Bölgələrdəki mədəniyyət ocaqlarında Xocalı faciəsi ilə bağlı anım tədbirləri.....

Xocalı şəhərində erməni faşistlərinin dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımından 31-ci il ötür. Xocalı qətliamı təkcə Azərbaycan xalqına deyil bütün insanlıq əleyhinə cinayətdir.

<Bölgələrdəki mədəniyyət ocaqlarında Xocalı faciəsi ilə bağlı anım tədbirləri.....

AZƏRTAC xəbər verir ki, bölgələrdəki mədəniyyət müəssisələrində XX yüzilliyin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilib.

Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında “Yaddaşın unudulmayan tarixi” adlı anım tədbiri təşkil olunub. “Xocalı – uşaqlı, cavanlı, qocalı. Unutmayacağıq!” adlı videoçarx və “Əsrin faciəsi – Xocalı” adlı sərgi nümayiş edilib.

MKS-nin Uşaq şöbəsinin təşkilatçılığı ilə “Xocalı uşaqların gözü ilə” adlı rəsm və kitab sərgisi açılıb. Sərgidə Xocalı faciəsinə həsr olunmuş kitablar və oxucuların çəkdikləri rəsmlər nümayiş olunub.

B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində "Xocalı faciəsinə beynəlxalq miqyasda hüquqi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib. Çıxış edənlər bildiriblər ki, dövlətimizin haqlı mövqeyini bütün dünyaya çatdıran Prezident İlham Əliyev işğal altında olmuş torpaqlarımızı azad etməklə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olur. Dövlətimizin başçısının uğurlu xarici siyasəti və gərgin əməyi nəticəsində hazırda dünyanın bir çox dövlətləri Xocalı faciəsini soyqırımı kimi tanıyır. Tədbirdə faciənin şahidləri xatirələrini bölüşüb, “Xocalı faciəsi rəssamların gözü ilə” ümumrayon rəsm müsabiqəsinin qaliblərinə fəxri fərmanlar təqdim edilib. Bədii hissədə rayon Mədəniyyət Mərkəzinin "Rast" muğam üçlüyünün ifası və “Quba Könüllülər Teatrı”nın yerli yazar Ramiz Ramazanlının “Zəfər tacı” əsəri əsasında hazırladığı kompozisiya təqdim olunub.

Ağdaş Dövlət Rəsm Qalereyası tərəfindən "Xocalını unutmayaq, unutdurmayaq!" adlı rəsm müsabiqəsinin yekun sərgisi açlıb. Qaliblər sertifikat və hədiyyələrlə təltif olunub.

Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları və Zərdab şəhər 4 nömrəli ümumi orta məktəb kollektivinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımını unutma!” başlığı altında anım tədbiri keçirilib.

Salyan Dövlət Rəsm Qalereyasında "Unutma, unutdurma!" adlı rəsm sərgisi açılıb.

Salyan rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunan tədbir keçirilib. Mərkəzin solistləri Vətənə, şəhidlərə həsr olunan mahnılar ifa ediblər.

Salyan rayon Mədəniyyət Mərkəzinə tabe müəssisələrdə də Xocalı soyqırımının qurbanları anılıb.

İsmayıllı Dövlət Rəsm Qalereyasında "Xocalı faciəsi uşaqların gözü ilə" mövzusunda rəsm sərgisi nümayiş olunub.

Şamaxı rayon Heydər Əliyev Mərkəzi və şəhər M.Hadi adına 9 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı cinayətdir!” adlı tədbir keçirilib. Çıxış edənlər Xocalı faciəsinin bütün insanlığa qarşı ən ağır cinayət olduğunu, xalqımızın başına gətirilən bu müsibətin, həmin qanlı hadisələrin heç zaman unudulmayacağını söyləyiblər. Sonda məktəblilərin ifasında kompozisiya və “Xocalı qətliamı” filmi nümayiş etdirilib.

Şəki Heydər Əliyev Mərkəzi və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Xocalı faciəsinin insanlığa, dinc əhaliyə qarşı törədilən dəhşətli cinayət olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə təbliği və günahkarların öz cəzasını alması istiqamətində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ardıcıl tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər aparılır.

Şəki Dövlət Rəsm Qalereyasında “Xocalı harayı” adlı tədbir keçirilib. Şagirdlər soyqırımına həsr olunmuş bədii kompozisiyalar nümayiş etdirib, şeirlər söyləyib, səhnəciklər göstəriblər. Tədbirdə, həmçinin mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Astara rayonunda Xocalı faciəsinin 31-ci ildönümü qeyd edilib. Əvvəlcə qonaqlar rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımından bəhs edən fotosərgi ilə tanış olublar. Sonra Kakalos Xalq teatrı kollektivinin və məktəblilərin ifasında kompozisiya təqdim edilib.

Ağdam rayon Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində çıxış edənlər ermənilərin Azərbaycan xalqına qarşı zaman-zaman törətdiyi faciələrdən, soyqırımı siyasətindən, Xocalı faciəsinin başvermə səbəbləri, mahiyyəti, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıblar.

Füzuli rayonunun Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Ulu öndər Heydər Əliyevin xidmətləri” adlı tədbir keçirilib.

Beyləqan rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə mərkəzin “Gənclik” xalq teatrı tərəfindən Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Vətən sənə canım fəda!” adlı kompozisiya təqdim olunub.

Şəmkir rayon Heydər Əliyev Mərkəzində şəhər Ə.Cavad adına tam orta məktəbin şagirdləri üçün Xocalı faciəsindən bəhs edən film göstərilib.

Gədəbəy Aşıq Məktəbində "Xocalı – 1992" adlı sərgi təşkil edilib.

Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı tarixi soyqırımı kimi qiymətləndirməsi" adlı anım tədbiri keçirilib. Tədbirdə "Xocalı – 26 fevral" qısametrajlı filmi izlənilib, soyqırımına həsr olunan sərgi nümayiş etdirilib.

Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı keçirilən tədbirdə Xocalı faciəsini əks etdirən "Sonsuz dəhliz" filmi göstərilib.

Masallı Dövlət Rəsm Qalereyası, Tüklə kənd Sənətkarlıq klubu və Tüklə kənd Ə.İbadov adına tam orta məktəbinin birgə təşkilatçılığı ilə məktəbdə Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Şagirdlər Xocalıya həsr olunmuş şeirlər söyləyib, səhnəciklər nümayiş etdiriblər.

Yardımlı Dövlət Rəsm Qalereyasında “Xocalını unutmayaq!” başlığı altında sərgi təşkil edilib. Sərgidə qalereyanın dərnək üzvlərinin mövzu ilə bağlı çəkdikləri rəsmlər nümayiş olunub.

Ağstafa rayon Mədəniyyət Mərkəzində "Xocalı – qan yaddaşım, könül yaram" adlı anım tədbiri keçirilib. Xocalı faciəsinə həsr olunmuş "Bir millətin kədəri" adlı sənədli film nümayiş olunub. Sonda Ağstafa rayon Mədəniyyət Mərkəzi əməkdaşlarının iştirakı ilə hazırlanmış ədəbi-bədii kompozisiya və "Qisas qiyamətə qalmadı" adlı tamaşa təqdim olunub.

Qazax rayon Mədəniyyət Mərkəzində Qazax rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Unutmayın" adlı tədbir keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edib ki, Xocalı soyqırımı heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək. Bu soyqırımı təkcə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Sonra Qazax şəhər 1 və 2 nömrəli Uşaq musiqi məktəbləri şagirdlərinin və rayon Mədəniyyət Mərkəzinin "Göyəzən" ansamblı üzvlərinin ifasında Xocalıya, Azərbaycana həsr olunmuş musiqilər səsləndirilib. Qazax şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin hazırladığı səhnəcik göstərilib.

Tovuz rayon Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə mərkəzin nəzdində fəaliyyət göstərən Xalq teatrının hazırladığı “Xocalı – sağalmaz yaram!” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. “Bir millətin kədəri” adlı film nümayiş etdirilib.

Gəncə şəhər Zərif Qayıbov adına 5 saylı Uşaq musiqi məktəbində “Xocalı soyqırımı – qan yaddaşımız!” adlı tədbir keçirilib. Məktəbin Xalq çalğı alətləri şöbəsinin müəllim və şagirdləri Xocalı soyqırımına həsr olunmuş musiqi nömrələri səsləndiriblər.

Goranboy rayon MKS-nin Təklə kənd kitabxana filialı və kənd məktəbi "Əsrin faciəsi" adlı tədbir keçirib. Şagirdlər faciəyə həsr edilmiş şeirlər söyləyiblər.