Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin sentyabrı.....

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla AZƏRTAC təqdim edir.

<Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin sentyabrı.....

X X X

1 sentyabr. Prezident Heydər Əliyev yeni dərs ilinin başlanması münasibətilə Səbail rayonundakı 6 nömrəli məktəb-liseydə keçirilən tədbirdə nitq söylədi.

3 sentyabr. Ali məktəblərə yüksək balla qəbul olmuş tələbələrlə görüşdü.

5 sentyabr. 2002-ci il dövlət büdcəsi layihəsinin hazırlanmasına və cari büdcə ödəmələrinin vəziyyətinə həsr olunmuş müşavirə keçirdi.

6 sentyabr. Türkiyə nümayəndə heyətini qəbul etdi.

12 sentyabr. ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilson ilə görüşdü.

15 sentyabr. Avropa Şurası Parlament Assambleyasının sədri Rassel Constonu qəbul etdi.

20 sentyabr. GUÖAM ölkələri qadınlarının birinci əməkdaşlıq forumunun iştirakçıları ilə görüşdü.

22 sentyabr. Neftçilər Gününə həsr olunmuş təntənəli mərasimdə nitq söylədi.

27 sentyabr. Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Camal Hüseyn Fahat əl-Ömərin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

29 sentyabr. Azərbaycana rəsmi səfərə gəlmiş Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə birgə bəyanat və digər sənədlər imzaladı.

X X X

Prezident Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə təhsil məsələlərini daim diqqətdə saxlayır, gərgin iş qrafikinə baxmayaraq, imkan olduqca məktəblərə baş çəkir, müəllim və şagirdlərlə görüşür, öz dəyərli tövsiyələrini verirdi. Belə görüşlərdən biri də 2001-ci il sentyabrın 1-də yeni dərs ilinin başlanması münasibətilə Səbail rayonundakı 6 nömrəli məktəbdə keçirildi. Ulu Öndər məktəbə gələrək tədris ili ərəfəsində burada aparılmış təmir işləri ilə tanış oldu, sinif otaqlarını gəzdi, birinci sinif şagirdlərinə xoş arzularını çatdırdı, müəllim kollektivi ilə görüşdü. Tədbirdə nitq söyləyən Ulu Öndər təhsilin maliyyələşdirilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi barədə fikirlərini bölüşərək vurğuladı ki, gərək bu sahədə heç bir kəsir və çatışmazlıq olmasın.

Sitat: Bilməlisiniz ki, bizim büdcədə ən çox payı olan təhsil sistemidir. Bu da təsadüfi deyildir. Başqa sahədə ola bilər, kəsirlər də olsun, amma təhsildə yox. Çünki təhsildə olan kəsir, çatışmazlıq bizim gələcəyimizə xətalar yaradacaqdır. Buna görə də təhsil dövlət tərəfindən maliyyələşdirilir... Bundan sonra da biz Azərbaycanda təhsilin inkişafını özümüzün siyasətimizin öncül sahəsi hesab edəcəyik, bundan sonra da səylərimizi davam etdirəcəyik.

Qeyd edək ki, Ulu Öndərin illər öncə müəyyənləşdirdiyi təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı deyir ki, “Uşaqlar yaxşı məktəblərdə oxumalıdırlar, müəllimlər yaxşı məktəblərdə dərs deməlidirlər”. Məhz bu konsepsiya əsas götürülərək ən müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması istiqamətində davamlı iş aparılır. Son 20 ildə ölkəmizdə 3600 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Yeni məktəb binalarının əksəriyyətinin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəxsən iştirak ediblər. Bu, təhsilə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğının əyani göstəricisidir.

Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Təhsilə dəstək” və digər önəmli layihələr uğurla reallaşdırılıb.

2001-ci il sentyabrın 3-də Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdü təsis edildi. Elə həmin gün Ulu Öndər ali məktəblərə yüksək bal toplayaraq qəbul olmuş tələbələrlə görüşdü. Həmin görüşdə 25 tələbəyə Prezident təqaüdü təqdim edildi. Ümummilli Lider gənclərin ildən-ilə yüksək nəticə əldə edərək ali məktəblərə qəbul olmasını təqdir edərək dedi: “Azərbaycanda bu il ali məktəblərə, universitetlərə 25 minə yaxın gənc qəbul olunubdur. Bu, çox gözəl bir hadisədir. Ali məktəblərə, universitetlərə qəbul olunmuş bu 25 min tələbənin içərisindən yüksək nəticə əldə edənlər də var. Sevindirici haldır ki, bu göstəricilər ilbəil artır”.

Prezident Heydər Əliyev, həmçinin vurğuladı ki, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır. Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun bilikli nümayəndələridir. Onları da yetişdirmək üçün universitetlərin qarşısında çox böyük vəzifələr durur. Universitetlər işlərini təkmilləşdirməli, professor-müəllim heyəti işə daha məsuliyyətlə yanaşmalı, öz biliklərini durmadan artırmalı və gənclərə müasir tələblərə uyğun biliklər verməlidir.

Həmin vaxtdan başlayaraq hər il ali məktəblərə ən yüksək nəticə göstərərək qəbul olmuş 102 gəncə Prezident təqaüdü verilir. Bununla yanaşı, Azərbaycanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” həyata keçirilib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində isə ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xaricdə ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin edilir.

2001-ci ilin sentyabrı həm də ölkədə ilk dəfə qeyd edilən Neftçilər Günü ilə əlamətdar oldu (həmin il avqustun 17-də bununla bağlı Prezident Fərman imzalamışdı). Neftçilər Gününə həsr olunmuş təntənəli mərasimdə nitq söyləyən Ulu Öndər Azərbaycan neft sənayesinin tarixinə nəzər saldı, “Əsrin müqaviləsi”nin, habelə yeni neft strategiyasının əhəmiyyətindən danışdı.

X X X

Heydər Əliyevin Neftçilər Gününə həsr olunmuş təntənəli mərasimdəki nitqindən

• Neftçilər Günü sentyabrın 20-si müəyyən olunmuşdur. Bu da neftçilərin özlərinin arzusu, istəyi nəticəsində müəyyən edilmişdir. Bu, təsadüfi hal deyildir. Çünki 20 sentyabr 1994-cü ildə Azərbaycanın neft sənayesində yeni era başlanıbdır. Müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyasının əməli surətdə həyata keçirilməsinə başlanmışdır.

• XX əsrin əvvəlində Azərbaycanda 13 milyon ton neft çıxarılmışdı. Bu isə dünyada hasil edilən neftin 50 faizindən çox idi. Yəni o vaxt dünyada dedikdə, Amerikanı nəzərə almaq lazımdır. Azərbaycanda 13 milyon ton, Amerika Birləşmiş Ştatlarında 11 milyon ton, təxminən 1 milyon ton Rumıniyada. Başqa heç bir yerdə neftin mövcud olduğu bilinmirdi, neft yataqları kəşf olunmamışdı və neft hasilatına başlanmamışdı.

• Əgər Azərbaycan nefti olmasaydı, təbiidir ki, SSRİ kimi böyük bir dövlətin sənayenin inkişaf etdirilməsindəki nailiyyətləri mümkün olmazdı.

• İkinci Dünya müharibəsi illərində Azərbaycan SSRİ-də hasil edilən neftin 75 faizini verirdi. Bu da faktdır və dəfələrlə müxtəlif səviyyələrdə etiraf edilibdir ki, əgər Azərbaycan nefti, ağır müharibə şəraitində Azərbaycan xalqının, Azərbaycan neftçilərinin qəhrəmanlığı olmasaydı, alman faşizminin qarşısını almaq çox çətin olardı.

• Dünyanın bir çox ölkələri Xəzər dənizinə böyük maraq göstərir və bunun bütün dünya iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyətli olduğunu dərk edirlər. Ancaq bunun əsası, kökü haradadır? Bunun kökü Azərbaycan xalqının, Azərbaycan neftçilərinin gördüyü işlərdədir. Onların əldə etdiyi nailiyyətlərdədir.

• 1993-1994-cü illərdə hazırladığımız yeni neft strategiyası təkcə iqtisadi, kommersiya xarakteri daşımır. Bu, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün ən əsas yollardan biridir. Biz artıq bunun canlı şahidiyik ki, bizim bu fikrimiz, bizim bu arzumuz ötən yeddi il müddətində həyata keçirilibdir.

• 1994-cü il sentyabrın 20-də ilk böyük müqavilə, "Əsrin müqaviləsi" adlanan müqavilə imzalandı. Bu, dünyada bir bomba kimi partladı. Bu, Azərbaycanı bütün dünyaya yenidən tanıtdı.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalandı. Yeni “Əsrin müqaviləsi” adlandırılan sazişlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilədək uzadıldı. Bu, əsası Ulu Öndər tərəfindən qoyulmuş yeni neft strategiyasının həyatiliyini, dünyanın aparıcı şirkətlərinin Azərbaycan neftinə göstərdiyi marağı bir daha əyani surətdə təsdiqlədi.