TÜRKSOY Türkiyədə Novruz konsertlərini davam etdirir.....

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Türkiyədə təşkil olunan möhtəşəm Novruz bayramı konsertləri davam edir.

<TÜRKSOY Türkiyədə Novruz konsertlərini davam etdirir.....

AZƏRTAC xəbər verir ki, “Türk dünyasının yeni gün görüşməsi-Novruz 2022” şüarı ilə keçirilən növbəti mərasim Niğde şəhərində təşkil olunub.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov, Niğde bələdiyyəsinin sədrləri Emrah Özdəmir və Ömer Halisdemir bayram təbriklərini çatdırıb, Novruzla bağlı xoş təəssüratlarını bölüşüblər.

Niğdedəki Novruz konsertində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Bosniya və Herseqovinadan olan incəsənət nümayəndələri çıxış ediblər.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Novruz bayramı münasibətilə TÜRKSOY-un rəhbərliyi və türk dünyasını təmsil edən yaradıcı heyətin nümayəndələri ilə görüşüblər.

Keçirilən görüşlərdə TÜRKSOY-un tarixi missiyası yüksək dəyərləndirilib, yaradıcı heyətin səhnə fəaliyyəti barədə xoş sözlər deyilib.

TÜRKSOY-un Türkiyədəki Novruz bayramı konsertlərində türk dünyasını təmsil edən 15 ölkədən gəlmiş 16 solist və 25 sənətçi qrupundan ibarət 350 nəfərlik yaradıcı heyət təmsil olunur.

Qeyd edək ki, Novruz konsertləri martın 17-də Türkiyənin Uşak şəhərində başlayıb. İki gün sonra isə Konya şəhərində təntənəli mərasim keçirilib. Konsert proqramları Türkiyənin müxtəlif şəhərlərində davam edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara