Azərbaycan iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir

Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan ötən dövr ərzində mühüm nailiyyətlər qazanıb. Vətən müharibəsində qazandığımız şanlı Zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Eyni zamanda, dövlətimizin başçısının uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Azərbaycan qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə göstərib.

<Azərbaycan iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir

Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması, təhlükəsizlik baxımından sabit ölkə kimi fərqlənməsi bütün dünya ictimaiyyətinə məlumdur. Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyinin ölkəmizə həvalə edilməsi Azərbaycan Prezidentinin növbəti qələbəsidir. Dövlətimizin başçısı bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini və beynəlxalq aləmdə böyük etimad qazandığını bütün dünyaya nümayiş etdirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvü Sevinc Fətəliyeva söyləyib.

Deputat bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir. Məlumdur ki, dövlətimiz tərəfindən bu istiqamətdə mühüm layihələr həyata keçirilir. O cümlədən Prezident İlham Əliyev işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrini də “yaşıl enerji” zonası elan edib. Həmin ərazilərdə görülən işlərin qürurverici olduğunu diqqətə çatdıran deputat deyib: “Əlbəttə ki, beynəlxalq ictimaiyyət Azərbaycanın bu fəaliyyətini görür və dəyərləndirir. Biz şahidi olduq ki, Münxen Təhlükəsizlik Konfransında dünya ölkələrinin və beynəlxalq təşkilatların rəhbərləri, rəsmi şəxslər Azərbaycan Prezidenti ilə görüş üçün müraciətlər edirdilər. Görüşlərdə əsas mövzulardan biri də COP29-la bağlı idi. Bu mötəbər tədbirlə əlaqədar ölkəmizə əməkdaşlıq təklif olunur, Azərbaycana inam ifadə edilirdi. Bütün bunlar onu göstərir ki, bu il ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişikliklərinə qarşı səyləri səfərbər etməklə, bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzində olacaq. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu baxımdan müstəsna əhəmiyyət kəsb edir”.

Təşkilat komitəsinin inklüzivliyinə gəlincə, S.Fətəliyeva qeyd edib ki, iqlim dəyişikliyi və ekoloji problemlər öz təsirini hər bir sahəyə göstərir. Ona görə də bu məsələlərin bütün sahələrə aidiyyəti var. Məlumdur ki, hökumət səviyyəsində bu məsələ ilə bağlı müvafiq qərarlar qəbul olunur. Bu baxımdan Təşkilat Komitəsində hökumət üzvlərinin yer alması təbii qanunauyğunluqdur. Təşkilat Komitəsində deputatların da təmsil olunduğunu bildirən komitə sədrinin müavini bunu mütəmadi olaraq ekoloji sahədə qanunvericiliyin tənzimlənməsinə və təkmilləşdirilməsinə ehtiyac duyulması ilə izah edib. Onun sözlərinə görə, əsas məqamlardan biri burada vətəndaş cəmiyyətinin təmsil olunmasıdır.

“Nəzərə almaq lazımdır ki, ekologiya və ətraf mühitlə bağlı problemlərlə məşğul olmaq təkcə hökumətin və qanunverici orqanın işi deyil. Bu, hər bir vətəndaşın məsuliyyətidir. Çünki ekologiyanın, ətraf mühitin qorunması bütövlükdə cəmiyyətin hər bir fərdindən də asılıdır. Ona görə də vətəndaş cəmiyyəti tərəfindən bu istiqmaətdə maarifləndimə işlərinin aparılması olduqca zəruridir”, - deyə deputat vurğulayıb.