Folklorşünas alim: Xıdır Nəbi bayramı təbiətin oyanmasının başlanğıcı sayılır

Xıdır Nəbi, yaxud Xıdır İlyas Naxçıvan diyarının qədim tarixə malik və el arasında geniş yayılmış mərasimlərindən biridir. Hər il fevral ayının 9-u, 10-u, bəzi kəndlərdə isə 14-ü, 15-i (Xızır İlyasın doğulduğu gün) Xıdır Nəbi bayramı xüsusi qeyd edilir. Mərasim həm də fevralın 1-dən 20-dək olan kiçik çilləyə təsadüf edir. Tədqiqatlarda Xıdır Nəbi “su, külək və havanın himayəçisi” kimi təqdim edilir. Ümumiyyətlə, bu mifik obrazla bağlı mübahisəli məsələlər çoxdur. Onun adının Xızır, Xızır İlyas, Xıdır Nəbi, Xıdır baba və Xıdır Zində olması haqda fikirlər müxtəlifdir. Kiçik çillənin çıxması münasibətilə keçirilən Xıdır Nəbi bayramı əsasən Naxçıvan, Tovuz, Qazax və s. bölgələrdə müxtəlif adlarla (Xıdır İlyas, Xıdır Zində) keçirilir.

<Folklorşünas alim: Xıdır Nəbi bayramı təbiətin oyanmasının başlanğıcı sayılır

Bu sözləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Folklor İnstitutu Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev deyib. “Naxçıvandan toplanılmış rəvayətlərdən birində deyilir ki, “Xızır peyğəmbər bir qabda dirilik suyu götürüb insanlara gətirirmiş. Çox yorulduğundan yolda bir ağacın kölgəsində yatır. Həmin ağac da çinar ağacı imiş. Birdən qab aşır, su tökülür çinarın dibindəki çuxura. Suyun bir hissəsini qarğalar gəlib içir. Qalanını da çinarın kökləri çəkir. Ona görə də deyirlər ki, qarğalar üç yüz il yaşayır, çinar ağacı da uzunömürlüdür”.

Ümumiyyətlə, xalqda inam var ki, Xızır peyğəmbər darda qalanların, çətinliyə düşənlərin, xəstələrin hamisinə çevrilməklə ən çətin anda onların köməyinə çatmışdır. Buna görə də qışın “oğlan çağı”nda Xızır peyğəmbərin şərəfinə Xıdır Nəbi mərasimini təşkil etmək, onu köməyə çağırmaq qışın çətinliyindən, soyuğundan xilas olmaq anlamına gəlir”, - deyə alim bildirib.

Onun sözlərinə görə, Azərbaycan folklorunda Xızır, Xıdır baba və Xıdır Zində ilə bağlı inanclar çoxdur: “Məsələn, “Tut ağacını qurumamış kəsmək günahdır”. Deyilənə görə, bu ağacı Xızır peyğəmbər ehsanlıq üçün əkib. Yaxud “Xızır gecəsi” peyğəmbər hansı qapıdan öz buğda payını apararsa, həmin il o evin ruzi-bərəkəti artar. Xalqın Xızır peyğəmbərə olan inamı o həddə malikdir ki, bu ad insanların and yerinə çevrilib. “Xızır İlyas haqqı”, “Xızıra and olsun”, “Xıdır Zində babaya and olsun” və bu səpkili digər andlar xalqın bu obraza olan məhəbbət və inamından doğmuşdur. Bəzi alqışlar da məhz Xızır peyğəmbərin adı ilə bağlıdır. Məsələn, “Xıdırın diləyi üstündə olsun”, “Xıdır Nəbi köməyin olsun”, “Xıdır Nəbi hayına yetsin”, “Xıdır Nəbi kömək əlini üstündən əskik eləməsin”, “Xızır köməyinə yetsin”, “Xızır səni dardan qurtarsın”, “Xızır səni yolda qoymasın”, “Xızıra rast gələsən”, “Xızır payını versin”, “Xıdır Zində diləyini qəbul etsin”, “Xıdır Zindəyə apardığın qurban sənin arzunu versin” və s.

Xalq ədəbiyyatında Xızırla bağlı əfsanə və rəvayətlər də geniş yayılıb. Əfsanələrin birində deyilir ki, “Qaranlıq dünyada bir bulaq axır, onun suyunu içən heç vaxt ölmür. Xızır o dirilik suyundan içdiyi üçün həmişə diridir və yaşayır. Xızır hər adamın gözünə görünməz. Onu görmək üçün gərək lap yaxşı adam olasan, heç kəsi incitməyəsən. Xızırı kim görsə, ondan nə istəsə, yerinə yetirər”. Eyni zamanda, “Xıdır İlyas” Xızır adlı yaşıl geyimli müqəddəs ruhdur və hər adamın gözünə görünmür. Çətinə düşən yolçulara kömək edən ilahi qüvvə kimi, o, dastanlarımızda da təsvir olunub. Xızır gah yaşıl rəngli, gah da boz atlı kimi təsvir edilir. Azərbaycanda Siyəzən rayonunda Xıdır Zində adlı pir də var. Dənizdən başlamış Xıdır-Zində pirinə qədər bir sıra yerlərdə onun izləri indi də qorunur. Beşbarmaq dağında atının və özünün ayaq izlərinin olmasına inam var və bu yer də müqəddəs pir kimi yolçular tərəfindən xüsusi ehtiramla yad edilir”.

Folklorşünas alim qeyd edib ki, dünya ədəbiyyatında da Xızırla bağlı əfsanə və rəvayətlər çoxdur. Xızır (Xıdır) peyğəmbər Orta Asiya müsəlmanları içərisində yaşıllığın hamisi kimi tanınır. Buxarinin bir hədisinə görə, Xızır bir boş yerdə əyləşirdisə, ora sonra çəmənliyə dönürdü. Əbu Həyyan əl Əndəlusi (1256-1344) onun tarixi şəxsiyyət olduğunu, Ayni isə (1331-də vəfat edib) onun Musa peyğəmbər zamanında yaşadığını yazıb.

Ə.Vəliyev Naxçıvanda Xıdır Nəbi bayramına hər il xüsusi hazırlıq görüldüyünü qeyd edib: “Bir neçə gün öncədən həyət-baca, ev eşik təmizlənir. Bir neçə ay öncədən tədarük edilmiş ərzaq, azuqə kisələrinin, torbalarının ağzı açılır. Bayramın əsas atributları qovrulmuş buğda (qovurğa) və qovut hesab olunur. Buna görə də təmizlənib yuyulmuş buğdadan ocaq üstündə qızdırılmış sacda qovurğa hazırlanır. Qovurğa sonra kirkirədə (dəstərdə) çəkilərək iki hissəyə ayrılır. İri dənəciklər yarmalıq üçün, narın hissə isə qovut üçün qablara yığılır. Qovutu hazırlamaq üçün kirkirədə çəkilmiş qovurğanın narın hissəsindən qaba tökülür, üstünə doşab, şirə və ya şəkər tozu əlavə edilərək qarışdırılır. Ovucda sıxılaraq bərkidilir və qablara yığılaraq süfrəyə qoyulur. Bayram günü xüsusi Xıdır Nəbi xonçası hazırlanır. Bunun üçün qarğıdalı, şabalıd, badam, noxud, küncüt, günəbaxan toxumu və s. də qovrulur. Qovrulmuş çərəzlər qovurğa ilə qarışdırılır. Qarışığa innab, iydə, kişmiş, qoz, fındıq və meyvə quruları da qatılır. Həmin xonçanın ortasına bir qabda qovut da qoyulur. Xonça evdə əlçatmayan hündür bir yerə qoyulur. İnama görə gecə Xızır peyğəmbər gəlir, ona əl basır. Bayram süfrəsinə xəmirdən və yarmadan bişirilmiş xörəklərlə yanaşı plov da qoyulur. Bu yeməklər isti-isti yeyildiyi üçün soyuqda bədənə istilik gətirir. Evdə Xıdır Nəbinin şərəfinə çıraq da yandırılır.

Bayram günü ən çox uşaqlar sevinir. Hava qaralandan sonra onlar qapılara gedib torba atır və Xıdır payı istəyirlər. Uşaqların torbalarına Xıdır xonçasındakı şirniyyat, çərəz və qovurğa qoyularaq yola salınar”.

Alim bildirib ki, Naxçıvanda Xıdır Nəbi bayramında nişanlılara və təzə gəlin köçmüş qızlara pay aparmaq adəti də var. Oğlan evindən nişanlı qızlara, ata evindən isə təzə gəlinlərə Xıdır xonçası aparmaq ənənəsi geniş yayılıb. Xıdır xonçasının yanında yundan toxunulmuş isti qış geyimləri də qoyulur. Xıdır Nəbi xonçasından əlavə, şirniyyat və meyvə xonçaları da pay aparılır.

Bayram ərəfəsində doğulan oğlan uşaqlarına Xıdır, Nəbi, İlyas, Xızır kimi adların qoyulması geniş yayılıb. Bu adların verildiyi uşaqların çətinlik çəkməyəcəyinə, darda qalmayacağına inanılır.

“Xıdır Nəbi bayramından sonra artıq yalançı çərşənbə gəlir. Daha sonra isə xəbərçi çərşənbə gəlir. Bu bayram həm də Novruza giriş rolunu oynayır. Daha sonra torpaq, od, su və ilaxır çərşənbələr gəlir və Novruz bayramı qeyd edilir. Xıdır Nəbi bayramı təbiətin oyanmasının, canlanmasının başlanğıcı sayılır.

Xıdır Nəbi mərasimini nəsildən-nəslə ötürmək üçün yaşadılması olduqca vacibdir. Bu mərasim xalqımızın zəngin mədəniyyətini, mənəvi dəyərlərini özündə birləşdirir. Ölkəmizin mədəniyyət xəzinəsində ən önəmli yerini saxlamaqla yanaşı, xalqımızın tarixiliyini, qədimliyini göstərən bu cür bayramların qorunması və tanıdılması hər bir vətəndaşın borcudur”, - deyə Ə.Vəliyev fikrini yekunlaşdırıb.