AMEA-nın prezidenti: Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması böyük hədəflərə hesablanmış layihədir

Türkiyə-Azərbaycan Universitetinin Bakıda açılacağı və fəaliyyətə başlayacağı günü Azərbaycan xalqı böyük səbirsizliklə gözləyir. Dövlət başçısı İlham Əliyevin yenidən prezident seçildikdən sonra Türkiyəyə ilk rəsmi səfəri zamanı Türkiyə-Azərbaycan Universitetinin yaradılması haqqında sazişin imzalanması sözün əsl mənasında iki qardaş ölkə arasında münasibətlərin yeni bir inkişaf mərhələsinə daxil olduğunu göstərdi.

<AMEA-nın prezidenti: Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması böyük hədəflərə hesablanmış layihədir

Bu universitetin açılması Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirməklə yanaşı, dövlətlərarası münasibətlərimizi inkişaf etdirəcək çox əhəmiyyətli bir hadisədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli deyib.

Akademik yeni nəslin formalaşmasında bu universitetin müstəsna əhəmiyyətini vurğulayıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fikri altında Azərbaycan-Türkiyə münasibətlərində böyük nailiyyətlər əldə olunub. Bu nailiyyətləri gələcək nəsillərə çatdırmaq üçün yetkin, vətənpərvər, dövlətlərimizin və xalqlarımızın ortaq dəyərlərini dərindən mənimsəyən yeni gənclər yetişməlidir. Məhz bu baxımdan Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması böyük hədəflərə hesablanmış layihədir.

İ.Həbibbəyli AMEA-nın Türkiyə-Azərbaycan Universitetinin kadr potensialının formalaşmasına öz töhfəsini verməyə hazır olduğunu vurğulayıb.