetirilir. Xüsusilə, Vətən müharibəsindən sonra regionda sülhün və əmin-amanlığın bərqərar olması baxımından iki qardaş ölkənin keçirdiyi bütün təlimlərin rolu böyükdür. Azərbaycan Silahlı Qüvvələrinin bugünkü inkişafı, ordunun təlimlərdə iştirak edərək öz döyüş potensialını artırması regionda təhlükəsizliyi təmin etmək istiqamətində atılan addımlardır”.