Qazaxıstan bu ilin neft hasilatı planını yerinə yetirib.....

Qazaxıstanda bu ilin 8 ayı ərzində neft və kondensat hasilatı 56,1 milyon ton (planın 99,3 faizi) təşkil edib. 

<Qazaxıstan bu ilin neft hasilatı planını yerinə yetirib.....


AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Maqzum Mirzaqaliyev bildirib.
Nazirin sözlərinə görə, qeyd olunan müddətdə Tengiz yatağında 17,1 milyon ton neft hasil edilib ki, bu da hesabat ayının planının 100 faizini təşkil edir. Kaşaqan yatağında neft hasilatının həcmi planın 10,2 milyon tonu – 102 faizini təşkil edir. Karaçaqanak layihəsinin göstəriciləri 7,8 milyon ton olub və cari ilin planı ilə müqayisədə 7 faiz geriləmə var.
Qazaxıstan hesabat dövründə 44 milyon ton neft ixrac edib, 8 ay ərzində plan 100 faiz yerinə yetirilib.
Energetika naziri bildirib ki, hesabat dövründə 35,5 milyard kubmetr mavi yanacaq hasil edilib ki, bu da planın 98 faizidir. Qaz hasilatının həcminin azalması neft hasilatının həcminin azalması ilə birbaşa bağlıdır, çünki neft hasilatı zamanı hasil edilən qaz səmt qazıdır.
Əmtəə qazının daxili istehlak həcmi 11,6 milyard kubmetr təşkil edib və bu göstərici 12 faiz artıb.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan