Xalqın qəlbində əbədiyyət qazanmış dahi şəxsiyyət.....

“Heydər Əliyev İli” çərçivəsində noyabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının və Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Xalqın qəlbində əbədiyyət qazanmış dahi şəxsiyyət” adlı tədbir keçirilib.

<Xalqın qəlbində əbədiyyət qazanmış dahi şəxsiyyət.....

AZƏRTAC xəbər verir ki, tədbirdən öncə Yasamal rayonu ərazisində Şəhidlər Xatirə Kompleksi ziyarət edilib.

YAP Yasamal rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Nə qədər ki Azərbaycan var, Heydər Əliyev də var olacaq!” adlı sənədli film nümayiş olunub.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs edib. Qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir: “Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib”.

2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini diqqətə çatdıran YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr milli dövlətçilik tarixində mühüm yer tutur: “Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanış dövrü oldu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli Lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib. Bu, heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq”.

Digər çıxış edənlər Ulu Öndərin milli-mənəvi dəyərlərimizə verdiyi qiymətdən, yaradıcı insanlara qayğısından danışıblar və bu istiqamətdə xatirələrini bölüşüblər. Ulu Öndərin müstəsna xidmətlərinin hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacağını qeyd edərək vurğulayıblar ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.

Ulu Öndər Heydər Əliyevin öz həyat və fəaliyyətini Azərbaycanın inkişafına həsr etdiyini diqqətə çatdırılıb. Bildirilib ki, Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. Belə tədbirlərin keçirilməsi də dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının təbliğində vacib rol oynayır. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət müstəqilliyimiz məhz Ümummilli Liderin qətiyyəti, zəngin təcrübəsi, güclü iradəsi, xalqına bağlılığı sayəsində əbədi xarakter alıb. Ölkəmizin inkişafının təməlində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən çoxşaxəli siyasətin Prezident İlham Əliyev tərəfindən son 20 ildə məzmun və keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi dayanır. Ərazi bütövlüyü və suverenliyini təmin edən Azərbaycan bu gün heç kimdən asılı deyil, özü öz taleyinin sahibi olmaqla yanaşı dünyada söz sahibi olan dövlətlərdən birinə çevrilib.

Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.