Bişkekdə “Türk dünyasında turizm sahəsində əməkdaşlığın inkişafı” mövzusunda tədbir keçirilib

Bişkekdəki Qırğız-Türk “Manas” Universitetində “Türk dünyasında turizm sahəsində əməkdaşlığın inkişafı” mövzusunda tədbir keçirilib.

<Bişkekdə “Türk dünyasında turizm sahəsində əməkdaşlığın inkişafı” mövzusunda tədbir keçirilib

AZƏRTAC xəbər verir ki, Türkiyənin Qırğızıstandakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə diplomatlar, ali məktəblərin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Türkiyənin Qırğızıstandakı səfiri Əhməd Sadık Doğan bildirib ki, türk dünyası turizm sahəsində böyük potensiala malikdir və bu imkandan səmərəli istifadə etmək vacibdir. Səfir deyib ki, əvvəl Türkiyə yay və qış turizmi ilə məşhur idi, indi isə ölkədə mədəni, etnik, idman, sağlamlıq turizmi də inkişaf etdirilir.

Universitetin rektoru Alparslan Ceylan bildirib ki, Qırğızıstanın turizm potensialı böyükdür və bu sahənin inkişaf etdirilməsi vacibdir. O, Türkiyədən Qırğızıstana, Qazaxıstana, Azərbaycana, Özbəkistana və Türkmənistana gələn turistlərin digər türk dövlətlərinə də göndərilməsi imkanlarından danışıb.

Universitetin professoru Asılbek Kulnirzayev bildirib ki, hər il “Manas” Universitetində turizm sahəsində təhsil alan tələbələrdən 400 nəfər Türkiyənin turizm obyektlərində təcrübə keçir və bu təşəbbüsü bütün türk dövlətlərində həyata keçirmək olar.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek