Qobustanın əsrarəngiz Sündü şəlaləsi.....

Qobustan rayonunun Sündü kəndində qayaların arasındakı şəlalə bənzərsiz gözəlliyi ilə hər kəsi valeh edir. Ətrafda olan ağaclar, giləmeyvə kolları, sıldırım qayalar sanki bu gözəlliyə əlavə rəng qatır.

<Qobustanın əsrarəngiz Sündü şəlaləsi.....

AZƏRTAC xəbər verir ki, bu əsrarəngiz gözəlliyi görmək üçün Qobustanın mərkəzindən 16 kilometr aralıda yerləşən Sündü kəndinin cənub istiqamətinə getmək, burada avtomobili dağ üzərində saxlayıb, bir qədər enişli-yoxuşlu yolu piyada qalxmaq lazımdır. Yay aylarında Qırxbulağın, Söyüdlü bulağın, Təndirnohur və Sündü şəlaləsinin ətrafı hər gün turistlərlə dolu olur. Qonaq-qaranın çox olmasınının bir səbəbi də yolların rahatlığı və məsafənin digər yerlərlə müqayisədə Bakıya yaxın olmasıdır.

Şəlalənin töküldüyü yerdə, ərazisi kiçik olan dərin göl yaranıb.

Sündü başdan-başa əkin sahələrindən ibarət münbit yaylalar qoynunda yerləşən və qədim tarixi olan kənddir. Ətrafdakı sıldırım yamaclı təpələr, döşündən fəvvarə vuran nadir şəlalə və bulaqlar, yaşıl örtüklü dərin yarğanlar bu kəndin ecazkar təbiətinin yalnız bəzi cizgiləridir. Sündü kəndində şəlalədən başqa 32 bulaq, 2 kəhriz, 2 su dəyirmanı, 100 yaşlı məktəb, 920-ci ilə aid məscid də var.