Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin noyabrı.....

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla AZƏRTAC təqdim edir.

<Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin noyabrı.....

X X X

4 noyabr. Azərbaycan Prezidenti Heydər Əliyev ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərini qəbul etdi.

8 noyabr. ABŞ Dövlət Departamentinin Orta Asiya, Cənubi Qafqaz, Türkiyə və Yunanıstan üzrə nümayəndəsi Lin Pasko ilə görüşdü.

9 noyabr. Dünya Azərbaycanlılarının I Qurultayında nitq söylədi.

10 noyabr. Dünya Azərbaycanlılarının I Qurultayının iştirakçıları şərəfinə təşkil olunmuş rəsmi qəbulda çıxış etdi.

11 noyabr. Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviközün etimadnaməsinin qəbul etdi.

13 noyabr. NATO-nun Cənub-Şərqi Avropadakı Birləşmiş Qüvvələrinin komandanı, ordu generalı Oktar Atamanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

21 noyabr. Yeni Azərbaycan Partiyasının II Qurultayında nitq söylədi.

24 noyabr. Belçika Krallığı Parlamentinin Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun bir qrup nümayəndəsini qəbul etdi.

27 noyabr. Türkiyə Sənayeçilər və İş Adamları Vəqfi tərəfindən “İlin Dövlət Adamı” seçildi.

28 noyabr. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştudmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

29 noyabr - 1 dekabr. MDB dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün Moskvada səfərdə oldu. “Xəzər dənizinin dibinin bölüşdürülməsi haqqında Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında sazişi” imzaladı.

X X X

2001-ci il noyabrın 4-də ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanda səfərdə oldu. Həmsədrləri qəbul edən Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş Minsk qrupunun fəaliyyətsizliyinə kəskin etirazını bildirərək vurğuladı ki, aradan uzun müddət keçməsinə baxmayaraq, məsələ həll olunmamış qalır.

Sitat: Mən dünən fikirləşdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin artıq 13 yaşı var. ATƏT-in Minsk qrupunun 9 yaşı var. Amma görün, neçə illər keçibdir, məsələ həll olunmayıbdır. Əgər bir az da ləngisək, ATƏT-in Minsk qrupu artıq böyük oğlan olacaq, gərək onu evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək. Ona görə də biz düşünməliyik ki, bu yaşlar nə qədər artacaqdır...

Əgər iki Cənubi Qafqaz Respublikası arasında 13 ildir münaqişə gedirsə və ATƏT kimi böyük hörmətə layiq beynəlxalq təşkilat Minsk qrupu yaradıbsa və 9 ildir bu qrup bir şeyə nail ola bilmirsə və biz də, yəni münaqişə tərəfləri də bu barədə bir razılığa gələ bilmiriksə, onda təbiidir ki, bu, çox narahatedici bir haldır”.

Qeyd edək ki, istər Minsk qrupunun, istərsə də digər beynəlxalq təşkilatların fəaliyyətsizliyinin və münaqişəyə ikili standartlar prizmasından yanaşmasının nəticəsi olaraq torpaqlarımız təxminən 30 il işğal altında qaldı. Getdikcə daha aydın görünürdü ki, güc amili beynəlxalq hüquqdan önə keçib. Belə bir vəziyyətdə münaqişənin danışıqlar yolu ilə həllinə olan bütün ümidlər tükənmişdi və xalqımızın səbir kasası dolub daşmaqda idi. Odur ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsinə qalxdı və torpaqlarımızı işğaldan hərbi siyasi-yolla azad etməyə nail oldu.

Əgər Ulu Öndər 22 il bundan əvvəl Minsk qrupunun fəaliyyətsizliyindən narahatlığını dilə gətirirdisə, qalib Azərbaycanın Prezidenti İlham Əliyev bununla bağlı daha kəskin və qəti mövqe ortaya qoydu. Dövlətimizin başçısı bu il fevralın 18-də Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı vurğuladı ki, Minsk qrupu artıq “pensiyaya çıxıb” və faktiki olaraq mövcud deyil.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə sağlam ictimai-siyasi mühitin formalaşmasında, xalqın müxtəlif təbəqələrinin bir araya gəlməsində Yeni Azərbaycan Partiyasının (YAP) mühüm rolu olub. Partiyanın 2001-ci il noyabrın 21-də keçirilmiş II qurultayında nitq söyləyən Ulu Öndər YAP-ın səkkizillik fəaliyyəti dövründə Azərbaycanın çətin sınaqlardan keçdiyini, dövlətin və partiyanın mübarizələrdə bərkidiyini, bunun nəticəsi olaraq dövlət müstəqilliyinin sarsılmaz, dönməz və əbədi xarakter aldığını vurğulayaraq dedi: “Biz ötən səkkiz ildə Azərbaycanda böyük sınaqlardan, - bilirsiniz, 1993-cü, 1994-cü, 1995-ci illərdə dövlət çevrilişinə cəhd, ondan sonra mənə qarşı terror, raketlə təyyarənin vurulması, körpünün partladılması cəhdləri, başqa şeylər keçdik və dövlətimiz möhkəmləndi. Bizim dövlətimiz, həm iqtidar, həm də partiyamız məhz bu cür şər, cinayətkar qüvvələrlə, xalqımıza qarşı xəyanətkar olan qüvvələrlə mübarizədə möhkəmləndi. Ancaq bizim əsas məqsədimiz ondan ibarət olubdur ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirək və inkişaf etdirək. Biz bunu etmişik və artıq Azərbaycanda dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir”.

Xronologiyadan göründüyü kimi, 2001-ci ilin noyabr ayının ən mühüm hadisəsi Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi oldu. Tədbirdə nitq söyləyən Ümummilli Lider Heydər Əliyev bu qurultayı müstəqil Azərbaycanın həyatında, bütün dünya azərbaycanlılarının həyatında tarixi hadisə kimi səciyyələndirdi. Ulu Öndər dərin məzmunlu nitqində dünya azərbaycanlılarının bir-biri ilə əlaqə qurmasında dövlət qurumlarının qarşısında duran vəzifələri diqqətə çatdırdı. Eyni zamanda vurğuladı ki, xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan ilə daha da sıx əlaqə qurması dünyadakı bütün azərbaycanlıların birlik və həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir. Bu, həm Azərbaycan üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir.

Ulu Öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqindən

• Dünya Azərbaycanlılarının I Qurultayı müstəqil Azərbaycanın həyatında, bütün dünya azərbaycanlılarının həyatında tarixi hadisədir.

• Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz mənliyini itirməmiş, öz milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş, dünya sivilizasiyasını zənginləşdirmişdir. Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi məhrumiyyətlərə düçar olmuşlar. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir.

• Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin.

• Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək, indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir.

• Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir - ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımız, xalqımıza mənsub olan adət-ənənələrdir.

• Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik.

Qeyd edək ki, Ulu Öndərin bu istiqamətdə müəyyənləşdirdiyi dövlət siyasətinin məntiqi nəticəsi Dünya Azərbaycanlılarının V Qurultayının 2023-cü il aprelin 22-də Şuşada keçirilməsi oldu. Həmin tarixi qurultayda Prezident İlham Əliyevin söylədiyi bu fikirləri xatırlamaq yerinə düşər: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir”.