Tariximizin şanlı səhifəsi olan Tovuz döyüşlərindən 3 il ötür.....

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsindən üç il ötür. Beş gün davam edən şiddətli döyüşlərdə 12 hərbçimiz və 1 mülki vətəndaşımız - kənd sakini şəhid oldu. Bu döyüşlər müasir tariximizə Tovuz döyüşləri kimi daxil oldu. İyul döyüşlərində əldə edilən uğur bizi Qarabağ zəfərinə apardı...

<Tariximizin şanlı səhifəsi olan Tovuz döyüşlərindən 3 il ötür.....

AZƏRTAC-ın əməkdaşı üç il öncə, iyulun 12-də düşmən təxribatının qarşısının alındığı hərbi hissədə, ön xətdə olub, hərbçilərimizlə görüşüb, Tovuz döyüşlərinin iştirakçıları ilə söhbət edib.

Hərbiçilərimiz həmin günü qürurla xatırlayırlar. “İyulun 12-də günorta saatlarında düşmən atəşkəsi pozaraq təxribata əl atdı. Biz dərhal döyüş tapşırığını yerinə yetirməyə başladıq. Generalımız Polad Həşimovla bir yerdə döyüşməyimiz isə bizdə qürur hissi yaradırdı. Qarşı tərəfə nəyə qadir olduğumuzu göstərdik”, – deyə Tovuz döyüşlərinin iştirakçısı Hikmət Babayev bildirir.

 

General-mayor Polad Həşimovun öz tabeliyindəki əsgər və zabitlərlə birgə döyüşdüyü məkana da baş çəkirik. Qəhrəman generalımız son damla qanına kimi əsgərlərini tək qoymadı və Vətən yolunda şəhadətə ucaldı. Düşmən isə öz niyyətinə çata bilmədi, xeyli itki verərək geri otuzduruldu.

Tovuz döyüşlərinin digər iştirakçısı Faiq Abdıyev deyir ki, həmin gün onun istirahət vaxtı olsa da, həyəcan siqnalı verildikdə, hamı kimi dərhal silaha sarılaraq ön xəttə yollanıb: “Bura gələndə düşmənin böyük diversiya qrupu ilə qarşılaşdıq və onlarla döyüşə girdik. Düşmənin xeyli canlı qüvvəsini məhv etdik. Onlara imkan vermədik ki, hansısa uğur əldə edə bilsinlər. Öz mövqelərimizi qoruyub saxladıq, onları isə geri otuzdurduq. Düzdür, şəhidlərimiz də oldu, amma onların qanını yerdə qoymadıq”.

İyulun 12-dən başlayan aktiv döyüş əməliyyatları iyulun 17 –si axşam saatlarınadək davam edib. Bu müddət ərzində ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Beşgünlük döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncamlarla Polad Həşimov və İlqar Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Tovuz döyüşləri zamanı düşmənin dağıtdığı evlər və digər obyektlər dövlətimiz tərəfindən qısa zamanda bərpa edilib, sakinlər yeni evlərinə köçüblər. İndi uşağından böyüyünə hər kəs Tovuz döyüşlərini fəxrlə, qürurla xatırlayır, şəhidləri ehtiramla anır. Axı onların sayəsində, xalq-ordu birliyinin gücü, qüdrəti hesabına dövlət sərhədinin bütövlüyü qorundu.

Lələtəpədən başlanan, Tovuz döyüşləri ilə davam edən Zəfər yolu 44 günlük Vətən müharibəsi ilə taclandırıldı, Qarabağımız işğaldan azad edildi və bu gün Şuşada üçrəngli bayrağımız qürurla dalğalanır.