Azərbaycanın ermənistandakı mədəni-irs nümunələri: Aşağı Talin qalası.....

Aşağı Talin qalası Qərbi Azərbaycanın Araqatsion bölgəsində Daştadem kəndinin (Aşağı Talin) cənub tərəfində yerləşir. Memarlıq baxımından Qala onu əhatə edən bürclərlə möhkəmləndirilmiş mühafizə divarından, yaşayış evlərindən, inzibati binalardan, məscid və digər qurğulardan, gizli yeraltı keçiddən, su anbarlarından və digər tikililərdən ibarət olub.

<Azərbaycanın ermənistandakı mədəni-irs nümunələri: Aşağı Talin qalası.....

Qalanın qədim istehkam quruluşu, sonrakı əsrlərdə mühafizə divarları bürclərlə möhkəmləndirilib, daha sonrakı tarixi dövrlərdə isə qalanın ərazisi ikiqat qala divarı ilə əhatə olunub. Qala X-XII əsrlərdə oğuz-türk təməli üzərində Səlcuqlar tərəfindən tikildiyi ehtimal edilir. Bunu qalanın memarlıq quruluşu, divarlar üzərində qismən salamat qalmış bir divar yazısı da sübut edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, qalanın mühafizə divarları kobud yonulmamış daşlarla, əsasən əhəng məhlulu ilə hörülüb. Qüllələri olan divarlar kifayət qədər hündür və əzəmətli görkəmə malikdir. Plana görə qala divarları türk-oğuz simvolu olan səkkizbucaqlı ulduza bənzədilib. Bu formalı qalalara Azərbaycan ərazilərində çox nadir hallarda rast gəlinir.

Qala divarlarınin küncləri hündür qüllələrlə əhatələnib. Yeddi qüllə düzbucaqlı formada yeddi üzlü və əsas tağlı giriş qapısının açıldığı yerdə tikilən səkkizinci qüllə isə dairəvi planda tikilib. Qala divarlarının bütün çevrəsi boyunca ensiz dar pəncərələr açılır. Qala divarının sonuncu bürcün cənub-qərb tərəfində o qədər də işlək olmayan kiçik giriş qapısı da vardır. Qüllələrin zirzəmiləri bir qayda olaraq döyüş sursatı saxlanılan anbar kimi istifadə olunurmuş.

Ehtimal olunan mühasirəni yarmaq üçün, Qalanın mərkəzindən başlanan və cənub-qərb qala divarının orta hissəsindən keçərək qalanın qərbində yerləşən dərəyə çıxan gizli yol olub. Bu yolun XI-XIII əsrlərə aid olduğu ehtimal olunur. Gizli yol böyük bazalt plitələrlə tikilmiş, plitələrin üzəri kiçik daşlarla bağlanıb.

F.İsmayılov, həmçinin diqqətə çatdırıb ki, qalanın, bürcləri üçmərtəbəli dairəvi formada, qırmızımtıl təmiz yonulmuş və cilalanmış tuf daşlarla inşa edilib. Qala daxilindəki bütün binalar bir qayda olaraq düzbucaqlı formada tavanı tağla tikilib. Binaların daxili divarları suvaqlı, döşəmələrinə daş plitələr döşənib. Binaların içərisi tavanda açılmış yarıqlarla işıqlandırılırdı. Qala divarının cənub-qərb qülləsi üzərində qalanın 1174-cü ildə tikildiyi bildirilən ərəb qrafikası ilə yazılan bir yazı lövhəsi indiyədək qalmaqdadır. Daş lövhənin əksər yazılarının oxunmaz hala gətirilməsinə baxmayaraq, bu lövhənin varlığı qala haqqında erməni təbliğatının kökündən yalan və uydurma olduğunu sübut edən yeganə dəlildir.

 

Qalanın yaşayış evlərindən fərqli olaraq, qüllələrin içərisində pəncərələr olub. Qalanın cənub-qərb küncündə açılan qapı, qalanın yeganə giriş qapısıdır. 1583-cü ildə qalanın mühafizə divarları buradakı Osmanlı ordusunun komandanı tərəfindən yenidən bərpa edilərək möhkəmləndirilib. Bu məlumatı erməni mənbələri də təsdiq edirlər.

Qalanın strateji əhəmiyyətini nəzərə alan İrəvan xanı Hüseynqulu xan Sərdar 1812-ci ildə qala və onu əhatə edən mühafizə divarlarını yenidən quraraq daha güclü və keçilməz qala divarı ilə əhatə olunmasına nail olub və 20 hektar ərazini keçilməz qalaya çevirib.

Bildirilib ki, Hüseynqulu xan Sərdar Azərbaycan sərkərdəsi, siyasi xadim, İrəvan xanı. Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olub. Heç bir əsası olmayan bu məlumatın yalan və uydurma olduğu inkaredilməz faktdır. Məlumdur ki, XX əsrin əvvəllərində Azərbaycanın bu əraziləri ermənilərə 99 illiyə icarəyə verilib. Belə çıxır ki, o dövrdə qalada bərpa-quruculuq işləri aparılmış olsa belə, bu ermənilərin nəzarəti altında aparılmış olmalı idi. Ermənilər isə heç vaxt hansısa bir erməni kilsəsinin və ya kilsələrinin sökülməsinə icazə verməzdilər. Halbuki ermənilərin bu iddialarının yalan olduğunu öz tarixçiləri də etiraf edirlər. Erməni tarixçilərinin yazdıqlarına görə qalada ilk bərpa-təmir işləri XX əsrin əvvəllərində deyil, 1961-ci ildə aparılıb. Ümumilikdə qalanın ümumi tikintisində oğuz-türk elementlərindən istifadə edilməsi və qalanın Səlcuqlar tərəfindən tikilməsi bu abidənin ermənilərə heç bir aidiyyətinin olmadığını göstərir.

 

Tarixçi onu da bildirib ki, qalada ilk “bərpa” adı ilə təmir işləri 1961-ci ildə aparılıb. Qalanın divarlarında mövcud olan bədii daş nümunələri, onun haqqında yazılı mənbələr, eləcə də bəzi istehkamlar, məscid və qala kompleksinin tikilmə tarixi haqqında bütün məlumatlar, rəmzlər və digər memarlıq elementləri ermənilər tərəfindən “bərpa və quruculuq” işləri adı ilə aparılan təmir zamanı silinib, dağıdılıb və yox edilib. 1989-1990-cı illərdə qala divarının şimal hissəsində qazıntı işləri aparılıb, nəticədə qalada ermənilərə aid heç bir dəlil aşkarlanmayıb. Bunun davamı olaraq 2005-2007-ci illərdə Ermənistan hökumətinin dəvəti ilə əraziyə gələn, Milan Erməni Mədəniyyətinin Tədqiqat və Bərpa Mərkəzinin əməkdaşlarının iştirakı ilə qala divarının əsas tağlı girişinin daxili tərəfində qazıntılar aparılsa da, nəticəsiz oldu, erməni mədəni irsinə aid heç bir dəlil tapılmadı. 2011-2012-ci və 2015-ci illərdə qalanın qərb və cənub-qərb hissələrində Ermənistanın “Tarixi Ətraf Mühitin Mühafizəsi Xidməti və Tarix-Mədəniyyət Muzey-Qoruqları” adlı təşkilat tərəfindən yenə nəticəsiz qazıntı işləri aparıldı. Erməni mədəni-irsinə aid yenə də heç nə tapılmadı.

Bütün bu olanlardan sonra Ermənistan hökuməti tərəfindən 2015-ci ildə qalanın ərazisində olan “yad” tikililərin sökülməsi barədə qərar verildi. Bu qərardan sonra qala divarları, daxilindəki yaşayış evlərinin, inzibati binaların, istehkamların və digər memarlıq qurğularının qalıqları sökülərək yox edildi. Onların yerində qırmızı tuf daşlardan qalanın mənşəyinə uyğun olmayan binalar və erməni kilsəsi tikildi. Bundan sonra qala Ermənistanın mədəni-irs siyahısına salındı.