Özbəkistanın müstəqilliyinin 30 illiyi yüksək səviyyədə qeyd olunub.....

Sentyabrın 1-də Özbəkistanın müstəqilliyinin 30-cu ildönümü tamam olur. Bu münasibətlə paytaxt yaxınlığındakı bir gün əvvəl istifadəyə verilən “Yeni Özbəkistan” parkında təntənəli bayram tədbiri keçirilib.

<Özbəkistanın müstəqilliyinin 30 illiyi yüksək səviyyədə qeyd olunub.....

AZƏRTAC xəbər verir ki, mərasimdə hökumətin və Senatın üzvləri, Ali Məclisin deputatları, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, səfirlər, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak edib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, diasporumuzun tanınmış üzvləri də mərasimə qatılıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müstəqillik bayramı münasibətilə özbək xalqını, bu ölkədə yaşayan digər xalqların nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb.

Dövlət başçısı deyib ki, 30 il bundan əvvəl ölkə həyatında böyük tarixi hadisə baş verdi. 1991-ci il sentyabrın 1-də Özbəkistan öz Dövlət müstəqilliyini elan etdi.

Prezident müstəqillik illərində Özbəkistanın böyük uğurlarından danışıb. Dövlət başçısı deyib ki, 2017-2020-ci illərdə ölkədə iqtisadi artım 18,3 faiz olub. 2016-cı ildə xarici ticarət dövriyyəsi 16 milyard dollar olubsa, ötən il bu rəqəm 36 milyard dollar təşkil edib.

Tədbir Özbəkistan incəsənət ustalarının təntənəli bayram konserti ilə başa çatıb.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd