Ankaradakı Heydər Əliyev orta məktəbində Ulu Öndəri anma mərasimi keçirilib.....

Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan xalqının xilaskarı, türk dünyasının böyük oğlu və iftixarı, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub.

<Ankaradakı Heydər Əliyev orta məktəbində Ulu Öndəri anma mərasimi keçirilib.....

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ankaradakı Heydər Əliyev Parkı ziyarət olunub. Ulu Öndərimizin parkda ucalan heykəli önünə əklillər düzülüb, əziz xatirəsinə ehtiram göstərilib.

Sonra anma mərasimi Ankaradakı Heydər Əliyev orta məktəbində davam edib.

Mərasim bir dəqiqəlik sükut, Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Heydər Əliyev məktəbinin direktoru Oktay Kabasakal, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar çıxışlarında dahi şəxsiyyətin zəngin, mənalı həyat və fəaliyyətindən danışıblar. Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycan-Türkiyə qardaşlığının inkişafına verdiyi böyük əhəmiyyətdən, təhsilə göstərdiyi diqqət və qayğıdan bəhs olunub.

Diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən şüarları həyat gerçəkliyinə çevrilib. Hər bir şagird yüksək tərbiyəsi və təhsili ilə layiqli vətəndaş kimi formalaşıb ölkələrimizə və xalqlarımıza xidmət etməlidir. Heydər Əliyev kimi dahi şəxsiyyətin adını daşıyan məktəbdə oxumaq böyük xoşbəxtlik və xüsusi məsuliyyətdir.

Çıxışlardan sonra şagirdlər ulu öndər Heydər Əliyev şəxsiyyətinə həsr etdikləri yazılardan parçalar oxuyublar.

Məktəb üzrə keçirilmiş inşa, şeir və rəsm yarışmasının qaliblərinə mükafatlar təqdim olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara