Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin iyunu.....

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla AZƏRTAC təqdim edir.

<Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin iyunu.....

X  X  X

4 iyun. Prezident Heydər Əliyev “Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası – 2002” IX beynəlxalq sərgi və konfransının təntənəli açılış mərasimində iştirak etdi.

İtaliyanın energetika, sənaye və istehsal nazirinin müavini Mario Valduççini, Norveç Krallığının neft sənayesi və energetika üzrə dövlət katibi xanım Brit Skelbredi və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

5 iyun. Böyük Britaniyanın, Türkiyənin, “Samsunq Elektroniks” şirkətinin nümayəndə heyətlərini qəbul etdi.

6 iyun. ABŞ Prezidentinin Xəzər hövzəsinin enerji ehtiyatlarının inkişafı üzrə xüsusi müşaviri səfir Stiven Mənn başda olmaqla ABŞ nümayəndə heyəti ilə görüşdü.

8-9 iyun. Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Sankt-Peterburqda səfərdə oldu.

13 iyun. Dövlət İqtisad Universitetinin 70 illik yubileyində iştirak etdi.

14 iyun. London şəhərinin merini qəbul etdi.

15-19 iyun. Naxçıvanda səfərdə oldu. Səfər çərçivəsində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında, “N” hərbi hissəsində görüşlər keçirdi, Naxçıvan Olimpiya kompleksinin açılış mərasimində iştirak etdi, Naxçıvan sakinləri ilə görüşdü. Muxtar respublikanın hakimiyyəti orqanlarının nümayəndələri ilə müşavirədə və Bəhruz Kəngərli muzeyinin təntənəli açılış mərasimində nitq söylədi.

24-28 iyun. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 10 illik yubileyi ilə əlaqədar Türkiyədə işgüzar səfərdə oldu.

X  X  X

2002-ci ilin iyununda Prezident Heydər Əliyevin Sankt-Peterburqa səfəri proqramının zənginliyi ilə diqqət çəkirdi. Ulu Öndər burada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşdü, dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılış mərasimində iştirak etdi. “Sivilizasiyaların dialoqu” beynəlxalq Andrey Pervozvannı mükafatının təqdim edilməsi mərasimində nitq söylədi. Habelə Rusiyanın şimal paytaxtında yaşayan soydaşlarımızla görüşdü.

Sankt-Peterburqa Nizami Gəncəvinin abidəsinin açılışında çıxış edən Prezident Heydər Əliyev bu hadisəni dünya mədəni irsinə böyük ehtiramın ifadəsi, Azərbaycan xalqına bəslənilən dostluq və qardaşlıq hisslərinin təzahürü kimi qiymətləndirdi. Eyni zamanda, İkinci Dünya müharibəsi zamanı, mühasirə günlərində, Ermitajın soyuq salonlarında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyinin təntənəli şəkildə qeyd olunmasını xatırlatdı. Ulu Öndər Sankt-Peterburqda Nizami yaradıcılığının öyrənilməsi sahəsində böyük işlər görüldüyünü vurğulayaraq dedi: “Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyin tükənməz mənbəyi olan insan dayanır. Nizami insanın cəmiyyətdəki rolunu özünün dünyagörüşü süzgəcindən keçirərək, yaradıcılığında antik yunan və Roma irsini, Şərq fəlsəfəsini və Şərq poeziyasının çoxəsrlik ənənələrini əks etdirə bilmişdir. Nizaminin ürəkləri vəcdə gətirən təkrarolunmaz lirikası və qəhrəmanlıq eposunda onun həqiqi humanizm ideyalarını ehtiva edən fəlsəfi konsepsiyası öz əksini tapmışdır”.

Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olması, torpaqlarımızın işğal altında qalması Milli Ordumuzun hər vəchlə gücləndirilməsini tələb edirdi. Bu məsələni daim diqqətdə saxlayan, ordu quruculuğu sahəsində davamlı addımlar atan Prezident Heydər Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı

“N” hərbi hissəsində keçirilən görüşdə Azərbaycan Silahlı Qüvvələrini dövlətimizin ən böyük dayağı və sütunu adlandırdı, çox qısa bir müddətdə güclü Milli Ordu yaradılmasını böyük nailiyyət kimi dəyərləndirdi.

Sitat: Azərbaycanın dövlət müstəqilliyinin ən dəyərli nəticələrindən biri Azərbaycanın Milli Ordusunun yaranması, təşkil olunması və onun müasir tələblərə uyğun hazırlanmasıdır. Hər bir dövlət öz dövlətçiliyini qüdrətli etmək istəyirsə, onun güclü ordusu olmalıdır. Biz bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, tarixi nöqteyi-nəzərdən çox qısa bir zamanda Azərbaycanda güclü Milli Ordu yaranıbdır.

Çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Ulu Öndər torpaqlarımızın işğaldan azad ediləcəyinə, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz elinə-obasına qayıdacağına əmin olduğunu bildirdi, Milli Ordumuzun gələcəyi barədə nikbin fikirlər söylədi: “Sülh danışıqlarını apararkən, biz daim öz hərbi potensialımızı, müdafiə potensialımızı gücləndirməliyik, ordumuzu gücləndirməliyik. Bizim ordumuz nə qədər güclü olsa, apardığımız danışıqlarda bir o qədər də uğurlar əldə edə bilərik. Mən inanıram ki, bizim ordumuz indiyə qədər gücləndiyi kimi, bundan sonra da günbəgün güclənəcəkdir”.

Belə də oldu. Sonrakı illərdə Prezident İlham Əliyevin nəticəyə hesablanmış siyasəti sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birinə çevrildi. Məhz bu ordu üç il əvvəl 44 günlük Vətən müharibəsində tarixi Qələbəyə imza ataraq, Ermənistan ordusunu darmadağın etdi və torpaqlarımızın 30 illik işğalına son qoydu. Məhz bu ordu 2023-cü il sentyabrın 19-20-də lokal antiterror tədbirləri çərçivəsində Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin hərbi texnikasını, silah-sursat anbarlarını, atəş nöqtələrini cəmi 24 saat ərzində dəqiq zərbələrlə sıradan çıxararaq, separatçıları ağ bayraq qaldırmağa, təslim olmağa məcbur etdi.

Azərbaycan Prezidenti Heydər Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün iyunun 24-də İstanbula gəldi. Bu səfər Ankarada Azərbaycan səfirliyi üçün tikilmiş binanın təntənəli açılışı ilə əlamətdar oldu. Ulu Öndər açılış mərasimindəki çıxışında bu binanın Azərbaycanın xaricdə birinci səfirlik binası olduğunu bildirdi və respublikamız üçün önəmli hadisə adlandırdı.

Sitat: Ümid edirəm ki, gələcək illərdə Azərbaycan səfirlikləri olan bütün ölkələrdə öz binalarını tikəcəkdir. Ancaq Azərbaycanın Türkiyədəki, Ankaradakı səfirliyinin binası yenə də birincidir. Necə ki, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan birinci ölkədir, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliyinin birincisi Ankaradadır.

Prezident Heydər Əliyev, iyun ayında, həmçinin “Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası – 2002” IX beynəlxalq sərgi və konfransının təntənəli açılış mərasimində iştirak və çıxış etdi. Çıxışında səkkiz il əvvəl böyük səylər hesabına imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətindən danışan Ulu Öndər Azərbaycanın yeni neft strategiyasının bundan sonra da müsbət nəticələr verəcəyinə inamını dilə gətirdi.

X  X  X

Heydər Əliyevin “Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası – 2002” IX beynəlxalq sərgi və konfransının açılışındakı nitqindən

• "Əsrin müqaviləsi"nin imzalanması dünya və xüsusən neft və qaz hasilatı ilə məşğul olan ölkələr, ümumiyyətlə, enerji ehtiyatlarına maraq göstərən ölkələr üçün mühüm hadisəyə çevrilmişdir. Bəlkə də bu, möcüzə kimi qəbul olunmuşdu.

• 1994-cü ildə biz bu addımı atdıq. Buna inanmayanlar, bunu fantaziya hesab edənlər vardı. Bizim bu işimizə mane olmağa çalışanlar vardı. Dərhal dünyanın bir çox mərkəzlərindən səslər gəldi ki, Xəzərin hüquqi statusu müəyyən olunmayana qədər dənizdə belə genişmiqyaslı iş görmək olmaz. Bizim bu işimizə etiraz etdilər. Ancaq biz atdığımız addıma çox inanırdıq və bununla bərabər, çox əzmlə hərəkət edirdik. İndi bizim əldə etdiyimiz nailiyyətlər göz qabağındadır.

• Xəzər dənizi, Xəzər hövzəsi indi dünyanın ən zəngin neft və qaz yataqlarına malik olan bir bölgə kimi tanınmışdır. Buna görə də Xəzəryanı ölkələr son illər öz sahillərində, öz sektorlarında neft və qaz hasilatı ilə məşğul olmağa başlamışlar. Bu işin çox böyük gələcəyinə, perspektivlərinə inanırlar.

• Azərbaycanın dövlət neft strategiyası bundan sonra da öz müsbət nəticələrini verəcəkdir. Ölkəmizdə gördüyümüz bu işlər, dediyim kimi, dövlət müstəqilliyimiz sayəsində mümkün olmuşdur. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulmasının nəticəsidir. Azərbaycanda demokratik dəyərlərin, bazar iqtisadiyyatının bərqərar olunmasının nəticəsidir. Biz bunları, təbiidir ki, ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi üçün, xalqımızın rifah halının yaxşılaşdırılması, müstəqil Azərbaycan dövlətinin iqtisadi cəhətdən daha da qüdrətli olması üçün edirik. Biz bu yolumuzu bütün istiqamətlərdə davam etdirəcəyik.