Panik atakın səbəbləri və onunla mübarizə.....

Son dövrlərdə insanlar arasında panik atak adlanan psixoloji pozuntu halı geniş yayılıb. Panik atak birdən-birə baş verən və zaman-zaman təkrarlanan və insanı dəhşətə salan güclü narahatlıq və ya qorxu hissidir. Bəzi insanlar özlərinə həmin diaqnozu qoyur və sakitləşmək üçün fərqli üsullardan istifadə edirlər.

<Panik atakın səbəbləri və onunla mübarizə.....

Sosial şəbəkələrdə və insanlar öz aralarında söhbət edərkən tez-tez “panikaya düşdüm”, “stress keçirdim” kimi ifadələr işlədirlər. Lakin bu, emosional yanaşmadır. Hər hansı narahatlığın panik atak olduğunu iddia etmək düzgün sayılmır. Bu, asan diaqnoz deyil və təyinatı rahat şəkildə verilmir.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Yeganə Cəfərova deyib: “Panik atak zamanı həyəcan hissi ilə bərabər digər əlamətlərlə də özünü büruzə verə bilir. Bunlara misal olaraq ürək çırpıntısı, boğulma hissi, döş qəfəsi nahiyəsində ağrılar, tərləmə və titrətməni göstərmək olar. Hətta bəzi xəstələrə ölüm qorxusu, dəli olmaq qorxusu gəlir və onlar vahimələnməyə başlayırlar”.

Panik atak beş-on dəqiqə müddətində baş verir, bəzən də ağır şəkildə 2 saata qədər çəkə bilər. Hər on nəfərdən biri ömründə ən azı bir dəfə həmin vəziyyətlə üzləşir. Panik pozuntu zamanı xəstələr əsasən bu halın təkrarlanacağından qorxurlar.

Psixoloq Tahibə Quliyeva deyib: “Panik atak psixonevroloji problemdir və qəflətən baş verir. Lakin onun kökündə travmalar, uşaqlıqdan yaşanan bütün qorxular, stress və travmalar dayandığından panik atak halı yaşanmağa başlayır. Panik atak zamanı xəstə özünü düşüncə olaraq dəyişsə və ona köklənməsə, həmin hal keçməyə başlayacaq”.

Panik atak ciddi psixoloji pozuntudur və onun müalicəsinə xüsusi diqqət yetirilməlidir. Onu müalicə edilmədiyi təqdirdə intihar həddinə çatdıra bilər. Əgər panik ataklar təkrarlanarsa, mütləq həkimə müraciət olunmalıdır.