XTNS-nin “Azərbaycan” pavilyonunda Rusiyanın Xalq rəssamı Sergey Andriyakanın fərdi sərgisi açılıb.....

Rusiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Akvarel və Zərif Sənətlər Akademiyasının rektoru Sergey Andriyakanın fərdi sərgisi açılıb.

<XTNS-nin “Azərbaycan” pavilyonunda Rusiyanın Xalq rəssamı Sergey Andriyakanın fərdi sərgisi açılıb.....

AZƏRTAC xəbər verir ki, sərgi Heydər Əliyev Fondunun və Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilib.

XTNS-də Azərbaycan Respublikasının sərgi-satış mərkəzinin direktoru Səadət Qədirova sərgini açaraq qeyd edib ki, Sergey Andriyaka Rusiyada akademik akvarel rəngkarlığının ustadlarından biri kimi məşhurdur. Sənətkarın yaradıcılığı doğma ölkəsinə, memarlıq abidələrinin gözəlliyinə və qədim əşyalara həsr edilib.

S.Qədirova deyib: “Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin qədim tarixi var. XTNS-də bizim pavilyonumuz həm Rusiyada yaşayan azərbaycanlılar üçün, həm də bizim gözəl ölkəmiz Azərbaycan haqqında daha çox öyrənmək istəyən rusiyalılar üçün doğma ev kimidir. Mən bütün moskvalıları və Rusiya paytaxtının qonaqlarını bu nadir sərgini ziyarət etməyə çağırıram”.

“Azərbaycan” pavilyonunun direktoru qeyd edib ki, Azərbaycan Qarabağda öz tarixi torpaqlarını azad edəndən sonra mədəni diplomatiya məsələsi ön plana keçir. O deyib: “Xalqımızın bütün tarixini, onun mədəniyyətini hər bir məkanda nümayiş etdirmək çox vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi barədə Sərəncam imzalayıb. Azərbaycan həm də 2023-cü ildə Şuşa şəhərini Türk dünyasının mədəni paytaxtı statusu almağa namizədliyini irəli sürmək niyyətindədir. Bu, dünyanı ölkəmizin qədim mədəniyyəti, incəsənəti, ona xas olan tolerantlıq ruhu ilə tanış etməyə imkan verəcək.

S.Qədirova vurğulayıb ki, Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir. Azərbaycan rəhbərliyinin Şuşanın dirçəldilməsinə yönəlmiş səyləri müasir tariximizin gələcək nəsillər tərəfindən necə qəbul ediləcəyinə qiymətli töhfədir. Pavilyonun direktoru daha sonra deyib: “Dünyanın ciddi, böyük tarixi gözlərimizin qarşısında cərəyan edir. Biz öz tərəfimizdən çalışırıq ki, “Azərbaycan” pavilyonuna gələn moskvalılar və Rusiya paytaxtının qonaqları burada Azərbaycan haqqında, ölkəmizin mədəniyyəti və tarixi haqqında daha çox məlumat əldə etsinlər”.

S.Qədirova rəssam Sergey Andriyakaya Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə nəşr olunmuş “Toğrul Nərimanbəyov” kitabını hədiyyə edib.

Sərginin müəllifi Sergey Andriyaka qeyd edib ki, “Azərbaycan” pavilyonunda bu sərginin açılması Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. O deyib: “Biz dostluq edəcək, sərgi və digər layihələrlə mübadilə aparacağıq. Bizim bir niyyətimiz var, bu sərgi çərçivəsində dekorativ-tətbiqi incəsənətə, rus və Azərbaycan naxışlarının təsvir edildiyi keramika məmulatları hazırlanmasına dair müxtəlif ustad dərsləri təşkil etmək istəyirik”.

Ustad rəngkar “Azərbaycan” pavilyonuna özünün rəsm əsərini hədiyyə edib.

Sergey Andriyaka Moskvadakı Akvarel və Zərif Sənətlər Akademiyasının təsisçisi və rektorudur. Onun rəsmləri klassik akvarel rəngkarlığı və XIX əsr akademik rəsm ənənələrinin varisliyini nümayiş etdirir. Rəssam yaradıcılıqla bərabər, həm də pedaqoji fəaliyyətlə məşğuldur. Onun işləyib hazırladığı çoxtəbəqəli akvarel rəngkarlığının öyrədilməsi metodikası Akvarel Məktəbi və Akademiyasında uğurla həyata keçirilir. Sergey Andriyakanın və onun şagirdlərinin əsərləri Kreml dəhlizinin divarlarını bəzəyir. Ustad rəssamın və onun şagirdlərinin fırçasının məhsulları olan 160-a yaxın rəsm əsəri Rusiya Prezidenti Administrasiyasının binasının ikinci və üçüncü mərtəbələrində nümayiş etdirilir. Kremldəki şəkillərdə əsasən Rusiya peyzajları – Kremlı kilsələri, Moskva vilayəti, Voloqda, Kostroma, Suzdal, Nijni Novqorod, Yaroslavl mənzərələri, habelə bir neçə natürmort təsvir edilib.

“Azərbaycan” pavilyonundakı sərginin ekspozisiyasında müəllifin müxtəlif janrlarda çəkdiyi rəngkarlıq nümunələri – natürmortlar və peyzajlar təqdim edilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva