Bu gün Azərbaycan xalqı, dünya birliyi Prezident İlham Əliyevin 20 il əvvəl verdiyi vədin reallaşdığının şahididir.....

Bu gün inamla, qətiyyətlə demək olar ki, Prezident İlham Əliyev dünyanın görkəmli dövlət xadimi və siyasi liderlərindən biridir. Son 20 ildə Azərbaycanın bütün sahələr üzrə sürətli inkişafı, ölkəmizin dünya birliyinə inteqrasiyası, qüdrətli dövlətlər sırasında yer alması bunu deməyə əsas verir.

<Bu gün Azərbaycan xalqı, dünya birliyi Prezident İlham Əliyevin 20 il əvvəl verdiyi vədin reallaşdığının şahididir.....

Dövlətimizin başçısı haqlı olaraq yeni əsrin yeni Lideri adlandırılır. Hər şeydən əvvəl, xüsusilə qeyd edilməlidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrini cəmi 44 gün ərzində darmadağın edərək diz çökdürdü. Beynəlxalq ekspertlər də çox doğru olaraq vurğulayırlar ki, Azərbaycan Ordusu 44 gün ərzində dünya hərb tarixində sanki möcüzə göstərərək, misli görünməmiş uğurlu hərbi əməliyyat keçirməyə nail oldu. Bu Qələbə Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu. Həm də dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasətin ən yüksək zirvəsidir. Şanlı Zəfərdən sonra Azərbaycan qələbədən-qələbəyə doğru irəliləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, bugünkü uğurlar, Azərbaycanın dünyanın sayılıb-seçilən dövlətlər sırasına qoşulması, beynəlxalq miqyaslı bir sıra iri infrastruktur layihələrin reallaşdırılmasının ölkəmizlə razılaşdırılması və hər şeydən əvvəl ərazi bütövlüyümüzün bərpa edilməsi mənə 20 il əvvəl İlham Əliyevin Prezident kimi andiçmə mərasimində verdiyi vədləri xatırlatdı. Dövlətimizin başçısı həmin vaxt yüksək kürsüdən Ulu Öndər Heydər Əliyevə müraciət edərək deyib: “Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”.

Komitə sədri deyib ki, İlham Əliyev andiçmə mərasimində daha bir vəd də vermişdi: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır... Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Ç.Qənizadə Ulu Öndərin əsəri olan müasir Azərbaycanın dünyanın güclü, qüdrətli dövlətlərindən birinə çevrilməsinin artıq beynəlxalq aləmdə də etiraf olunmasını dövlət başçımızın verdiyi vədə sadiq qalmasının bariz nümunəsi olduğunu diqqətə çatdırıb: “Bu gün Azərbaycan həm iqtisadi, həm də hərbi sahədə dünya birliyində sayılıb-seçilən ölkələrdəndir. Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordularından biri olması da bunu təsdiqləyir. Xatırladım ki, Prezidentimiz 20 il əvvəlki andiçmə mərasimindəki nitqində də demişdir ki, Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasətindən danışan hüquq müdafiəçisi deyib ki, bütün bunlar çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı son dərəcədə artdı. Məhz buna görə də 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.

Dövlətimizin başçısının verdiyi vədlərə sadiq qalaraq güclü, qüdrətli ordu yaratmağa nail olduğunu diqqətə çatdıran Ç.Qənizadə bildirib ki, yenilməz ordumuz 2016-ci ilin Aprel döyüşlərində, 2018-ci il Naxçıvanın Günnüt əməliyyatında, 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində və həmin ilin sentyabrında Ermənistan tərəfindən başlanan və cəmi 44 davam edən Vətən müharibəsində əsl qəhrəmanlıq göstərərək dünyanın 50 ən güclülərindən olduğunu təsdiqlədi: “Əsrə bərabər 20 ilin zirvəsində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratdı.

Ç.Qənizadə Vətən müharibəsində qazanılmış Qələbədən xüsusi söhbət açıb. Deyib ki, Prezident İlham Əliyev ölkəyə rəhbərliyinin 17-ci ilində elə bir tarix yazdı ki, bunu nə xalqımız, nə də düşmənlərimiz unuda bilməz. Təbii ki, xalqımız Ermənistan üzərində qazandığımız tarixi Qələbəni, düşmənlərimiz isə acınacaqlı məğlubiyyəti heç vaxt unutmayacaq. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən 20 ilə nəzər salsaq, görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. İqtisadi və sosial sahədə qazanılmış bir neçə göstəricini diqqətə çatdırmaq kifayətdir. Ötən 20 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, yoxsulluq 49 faizdən təxminən 5 faizə enib, 2 milyondan çox yeni iş yerləri yaradılıb, əməkhaqları, pensiyalar, sosial müavinətlər dəfələrlə artırılıb. Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peykləri orbitdə uğurla fəaliyyət göstərir. Ümumiyyətlə, bu müddətdə Azərbaycan müstəqillik və suverenlik yolunda böyük məsafə qət edib. Mürəkkəb geosiyasi məkanda yerləşən dövlət üçün iyirmi il daim uğurlar ili olub. Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox layihələrin, inqilabi islahatların müəllifidir.

Hüquq müdafiəçisi Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində verdiyi daha bir vədi xatırladıb. Möhtərəm Prezidentimiz demişdi ki, Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Budur, 20 il sonra xalqımız, eləcə də dünya birliyi bu vədin reallaşdığının canlı şahididir. İşğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış”ın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın prioritet vəzifələrindən biridir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Böyük Qayıdış”la bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir. Proqramın əsas hədəfi ilk beşillikdə 34 min 500 ailəni azad edilmiş ərazilərə köçürməkdir. Bu istiqamətdə sistemli tədbirlər həyata keçirilməkdədir.

“Hazırda keçmiş məcburi köçkünlər böyük həvəslə dədə-baba torpaqlarına qayıdır. Xalq yekdilliklə seçdiyi, ətrafında sıx birləşdiyi Prezidentinə inanır və güvənir. Çünki Prezident verdiyi hər bir vədi yerinə yetir, Azərbaycanın dünya birliyində əlaqələrinin daha da möhkəmləndirilməsi, əhalinin sosial rifahının gündən-günə yaxşılaşdırılması və Vətənin təhlükəsizliyinin təmin olunması istiqamətində bütün imkanlardan səmərəli istifadə edir” - deyə Ç.Qənizadə bildirib.