Sabah bəzi yerlərdə 25 dərəcə isti olacaq

Azərbaycanda aprelin 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Sabah bəzi yerlərdə 25 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacağı ehtimal edilir.