Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin fevralı.....

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla AZƏRTAC təqdim edir.

<Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin fevralı.....

X X X

2 fevral. Prezident Heydər Əliyev Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən görüşdə nitq söylədi.

6 fevral. Böyük Britaniyanın “Kaspian” jurnalının baş redaktoru Ceyms Millerə müsahibə verdi.

12 fevral. Türkiyənin Azərbaycandakı səfiri Qədri Ecvet Tezcan ilə görüşdü.

13 fevral. Gürcüstanın xarici işlər naziri İrakli Menaqarişvilini qəbul etdi.

17 fevral. İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əbdülrəhim Qəvahini qəbul etdi.

20 fevral. MDB-nin üzvü olan dövlətlərin Sərhəd Qoşunları nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdü.

21 fevral. Səudiyyə Ərəbistanının ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdü.

Bakıda TRACECA-nın Daimi Katibliyi ofisinin açılışı mərasimində nitq söylədi.

23-24 fevral. Milli Məclisin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması prosesinə aid məsələnin müzakirəsinə həsr edilmiş iclasında çıxış etdi.

28 fevral. Nehrəm kəndinin bir qrup sakini ilə görüşdü.

X X X

Ulu Öndərin hələ 1997-ci ildə fevralın 2-sini Azərbaycan Gəncləri Günü elan etməsi ölkə həyatında gənclərin roluna verdiyi yüksək qiymətin təzahürü idi. Həmin vaxtdan qeyd olunan bu əlamətdar gün respublika ictimaiyyətinin diqqətini gənclərə yönəldir, onların böyük potensialından istifadə etməyin zəruriliyi barədə mesajlar verirdi. Ümummilli Liderin gənclərlə mütəmadi görüşləri onları yüksək təhsil almağa, səylə çalışmağa, Vətənə və xalqa xidmət etməyə ruhlandırırdı. Belə görüşlərdən biri də 2001-ci il fevralın 2-də - Gənclər Günündə oldu. Tədbirdə çıxış edən Heydər Əliyev gənclərin qarşısında duran vəzifələrdən danışdı, Azərbaycanın müstəqilliyini qoruyub saxlamağın vacibliyini vurğuladı.

Sitat: Hər bir gənc əsaslı təhsil almalıdır. Hər bir gənc müasir həyatın tələblərini mənimsəməlidir. Hər bir gənc müasir həyatda iqtisadiyyat, siyasət sahələrində, sosial sahədə bütün yenilikləri, dünyada gedən prosesləri bilməlidir. Onda Azərbaycan xalqı daha da yüksələcək və on ildən, on beş ildən sonra siz, Azərbaycan gəncləri ölkəni idarə edəndə bu, sizin üçün daha da asan olacaqdır...

Gənclər bilməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük tarixi hadisədir. Ancaq dövlət müstəqilliyini qorumaq, saxlamaq, müstəqil dövləti inkişaf etdirmək ondan da çətin məsələdir və onsuz dövlət müstəqilliyinin əhəmiyyəti ola bilməzdi.

Ulu Öndər, eyni zamanda, gənclərin müasir siyasi proseslərdən, beynəlxalq aləmdə hökm sürən ikili standartlardan məlumatlı olmasını, Azərbaycanın xarici siyasət xəttini dərk etməsini vacib hesab edir, fikirlərini dövrün konkret hadisələri ilə əsaslandırırdı. Gənclər Günündə keçirilən görüşdə Ümummilli Lider Heydər Əliyev bununla bağlı mühüm bir məsələni diqqətə çatdırdı: “Dünyada ədalətsiz qərarlar vardır. Onlardan biri də Fransa Senatının soyqırımı haqqında Türkiyəyə qarşı qəbul etdiyi bu qərardır. Mən Azərbaycan dövləti adından bir daha buna öz etirazımı bildirirəm, bu qərarı pisləyirəm və hesab edirəm ki, bu, Türkiyəyə qarşı, təkcə Türkiyəyə yox, Azərbaycana qarşı da olan ədalətsiz hərəkətdir. Türkiyə hökuməti bu barədə müəyyən tədbirlər görür. İqtisadi əlaqələrin dayandırılması üçün müəyyən tədbirlər görür, sanksiyalar tətbiq edib və edəcəkdir. Biz bu məsələdə Türkiyə ilə daim bir yerdəyik”.

Prezident Heydər Əliyevin birmənalı mövqeyi o zaman Türkiyənin Azərbaycandakı səfiri Qədri Ecvet Tezcan tərəfindən yüksək qiymətləndirilmişdi. Fevralın 12-də Heydər Əliyevlə görüşən səfir Türkiyə Prezidenti Əhməd Necdət Sezərin, Türkiyə hökumətinin adından minnətdarlıq edərək demişdi: “Son dəfə Parisdə olarkən, orada Jak Şirakla görüşərkən bu məsələni tam kəskinliyi ilə qaldırdığınızı bilirik. Təbiidir ki, təkcə bu deyildir. Bu barədə Azərbaycan Respublikasının Milli Məclisi qərar qəbul edib, Xarici İşlər Nazirliyi, siyasi partiyalar münasibətlərini bildiriblər. Azərbaycanın şəhərlərindən, kəndlərindən, qəsəbələrindən səfirliyimizə hər gün müxtəlif məktublar, Azərbaycan xalqının həmişə türk xalqının yanında olduğunu bildirən bəyanatlar gəlir. Bununla əlaqədar mən Sizə – Azərbaycanın dövlət başçısına təşəkkürümü bildirirəm”.

2001-ci ilin fevral ayında ölkəmizin həyatında baş verən mühüm hadisələrdən biri Bakıda TRACECA-nın Daimi Katibliyi ofisinin açılışı oldu. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hələ 1998-ci il sentyabrın 7-8-də Bakıda 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmişdi. Bu konfrans ölkəmizin TRACECA proqramına verdiyi xüsusi önəmin və diqqətin təzahürü idi. Həmin konfransın yekununda Avropa İttifaqının TRACECA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmışdı.

TRACECA-nın Daimi Katibliyi ofisinin açılış mərasimində nitq söyləyən Prezident Heydər Əliyev ötən dövrdə bu istiqamətdə görülən işləri, həyata keçirilən tədbirləri xatırladaraq dedi: “İndiyə qədər Avropa İttifaqı tərəfindən TRACECA proqramının həyata keçirilməsi ilə əlaqədar tədbirləri biz yüksək qiymətləndiririk. Ancaq eyni zamanda bu, bizim tərəfimizdən böyük işin başlanğıcı kimi qəbul olunur. Məhz bu işi daha da gücləndirmək məqsədilə 1998-ci ilin sentyabr ayında Avropa İttifaqının və TRACECA proqramında iştirak edən dövlətlərin təşəbbüsü ilə, bizim təşəbbüsümüzlə Bakıda bu proqramın həyata keçirilməsinə, böyük İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirildi və bunun nəticəsində sənəd imzalandı. Konfrans TRACECA proqramının katibliyini yaratdı və onun Azərbaycanda yerləşməsi haqqında qərar qəbul etdi. Biz bunu böyük məmnuniyyət və minnətdarlıq hissi ilə qarşıladıq və Bakının ən qədim binalarından birinin bu katibliyin sərəncamına verilməsi haqqında qərar qəbul etdik”.

Ulu Öndər çıxışında, həmçinin vurğuladı ki, böyük İpək Yolunun bərpa edilməsi bu gün üçün də, XXI əsr üçün də ən böyük proqramlardan biridir. Bu proqramın hərtərəfli inkişafını nə qədər təmin edə bilsək, Cənubi Qafqaz, Orta Asiya, Mərkəzi Asiya ölkələrinin Avropa ilə inteqrasiyası o qədər də sürətli olacaq.

2019-cu ilin dekabrında Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin 20 illik fəaliyyəti münasibətilə keçirilən yubiley konfransı Heydər Əliyevin böyük uzaqgörənliklə qəbul etdiyi qərarların həyatiliyini bir daha təsdiqlədi.

Bu məqamda Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktubdan bir hissəni sitat gətirmək yerinə düşər: “Fəaliyyət göstərdiyi 20 il ərzində TRACECA Proqramı üzv ölkələr arasında multimodal daşımaların təşviqi, tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə həmin ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr vermişdir.

Azərbaycan Respublikası Avropa-Qafqaz-Asiya regionunda nəqliyyat dəhlizlərinin və əlaqəli infrastrukturun inkişaf etdirilməsinin vacibliyini tanıyaraq, bir sıra layihələrin həyata keçirilməsi üçün sərmayələr yatırır, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edir. Bununla bağlı xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan region üçün vacib layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi vacib beynəlxalq layihələrin əsas həmicraçısı, beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların, o cümlədən multimodal infrastrukturun təşviqinə dəstək verən Şərq-Qərb və Cənub-Qərb avtomobil yolları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər yerli layihələrin icraçısıdır”.

Xatırladaq ki, 2022-ci ildə TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51 milyon 420,6 min ton, yük dövriyyəsi isə 12 milyard 648,9 milyon ton/kilometr olub.