Ulu Öndərin hər kəlməsində Azərbaycanın gələcəyinə köklənmiş böyük ideyaları zaman keçdikcə daha aydın anlaşılır.....

1993-cü ildə xalqın istəyi və təkidi ilə hakimiyyətə qayıdan, millətinin səsinə səs verən Ümummilli Lider Heydər Əliyev ölkə həyatının bütün sahələri kimi xarici siyasətə, beynəlxalq əlaqələr sahəsinə xüsusi əhəmiyyət vermiş, bu istiqamətdə vacib dəyişikliklər həyata keçirmişdir. 1990-cı illərin əvvəllərində - dövlət müstəqilliyimizin ilk illərində ölkə daxilində yaranmış gərginlik Azərbaycanı dünyada və regionda təcrid vəziyyətinə salmışdı. Ölkəni bu vəziyyətdən böyük dövlətçilik təcrübəsinə sahib, dünyanın geosiyasi vəziyyətinə dolğunluqla bələd olan səriştəli dövlət xadimi Heydər Əliyev çıxara bilərdi. O, böyük iradə və dərin zəkası sayəsində ölkə daxilində sabitliyin və vətəndaş həmrəyliyinin əldə olunması ilə yanaşı, Azərbaycanın ətrafında yaranmış gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində yeni strateji siyasət müəyyənləşdirdi. Beləliklə, yeni yaranmış müstəqil dövlət kimi Azərbaycan Respublikasının dünyaya inteqrasiyası prosesinə start verildi.

<Ulu Öndərin hər kəlməsində Azərbaycanın gələcəyinə köklənmiş böyük ideyaları zaman keçdikcə daha aydın anlaşılır.....

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Səbail rayonu Neftçilər prospekti 24 ərazi partiya təşkilatının sədri İmmiyə Zamanova bildirib.

O qeyd edib ki, xarici siyasət istiqamətində ölkənin mənafeyini, maraqlarını qoruyaraq dünya ilə iqtisadi, ticari və mədəni sahələrdə yeni münasibətlər qurmaq, əlaqələri bərpa etmək, Azərbaycanın mövqeyini beynəlxalq müstəvidə möhkəmlətmək bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından olduqca vacib idi. Həmin dövrdə qarşıda duran taleyüklü məsələlərdən ən vacibi davam edən erməni təcavüzünün qarşısını almaq, torpaqlarımızın işğalı ilə bağlı həqiqətləri dünyaya çatdırmaq, bu təcavüzün əsl mahiyyətini, erməni ədalətsizliyini, ölkəmiz haqda beynəlxalq aləmdə yaradılmış mənfi imici aradan qaldırmaq idi. Yalnız Heydər Əliyevin uğurlu diplomatiyası sayəsində beynəlxalq ictimaiyyətin münaqişəyə olan qərəzli münasibəti dəyişdi. Bu istiqamətdə ən vacib məqamlardan biri atəşkəsin əldə olunması oldu. İllər sonra dahi lider çıxışlarının birində deyib: “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, ondan nəticə çıxarmağı bacarasan”. Ulu Öndərin səsləndirdiyi hər bir kəlməsində, ifadə etdiyi hər bir fikrində Azərbaycanın gələcəyinə köklənmiş böyük ideyaları, onların dərin mahiyyəti zaman keçdikcə daha aydın şəkildə anlaşılır. İdarəçilik bacarığı, istedadı və təcrübəsi ona çoxsaylı mürəkkəb vəzifələrin öhdəsindən peşəkarcasına gəlməyə imkan yaradırdı. Məhz həmin dövrdə ölkəmizin mənafeyinin qorunmasına yönəlmiş bir sıra addımlar onun qətiyyət və prinsipiallığı hesabına mümkün olmuşdur.

İmmiyə Zamanova bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın beynəlxalq müstəvidə öz yerini tutması, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı münasibətlərin qurulması olduqca mühüm əhəmiyyət daşıyırdı. Bu əlaqələrin yaradılması və inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. “Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir” - deyən Ulu Öndər yetkin siyasi xadim, son dərəcə müdrik rəhbər idi. Bu gün dünyaya örnək olan Türkiyə-Azərbaycan münasibətlərinin təməlində məhz Heydər Əliyevin fəaliyyəti dayanır. Hələ 10 iyul 1995-ci ildə etdiyi tarixi çıxışlarından birində Ulu Öndər deyib: “Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə Cümhuriyyəti ilə bərabərhüquqlu, qarşılıqlı sürətdə faydalı əlaqələr qurmuşdur və bunlar dostluq, qardaşlıq prinsiplərinə, bizim tarixi köklərimizə əsaslanır. Müstəqillik yolu ilə getdiyi bir dövrdə bu əlaqələr Azərbaycan xalqına çox kömək edir və bizim üçün çox əhəmiyyətlidir”. Xalqlarımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olduğunu, adət və ənənələrimizin bir-birinə bənzərliyini, milli duyğularımızın bir-biri ilə oxşar olduğunu vurğulayan Ulu Öndər bunların hamısının əsrdən əsrə xalqlarımız arasında qardaşlıq, dostluq əlaqələri yaratdığını bildirmişdir. Məhz buna görədir ki, biz tez-tez belə bir gözəl ifadəni işlədirik: “Biz bir millət, iki dövlətik”.

“Ulu Öndər ölkənin iqtisadi və hərbi gücü, ərazi bütövlüyü, əhalinin təhlükəsiz yaşamı, geosiyasi mövqeyi, təbii ehtiyatları və xarici ölkələrlə qurulan diplomatik münasibətlərin səmərəliliyini ən vacib inkişaf istiqamətləri olaraq müəyyən etmişdir”, - deyən İ.Zamanova qeyd edib ki, bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan müstəqil dövlət kimi mürəkkəb regionda lider güc olaraq əsas mərkəzə çevrilmişdir. Prezident İlham Əliyevin nümayiş etdirdiyi misilsiz diplomatik məharət və Şanlı Ordumuzun şücaəti sayəsində Vətənimizin ərazi bütövlüyünün təmin olunması bu gün regiona həm də sabitlik gətirdi. Azərbaycan diplomatiyasının xarici siyasi xəttində əsas meyar regionun sabitliyi və təhlükəsizliyidir. Buna zəmin yaradan isə Heydər Əliyev siyasi kursunu xüsusi bacarıq və dinamik şəkildə inkişaf etdirən ölkə rəhbərimiz İlham Əliyevdir.