Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi: liderlik və sosial məsuliyyət zərurəti

Oktyabrın 13-də Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Muzey İdarəçiliyi (INTERCOM) və Etnoqrafiya Muzeyləri və Kolleksiyaları (ICME) üzrə beynəlxalq komitələrinin birgə əməkdaşlığı ilə “Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi: liderlik və sosial məsuliyyət zərurəti” adlı konfrans keçirilib.

<Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi: liderlik və sosial məsuliyyət zərurəti

AZƏRTAC xəbər verir ki, konfrans Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunub.

Konfransda əyani olaraq dünyanın bir sıra ölkərindən (Azərbaycan, Rusiya, Sloveniya, Xorvatiya, Almaniya, Rumıniya, Niderland) 10 mütəxəssis, o cümlədən beynəlxalq komitələrin sədrləri də iştirak ediblər.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova konfransın əhəmiyyətindən danışıb: “İntensiv qloballaşma prosesləri, genişlənməkdə olan siyasi-iqtisadi və mədəni inteqrasiya ilə səciyyələnən müasir dünyamız xalqların milli-mədəni özünəməxsusluğunu, unikal tarixi ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi problemini daha da aktuallaşdırır. Bu proseslərin nəticəsi olaraq cəmiyyətin mədəni sərvətlərini qoruyub-saxlayan muzeylərin həyatında, bütün fəaliyyət istiqamətlərində, hətta onun ən konservativ sahəsi olan kolleksiyaların toplanması işində də dəyişikliklər baş verir.

Bugünkü konfransda muzey təcrübəsində mədəni dəyərlərin tarixi vətənlərinə qaytarılması, etnoturizm və idarəçilik kimi aktual mövzular üzrə dünyanın müxtəlif muzeylərinin mütəxəssisləri öz bilik və təcrübələri ilə bölüşəcək. Əminəm ki, bu konfrans hər birimiz üçün faydalı olacaq və xoş təəssüratlarla yaddaşımıza həkk olunacaq.

Ümidvaram ki, yüksək elmi-təcrübi əhəmiyyətə malik konfrans dünya muzey mütəxəssislərinin əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcək və xalqlar arasında sülhə xidmət edəcək.”

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, belə toplantılar beynəlxalq təcrübənin bölüşdürülməsinə, öyrənilməsinə yaxşı fürsət yaradır: “Muzeylər öz kolleksiyaları haqqında məlumatları nəsildən-nəslə ötürülür. Texnologiya inkişaf etdikcə muzeylərin fəaliyyət forması da dəyişib. İndi hər bir muzeyi onlayn şəkildə ziyarət etmək mümkündür. Hazırda muzeylər tədqiqat aparmaq üçün bir platformaya çevrilib. Onlar həmçinin maarifləndirmə missiyasını da həyata keçirirlər. Muzeydə başqa xalqların tarixinə nəzər salmaq baxımından da əhəmiyyətlidir”.

Prezident İlham Əliyevin və Müzəffər Ordumuzun qəhrəmanlığı nəticəsində azad olunan Qarabağdakı dağıdılmış muzeylər barədə məlumat verən nazir müavini bildirib ki, hazıra işğaldan azad edilmiş ərazilərdə uzun illər düşmən vandalizminin qurbanına çevrilən muzeylər müasir tələblərə uyğun tikilir. Artıq Bülbülün ev muzeyi və Molla Pənah Vaqifin məqbərəsi tam restavrasiya olunub.

Qarabağda açıq havada Zəfər Muzeyin tikiləcəyi barədə məlumat verən Sevda Məmmədəliyeva bildirib ki, bu konsepsiyanın hazırlanması ilə əlaqədə xarici mütəxəssislərlə danışıqlar aparılır. O, beynəlxalq təşkilatlarla əməkdaşlıq aparmağın yerli muzeylərin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.

Tədbirdə ICOM-İNTERCOM təşkilatının rəhbəri Qoranka Horjan deyib: “Heç nə birgə əməkdaşlıq qədər muzeylərin inkişafına təsir edə bilməz. Bizim qarşılaşdığımız bir neçə problemləri bu gün müzakirə ediləcək. Biz cari vəziyyəti əks etdirən məsələləri həll etmək üçün xüsusi mövzu seçmişik. Mütəxəssislər çıxışlarında muzeylərin mövcud vəziyyətə uyğunlaşması üçün nə etməli olduğunu bildirəcəklər”.

COVID-19-un dünyada yeni yanaşmalara gətirib çıxardığını söyləyən ICOM-ICME təşkilatının rəhbəri Ralf Ceplak Mencin bildirib ki, hazırda muzeylər öz auditoriyası ilə əlaqə yaratmağa çalışır. İndi bir çox ölkələrdə onlar öz qapılarını yenidən ziyarətçilərin üzünə açıb. Debatlarda iştirak etmək pis deyil ancaq hibrid konfranslar əməkdaşlığı yeni mərhələyə qaldırır.

Konfransda “Muzeylərin dekolonizasiyası: mədəni dəyərlərin tarixi vətənlərinə qaytarılması və müstəmləkəçilik dövrünün neqativ nəticələrinin aradan qaldırılması”, “Muzeylər və etnoturizm” və “Müasir dövrdə muzey idarəçiliyi” mövzuları üzrə məruzələr dinlənilib.

Üç gün davam edəcək konfrans çərçivəsində qonaqlar üçün maraqlı mədəni proqramın keçirilməsi də nəzərdə tutulub. Azərbaycan Milli Xalça Muzeyi ilə yanaşı, onlar “İçərişəhər” Muzey Mərkəzi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edəcəklər.