Pediatr: Kəskin respirator viruslar adətən başladığı vaxtdan 7-10 gün müddət ərzində keçib gedir

“Kəskin respirator virus infeksiyaları (KRVİ) – kəskin yoluxucu virus xəstəliklərini özündə birləşdirir. Bu xəstəliklər zamanı əsasən yuxarı tənəffüs yollarının selikli qişası zədələnir. Kəskin respirator virus infeksiyalarının törədiciləri çox saylı viruslardır. KRVİ öz-özlüyündə o qədər də təhlükəli deyil. Təhlükəli sayılan onun ağırlaşmasıdır. Ağırlaşmalara bronxit, sətəlcəm, otit, angina aiddir. Kəskin respirator virus infeksiyaları əsasən hava-damcı yolu ilə yayılır. Lakin oyuncaqlar, əmzik, qulluq əşyaları vasitəsilə də yayıla bilər”.

<Pediatr: Kəskin respirator viruslar adətən başladığı vaxtdan 7-10 gün müddət ərzində keçib gedir

AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, bunu K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nigar Cəfərova deyib. O qeyd edib ki, bu viruslar xarici mühitdə çox davamsızdır. Onlar otaq temperaturunda və günəş şüalarının təsirindən bir neçə saata məhv olurlar. KRVİ əsasən tənəffüs yollarına təsir edir.

Pediatr KRVİ-nin ilkin əlamətləri haqda danışıb: “Kəskin respirator virus infeksiyasının əlamətləri hərarətin yüksəlməsi ilə başlayır. Uşaqda halsızlıq, əzələ və oynaq ağrıları, yuxusuzluq, kataral əlamətlər, boğaz ağrısı, burun tutqunluğu və ya burun axması da ola bilər. Kəskin respirator virus infeksiyası çox hallarda öskürək və zökəmlə müşayiət olunur. Əgər virus mədə-bağırsaq sistemini də zədələyirsə, bu zaman qusma, ishal, qarında ağrı kimi əlamətlər ola bilər. Adətən KRVİ başladığı vaxtdan 7-10 gün müddət ərzində keçib gedir”.

N.Cəfərova qeyd edib ki, kəskin respirator virus xəstəliyi ilə yoluxan uşağın ictimai yerlərdə olması tövsiyə edilmir. Xəstələrlə təmas mümkün qədər məhdudlaşdırılmalıdır. Bol maye verilməli, qaldığı otağın havası tez-tez dəyişdirilməlidir. KRVİ-dən qorunmağın güclü üsullarından biri də əllərin düzgün yuyulmasıdır. Uşağa tərkibində vitamin və minerallarla zəngin olan qidalar verilməlidir.

Valideynlərin nəzərinə çatdırmaq istərdik ki, virus xəstəlikləri zamanı övladlarını vaxtında pediatrın müayinəsinə aparsınlar ki, xəstəliyin fəsadları qalmasın. Çünki profilaktika uşaqların sağlam gələcəyi üçün çox önəmlidir.