BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir.....

Bakı Dövlət Universiteti (BDU) 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir.

<BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir.....

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

“İlin gənc alimi” mükafat müsabiqəsinin məqsədi BDU-nun yaşı 35-ə qədər olan, il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə elmi məqalələri və digər elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Müsabiqə üzrə qaliblər aşağıdakı 2 nominasiya üzrə “İlin gənc alimi” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:

Təbiət və texnika elmləri üzrə – 1 mükafat (2 000 manat);

Humanitar və ictimai elmlər üzrə – 1 mükafat (2 000 manat).

Müsabiqəyə təqdim olunan iddia sənədləri müvafiq meyarlar üzrə qiymətləndiriləcək. Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar yanvarın 7-dən yanvarın 25-i saat 17.00-dək elektron formada və ya kağız şəklində qəbul olunur.

İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (“Müsabiqənin meyarları” bölməsində göstərilmiş materiallar elektron formada) [email protected] ünvanına təqdim etməlidirlər.

Müsabiqədə yalnız BDU-nun magistrant, doktorant və əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər. Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir nəşr (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bu təqdim olunma həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırılmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.

Əlavə məlumat üçün: Telefon: (+994 12) 510 59 77

(+994 12) 539 64 58; E-mail: [email protected]