“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) həyətində Novruzun sonuncu çərşənbəsi - İlaxır çərşənbə münasibətilə bayram şənliyi təşkil edilib.

<“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, böyük coşqu ilə keçirilən bayram şənliyi Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşəbbüsü ilə gerçəkləşib.

Rektor Gülçöhrə Məmmədova çıxış edərək universitetin professor-müəllim heyətini, əməkdaşlarını və tələbələrini bayram münasibətilə təbrik edib. Rektor qeyd edib ki, 30 ildən çox həsrət qaldığımız və öz azadlığına qovuşan Xankəndidə ölkə başçısı tərəfindən alovlandırılan tonqal Novruzu bütün mahiyyəti ilə xalqımıza yaşatdı: “Xalqımızın illərdən bəri qoruyub saxladığı bu adət-ənənə indi qürurla qeyd edilir. Bizim gücümüzü, qüvvətimizi bütün dünyaya sübut edir. Arzu edirəm ki, xalqımızın qədim bayramlarından sayılan Novruz hər bir Azərbaycan vətəndaşına uğur, xoşbəxtlik, bol ruzi gətirsin”.

Sonra AzMİU-nun həyətində qurulan böyük bayram tonqalı alovlandırılıb. Tonqal ətrafına toplaşan universitet rəhbərliyi, müəllimlər, əməkdaşlar və tələbələr İlaxır çərşənbə münasibətilə bir-birlərini təbrik edib, xalqımıza, dövlətimizə əmin-amanlıq, sülh arzulayıblar.

AzMİU kollektivi yumurta döyüşdürüb, tonqal ətrafında rəqs ediblər.

Tələbələr “Novruz gəlir, yaz gəlir”, “Xonçalara şam düzün”, “Şən Azərbaycan”, “Zirvələrdə uçan qartal” mahnılarını ifa ediblər.