Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin oktyabrı.....

 Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla AZƏRTAC təqdim edir.

<Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin oktyabrı.....

X X X

2 oktyabr. Prezident Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr edilmiş müşavirədə nitq söylədi.

3 oktyabr. Almaniya Federativ Respublikasının milli bayramı münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak etdi.

10 oktyabr. Türk Dünyası Yazıçılar və Sənətçilər vəqfinin (TÜRKSAN) “Türk Dünyasının Xüsusi Mükafatı”na layiq görüldü.

12 oktyabr. Bakıda Puşkinin abidəsinin açılış mərasimində çıxış etdi.

13 oktyabr. SSRİ Xalq artisti Rəşid Behbudovun xatirə gecəsində nitq söylədi.

16 oktyabr. Ukrayna xarici işlər naziri Anatoli Zlenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

17 oktyabr. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 10-cu ildönümünə həsr olunmuş mərasimdə nitq söylədi.

18 oktyabr. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 10-cu ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxış etdi.

20 oktyabr. BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Barsottini qəbul etdi.

21 oktyabr. Türkiyənin xarici işlər naziri İsmayıl Cemin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

23 oktyabr. ATƏT-in Parlament Assambleyasının sədri Adrian Severinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

26 oktyabr. Dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirdi.

X X X

2001-ci ilin oktyabrı Azərbaycan tarixində dövlət müstəqilliyinin bərpasının 10 illik yubileyi ilə əlamətdar oldu. Yubileyin geniş qeyd olunmasına xüsusi önəm verən Prezident Heydər Əliyev oktyabrın 2-də və oktyabrın 17-də bununla bağlı keçirilən tədbirlərdə, oktyabrın 18-də isə bu münasibətlə təşkil olunmuş rəsmi qəbulda nitq söylədi.

Dövlət müstəqilliyinin bərpasının on illiyinin qeyd edilməsi ilə bağlı mart ayında imzaladığı Fərmandan ötən dövr ərzində görülmüş işləri müsbət qiymətləndirən Ulu Öndər qarşıda duran vəzifələrdən də danışdı. Müstəqilliyin onillik tarixinin dərindən araşdırılmalı olduğunu vurğulayaraq, tarixçi alimlər üçün bir növ yol xəritəsinə bənzər vəzifələr müəyyənləşdirdi: “Bəlkə də bu on ilin gündəliyi yazılmalıdır. Hansı gün nə olub, Azərbaycan hansı gün nə vəziyyətdə olubdur, hansı gün nə fəlakət qarşısında olubdur. Çünki bu dövr, zaman gələcək, Azərbaycan müstəqil bir dövlət kimi daha da möhkəmlənəcək, iqtisadi cəhətdən inkişaf edəcək, Azərbaycan möhkəm və qüdrətli bir dövlət olacaqdır. Ancaq gələcək nəsillər də gərək bunu unutmasınlar. Ona görə də bu on il təhlil edilməlidir. İndi bizim tarixçilər adətən keçmiş əsrləri təhlil edirlər, əsərlər yazırlar, elmi dərəcələr alırlar. Buna etiraz yoxdur, çünki tariximizin hər səhifəsi bizim üçün əhəmiyyətlidir. Ancaq tariximizin bu səhifəsi, bu on illik səhifəsi, hesab edirəm ki, bizim xalqımız üçün və gələcək nəsillər üçün ən əhəmiyyətli bir dövrdür. O mənada ki, faciəli dövrdür, ağır dövrdür, amma eyni zamanda, bu dövrü bizim xalqımız öz müdrikliyi ilə, öz iradəsi ilə yaşadı və bu çətinliklərdən çıxdı. Ona görə də sizin bu kitablarınız davam etməlidir”.

Ümummilli Lider vurğuladı ki, bu on ilə heç də çəhrayı eynək arxasından baxılmamalı, tarix olduğu kimi yazılmalıdır.

Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə mədəniyyətin və incəsənətin inkişafını diqqətdə saxlayırdı. Onun hakimiyyəti illərində yaradıcı insanların yubiley və xatirə gecələrinin keçirilməsi ənənəyə çevrilmişdi. Bu tədbirlərin əksəriyyətində şəxsən iştirak edən Heydər Əliyevin dərin məzmunlu çıxışları həm mədəniyyət xadimləri, həm də ictimaiyyət tərəfindən böyük maraqla qarşılanırdı. Belə tədbirlərdən biri də 2001-ci il oktyabrın 13-də dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirə gecəsi oldu. Mərasimdə nitq söyləyən Ulu Öndər görkəmli müğənni haqqında xatirələrini bölüşməklə yanaşı, Rəşid Behbudov sənətinin əsas xüsusiyyətlərini bu sahənin bilicisi kimi dərindən şərh etdi.

Sitat: Rəşid Behbudov bizim qədim xalq mahnılarını elə müasirləşdirirdi, elə gözəl ifa edirdi ki, adam heyran qalırdı - bu, qədim xalq mahnısıdır, ya müasir estrada mahnısıdır. O, heç vaxt öz milli köklərindən ayrılmamışdır. Onun o dövrdə ifa etdiyi mahnıların hamısı milli xarakter daşımışdır. Azərbaycanın milli folklorundan, xalq dilindən gələn sözləri mahnılarında o qədər şirin, o qədər məharətlə ifa edirdi ki, adamı ikiqat, üçqat sevindirirdi, mənəvi zövq verirdi...

Bir sənətkar kimi Rəşid Behbudovun xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, gözəl səsi ilə yanaşı, mahnının sözlərini də gözəl tələffüz etmək qabiliyyəti var idi. Bəzən mahnını oxuyurlar, sözlər bir-birinə toqquşur, qavramaq mümkün olmur. Amma Rəşid Behbudov, ümumiyyətlə, bütün mahnıları ifa edərkən, sözləri o qədər aydın, səlis, o qədər düzgün tələffüz edirdi ki, bu, onun sənətini daha da yüksəldirdi.

Qeyd etdiyimiz kimi, 2001-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 10-cu ildönümü münasibətilə rəsmi qəbul keçirildi. Heydər Əliyev tədbirdəki dərin məzmunlu çıxışında xalqımızın müstəqilliyik tarixindən, müstəqil Azərbaycanın on ildə keçdiyi çətin və mürəkkəb, eyni zamanda, şərəfli yoldan danışdı, demokratik dövlət quruculuğunun möhkəm təməllərinin qoyulduğunu qeyd edərək, qarşıda duran işlərlə bağlı fikir və düşüncələrini bölüşdü.

X X X

Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbuldakı nitqindən

• Tarixin səhifələri bütün dünyaya göstərir ki, Azərbaycan xalqı hələ 1918-ci ildə öz müstəqilliyini bəyan edərək öz dövlətini qurmuş, müstəqil yaşamağa başlamışdı. Ancaq sonra bu itirildi. 1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə əlaqədar olaraq, Sovetlər İttifaqına mənsub olan 15 müttəfiq respublikanın hamısı öz dövlət müstəqilliyini bəyan etdi və müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

• Biz 1991-ci il oktyabrın 18-də ölkəmizin müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etməklə, bütün dünyaya bəyan etdik ki, Azərbaycan müstəqil dövlətdir. Biz on ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Bu illər ərzində çətin və olduqca şanlı, şərəfli yol keçmişik.

• Xalqımız azad yaşayır, öz taleyinin sahibidir və Azərbaycan xalqının dünya xalqları içərisində imzası var. Azərbaycan artıq on il müstəqil dövlət kimi yaşayaraq imtahanlardan keçibdir.

• Mən tam əminəm ki, biz on il böyük yol keçərək, ağır yol keçərək müstəqilliyimizi qoruyub saxlaya bildiksə, onu möhkəmləndirə bildiksə, Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət yarada bildiksə, bu dövlətin bütün təsisatlarını yarada bildiksə, demək, Azərbaycanın gələcəyi üçün çox əsaslı, çox möhkəm bir təməl qoymuşuq. Biz öz üzərimizə düşən missiyanın birinci, ən çətin hissəsini yerinə yetirmişik.

• Ancaq hələ xalqımız qarşısında borcumuz da var. Borcumuz odur ki, Azərbaycan müstəqil bir dövlət kimi daha da inkişaf etsin, daha da qüdrətlənsin, Azərbaycanın müstəqilliyi hər bir vətəndaş üçün xoşbəxtlik gətirsin.

Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan hazırda öz müstəqilliyinin 32-ci ilini yaşayır. Ulu Öndərin xidmətləri nəticəsində müstəqilliyimiz əbədi və dönməz xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil dövlət kimi ildən-ilə daha da inkişaf edir və qüdrətlənir. Təxminən üç il əvvəl Vətən müharibəsində qazanılmış tarixi zəfər də xalqımızın Ümummilli Liderinin illər öncə müəyyənləşdirdyi siyasi kursun uğurla davam etdirilməsi sayəsində mümkün oldu. Bugünkü qüdrətli Azərbaycanın simasında məhz Heydər Əliyev ideyalarının əbədiyaşarlığını görürük.