Xalqa bağışlanmış ömürdən anlar: 2003-cü ilin apreli.....

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla AZƏRTAC təqdim edir.

<Xalqa bağışlanmış ömürdən anlar: 2003-cü ilin apreli.....

X X X

2 aprel. Prezident Heydər Əliyev yəhudi təşkilatlarının nümayəndə heyətini qəbul etdi.

3 aprel. Sumqayıtda geniş müşavirə keçirdi.

10 aprel. Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin nümayəndə heyətini qəbul etdi.

12 aprel. Linkoln Universitetinin fəxri doktoru adına layiq görüldü.

15 aprel. Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul etdi.

17 aprel. Rum patriarxı I Varfolomeylə görüşdü.

18 aprel. ABŞ-ın NATO Komitəsinin həmsədri Brüs Ceksonu qəbul etdi.

19 aprel. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illiyinə həsr olunmuş tədbirdə iştirak etdi.

21 aprel. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyi münasibətilə Respublika sarayında keçirilən təntənəli mərasimində nitq söylədi.

28 aprel. İran İslam Respublikasının xarici işlər naziri Kamal Xərrazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

X X X

2003-cü il aprelin 2-də yəhudi təşkilatlarının nümayəndə heyətini qəbul edən Prezident Heydər Əliyev bildirdi ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb. Yəhudilər ölkəmizin ictimai-siyasi həyatında həmişə yaxından iştirak ediblər. Onların arasında neçə-neçə tanınmış elm, mədəniyyət, səhiyyə xadimləri olub. Son illər təşəkkül tapmış siyasi sabitlik nəticəsində Azərbaycandan köçüb gedən yəhudilərin, eləcə də başqa millətlərin nümayəndələrinin sayı xeyli azalıb. Azərbaycanda yəhudilər həmişə rahat və yaxşı yaşaya bilərlər.

Ümummilli Lider aprelin 15-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətini qəbul edərkən diqqəti ilk növbədə Ermənistanın işğalçılıq siyasətinə yönəltdi və bunun acınacaqlı nəticələrindən danışdı. Qeyd etdi ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazilərindən bütün azərbaycanlı sakinlər zorla çıxarılıblar, yaxud da müharibə nəticəsində çıxmağa məcbur olublar. Prezident Heydər Əliyev AŞPA nümayəndə heyətinə ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi tarixini bir daha xatırlatdı.

Sitat: “Yəqin ki, siz ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi tarixini bilirsiniz. Mən bu barədə sizə demək istəmirəm. Vaxtilə Türkiyədən, İrandan erməniləri buraya xüsusi olaraq köçürüblər və ermənilər Azərbaycan ərazisində yaşamağa başlayıblar. Olsun, yaşasınlar, burada belə bir problem yoxdur. Ancaq təəssüflər olsun ki, bunların özləri, ideoloqları tamamilə başqa fikirlərlə yaşayırmışlar. Yerləşdikləri torpaqlarla razılaşmayaraq, öz ərazilərini genişləndirməyə çalışmışlar və buna müəyyən qədər də nail olmuşlar”.

2003-cü ilin apreli Cəmşid Naxçıvanski adına hərbi liseyin 30 illiyinə həsr olunmuş yubiley tədbirləri ilə əlamətdar oldu. Aprelin 19-da liseydə keçirilən mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev bu hərbi məktəbin onun üçün doğma övlad kimi olduğunu vurğuladı. Ümummilli Lider, həmçinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasının böyük çətinliklər hesabına başa gəldiyini xatırlatdı və onun 30 ildə keçdiyi inkişaf yolunu, hərb sənətinə artan marağı yüksək qiymətləndirdi.

“1971-ci ildə – artıq 30 ildən çox vaxt keçibdir – mən hansı çətinliklərlə bu liseyin əsasını qoydum və hərbi sahədə ixtisaslaşdırılmış orta məktəb yaratdım. Burada muzeydə mənə dedilər ki, o vaxt biz məktəbə gəncləri, uşaqları cəlb edirdik. Ancaq bu iş o qədər də uğurla getmirdi, çünki çoxları bunun nə olduğunu anlamırdı. Məktəbin birinci buraxılışında, yəni ilk qəbuldan üç il sonra buranı qurtaranlar cəmi 49 nəfər olubdur. Amma indi baxın, hərbi lisey böyük bir ordu hissəsi təsəvvürü yaradır. İldə 800 nəfər qəbul olunur. 600 nəfəri burada, 200 nəfəri isə liseyin Naxçıvan filialında. Bu, gözəl nəticədir”, - deyə Prezident bildirdi.

Ulu Öndər daha sonra kursantlara müraciətlə dedi: “Mən inanıram ki, burada əla qiymətlərlə oxumağa çalışacaqsınız. Fiziki cəhətdən özünüzü möhkəmləndirəcəksiniz. Ali hərbi məktəblərə girmək üçün lazımi bilik toplaya biləcək və gələcəkdə Azərbaycanın dəyərli zabitləri olacaqsınız, ordumuza xidmət edib Azərbaycanın müdafiəsinə öz xidmətlərinizi göstərəcəksiniz. Ən əsası isə, Azərbaycanın zəbt olunmuş torpaqlarının erməni işğalçılarından azad edilməsi üçün bizim daha güclü zabit heyətimiz olacaqdır”.

Aprelin 21-də Respublika sarayında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirildi. Tədbirdə nitq söyləyən Prezident Heydər Əliyev bu liseyin yaranmasını və o vaxtdan ardıcıl fəaliyyət göstərməsini, yüksək nəticələr əldə etməsini Azərbaycanın həyatında tarixi hadisə kimi dəyərləndirdi.

Sitat: “Bu məktəbi yaradanda heç vaxt ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu mənə qismət olub və çox şadam ki, həqiqətən belə bir şərəfli iş mənə nəsib olubdur. 30 il az vaxt deyildir. 1972–1973-cü illərdə məktəbə daxil olmuş gənclər, uşaqlar indi burada çıxış edirdilər. İndi onlar generaldırlar, polkovnikdirlər, korpusa komandanlıq edirlər, böyük hərbi hissələrə komandanlıq edirlər. Mənim arzum bu idi. Mən bu arzuma çatmışam. Ona görə də özümü çox xoşbəxt hiss edirəm”.

Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinə tarix özü şahidlik edir. Bu dahi şəxsiyyət sanki illər arxasından gələcəyi görür və hiss edirdi ki, Azərbaycan nə vaxtsa müstəqillik qazanacaq, onun sərhədlərini, ərazi bütövlüyünü qorumaq üçün ordu lazım olacaq. SSRİ rəhbərliyi Azərbaycanda hərbi məktəb yaradılmasına razılıq vermirdi. Ancaq Heydər Əliyev bütün çətinliklərə sinə gərərək bu hərbi liseyin yaradılmasına nail oldu. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş SSRİ-nin müxtəlif şəhərlərində xidmət edən liseyin məzunları ölkəyə qayıtdılar və ordu quruculuğunda, Vətənin müdafiəsində yaxından iştirak etdilər.

Cəmşid Naxçıvanski adına Hərbi Lisey şərəfli döyüş yolu keçib, 20-dən çox general, bir admiral yetişdirib. Liseyin yetirmələrindən 11-i Milli Qəhrəman, 18-si isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, yüzlərlə məzun orden və medallarla təltif edilib. Vətən torpaqları uğrunda döyüşlər zamanı canını qurban verən qəhrəmanlar sırasında bu liseyin məzunu olan neçə-neçə hərbçi var.