Türk dünyasının solistləri İzmirdə möhtəşəm konsert proqramına qatılıblar.....

Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) və İzmir Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə İzmir şəhərində möhtəşəm konsert proqramı gerçəkləşib.

<Türk dünyasının solistləri İzmirdə möhtəşəm konsert proqramına qatılıblar.....

AZƏRTAC xəbər verir ki, türk dünyasını təmsil edən solistlər TÜRKSOY-un Gənclər xoru, İzmir Dövlət Opera və Balet xoru və “Əl-ələ” Musiqi Simfonik Orkestrinin müşayiətilə gözəl musiqi nömrələri ifa ediblər.

Dünya Birləşmiş Şəhərlər və Yerli İdarələr Təşkilatının Mədəniyyət zirvəsinin bağlanış mərasimində tamaşaçılar qarşısına çıxan türkdilli ölkələrin sənətçiləri ifaya “Yunus Əmrə və Türkcə ili” çərçivəsində Ahmet Adnan Saygunun “Yunus Əmrə” oratoriyasından bir bölümlə başlayıblar.

Azərbaycandan konsertdə vokalçı Çinarə Şirinova təmsil edib.

TÜRKSOY Baş katibi Düsen Kaseinov konsertlə bağlı açıqlamasında vurğulayıb ki, zəngin mədəniyyət proqramları ilə Yunus Əmrənin humanizmini və ümumdünya tolerantlıq mesajlarını gələcək nəsillərə çatdırırıq.

Qeyd edək ki, pandemiya səbəbindən çıxışlarına bir müddət ara verən TÜRKSOY-un Gənclər xoru Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Türkiyənin şəhərlərində qastrol səfərində olub.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara