Vətən müharibəsində qazandığımız Zəfər soydaşlarımıza doğma yurda dönmək imkanını yaratdı.....

Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olan 2020-ci il 27 sentyabr tarixindən bir il ötür. Həmin gün Rəşadətli Ordumuz torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistanın növbəti təxribatına cavab olaraq əks-hücuma keçdi və 44 günlük Zəfər salnaməsini yazmağa başladı.

<Vətən müharibəsində qazandığımız Zəfər soydaşlarımıza doğma yurda dönmək imkanını yaratdı.....

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarov vurğulayıb. Alim deyib: “1988-1994-cü illərdə Ermənistanın torpaqlarımızı işğal etməsi, xalqımıza qarşı törədilən terror, soyqırımı heç vaxt unudulmayacaq. Yüz minlərlə soydaşımızın həlak olması, yaralanması, itkin düşməsi, doğma yurdlarından didərgin salınması Ermənistanın törətdiyi hadisələrin ağır nəticələri idi. Xalqımız dünyada hökm sürən ikili standartların, riyakarlığın şahidi oldu, lakin ümidini itirmədi. İşğal ağrısı, Vətən həsrəti nə qədər ağır olsa da qisas, haqq-ədalət hissi bir o qədər güclü idi. Biz heç vaxt, heç bir təzyiqə baxmayaraq, işğalla barışmayacağımızı, topraqlarımızın istənilən yolla azad edəcəyimizi ən yüksək kürsülərdən bəyan edirdik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı, dövlətimizin bütün gücünü və imkanlarını səfərbər etməsi xalqımızda qəti əminlik yaradırdı ki, tezliklə işğala son qoyulacaq və ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.

Sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk saatlarında ordumuzun uğurlu əks-həmləsi və erməni işğalı altında olan yaşayış məntəqələrinin azad olunması, sonrakı günlərdə gələn qələbə xəbərləri xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Bütün bu qələbələr, təbii ki, canlarını Vətən yolunda fəda edən qəhrəman zabit və əsgərlərimizin misilsiz şücaəti, qanları bahasına qazanılırdı. 44 gün ərzində ordumuz illərdir həsrətində olduğumuz işğal altında olan torpaqlarımızı azad edərək, Vətəni bütövləşdirdi, bizə Qələbə sevincini yaşatdı.

2020-ci il sentyabrın 27-də başlanan müharibə, həmçinin xalqımızın ordumuza olan dəstəyini, sevgisini nümayiş etdirdi. Vətən müharibəsi ölkəmizdə xalq-dövlət, xalq-ordu birliyinin gücünü və sarsılmazlığını göstərdi.

Vətən müharibəsində qazandığımız Zəfər təkcə ərazi bütövlüyümüzü, tarixi ədaləti bərpa etmədi, bu Zəfər vətən həsrəti ilə yaşayan soydaşlarımızın qəlbində yenidən həyat işığı yandırdı, onlara doğma torpaqlara dönmək imkanını yaratdı.

Mənfur ermənilər şəhər və kəndlərimizi dağıdıblar. Dünyanın haqq-ədalət tərəfdarı olan xalqları indi onların bədnam əməllərini görür.

Düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə bu gün aparılan irimiqyaslı bərpa-quruculuq işləri göstərir ki, tezliklə onlar dirçəldiləcək, gözəl və abad olacaq.

Vətən müharibəsində xalqımızın mərd övladları böyük qəhrəmanlıq göstərdilər, döyüşlər zamanı şəhidlərimiz, yaralananlarımız oldu. Onların ömür yolu nəsillərə həmişə nümunə olacaq.

Xalqımız Vətən yolunda canlarından keçən şəhidlərin əziz xatirəsini daim uca tutacaq: Şəhidlər ölməzlərdir”.