Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır

Qanlı Yanvar hadisələrindən 34 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.

<Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır

AZƏRTAC xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır, şəhid məzarları üzərinə qərənfillər düzülür. 20 Yanvar xalqımızın tarixinə təkcə faciə kimi deyil, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Odur ki, şəhid məzarları önündə baş əyən on minlərlə insanın simasında kədərlə yanaşı, qürur hissləri oxunur.

Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, veteranları, gəncləri, məktəbliləri görmək olar. Bu, xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə dərin hörmət və ehtiramının parlaq ifadəsidir.

Bu gün təkcə Bakıda deyil, bölgələrdə və xarici ölkələrdə də kütləvi anım tədbirləri və mərasimlər keçirilir, şəhidlərin ruhuna dualar oxunur.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Azərbaycana qarşı hərbi təcavüz həyata keçirdi. Yüz minlərlə soydaşımızın Qərbi Azərbaycandan deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına etiraz əlaməti olaraq keçirilən kütləvi aksiyaları dağıtmaq, geniş vüsət alan milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə Bakıya və bölgələrə yeridilən hərbi kontingent dinc əhaliyə qarşı amansız qırğın törətdi. Nəticədə 150 mülki şəxs qətlə yetirildi, 700-dən çox insan ağır yaralandı.

Faciəvi hadisələrin səhəri günü Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş bu cinayəti kəskin şəkildə pislədi, günahkarların cəzalandırılmasını tələb etdi.

20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.

Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar əlilləri və şəhid ailələrindən diqqət və qayğını əsirgəmir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlillərinə və şəhid ailələrinə mənzillər, minik avtomobilləri verilib. 20 Yanvar şəhidinin ailəsi və 20 Yanvar əlilliyi üçün Prezident təqaüdünün məbləği artırılıb.

X X X

Axıdılan şəhid qanları hədər getmədi. Xalqımız müstəqilliyə qovuşdu, 30 il işğal altında qalan torpaqlarımız döyüş meydanında azad olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı.

Çox keçmədən Qarabağ Zəfərinin gözlənilən davamı gəldi. 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda separatçıların mövcudluğuna son qoyuldu. Terrorçulardan təmizlənən Xankəndidə, Xocalıda, Əsgəranda və digər ərazilərdə Dövlət Bayrağımız ucaldıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.

Azadlığa və zəfərlərə gedən yolda ilk cığır açmış, canını fəda etmiş şəhidlərimiz heç vaxt unudulmayacaq, onların parlaq xatirəsi qəlbimizdə daim yaşayacaq.